Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11780/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3816/21 saylı, 16 iyul 2021-ci il tarixli (əmlak üzərinə müvəqqəti təminat tədbiri qaydasında həbs qoyulması barədə) və 12 avqust 2021-ci il tarixli (müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin rədd olunması barədə) qərardadlarından İddiaçı MMC tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “torpaqdan, xidməti, istehsal və köməkçi binalardan çıxarma, maddi ziyanın və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı MMC-nin direktoru X2 “iddianın təmin edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılması başa çatanadək iddiaçının direktoruna işçiləri ilə birlikdə Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsindən, ofis və istehsal binalarından, sexlərindən, yardımçı tikililərindən, ofis və istehsal binalarından, sexlərdən və avadanlıqlardan istifadə etməsinə və məhsul istehsalı fəaliyyətini bərpa etməsinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilməsi, iddianın təmini tədbiri olaraq işə baxılması başa çatanadək cavabdehlərə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları- Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsindən, ofis və istehsal binalarından, sexlərindən, yardımçı tikililərindən, ofis və istehsal binalarından, sexlərdən və avadanlıqlardan istifadə etməsinin cavabdehlərə qadağan edilməsi, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında olan bütün əmlakların, o cümlədən maşın və mexanizmlərin, istehsal vasitələrinin, mal-materialların, hazır məhsulların üzərinə həbs qoyulması və iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud" qəsəbəsinin yanında, Zeytun Bağları- Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında cavabdehlərin fəaliyyəti dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-cü il tarixli 2(010)-3816/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin direktoru X1 “iddianın təmin edilməsinə dair” ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında olan bütün əmlakların, o cümlədən maşın və mexanizmlərin, istehsal vasitələrinin, mal-materialların, hazır məhsulların üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 şikayət verərək həmin qərardadın ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd olunmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-cü il tarixli qərardadı ləğv olunmuş, cəmi 36149,30 (otuz altı min bir yüz qırx doqquz manat otuz qəpik) manat qiymətində əmlak və mal-materialların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının cavabdehlərdən vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə pul tələbi olmasına baxmayaraq iddianı təmin tədbiri kimi cavabdehlərə məxsus 61 adda əmlaklar və mal-materialların üzərinə qoyulmuş həbsi də qanunsuz və əsassız olaraq ləğv etmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmçinin 09.08.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, cavabdehin özbaşına tutduqları iddiaçıya məxsus torpaqda, sexlərdə və istehsal binalarında, digər tikililərdə yenidənqurma məqsədilə tikintiquraşdırma işləri aparması mülki işə başa çatanadək cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə yenidənqurma məqsədilə tikintiquraşdırma işləri aparmasının mülki iş başa çatanadək cavabdehlərə qadağan edilməsi barədə ərizə rədd edilmişdir. İddiaçı sözügedən qərardaddan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə hər iki qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından müəyyən edilir ki, İddiaçı MMC və Cavabdeh2 MMC hüquqi şəxslərdir. Digər Cavabdeh1 isə Cavabdeh2 MMC-nin direktorudur. Tərəflər arasında olan münasibət sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsi tərəfindən hazırkı iddia ərizəsi icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh Bakı şəhərində qeydiyyatdan keçmişlər. Göstərilənlərə əsasən hazırkı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bununla da məlum olur ki, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə nəinki müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə, ümumiyyətlə belə bir ərizəyə baxmağa slahiyyəti olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hər iki qərardad səlahiyyəti olmayan məhkəmə tərəfindən qəbul edildiyindən ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən ilk öncə məhkəmə aidiyyəti məsələsi müzakirə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3816/21 saylı, 16 iyul 2021-ci il tarixli (əmlak üzərinə müvəqqəti təminat tədbiri qaydasında həbs qoyulması barədə) və 12 avqust 2021-ci il tarixli (müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin rədd olunması barədə) qərardadları ləğv edilsin. Mülki iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11780/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11780/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver