Məhkəmə qərarları › İş №2(103)-1179/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1179/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1179/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə müştərək ortaqlıqla qazanc əldə etmək üçün yağ-pendir sexi yaratmaları barədə qarşılıqlı razılığa gəldiklərini, Cavabdeh1 sexin tikintisi üçün torpaq sahəsinin olmasını ona bildirdiyini, həmin torpağa dair sənədlərin surətini ona təqdim etdiyini, sexin tikintisinə görə qardaşı Camal Şahbazovdan 2017-ci il may ayının əvvəllərində 40 000 manat, həmin ayın sonlarında yenidən 40 000 manat alaraq tikintiyə xərclədiyini, xx.xx.2017-ci il tarixdə “X5” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 35 000 manata sataraq üstünə 5000 manat da əlavə edib yenə 40 000 manatı tikintiyə sərf etdiyini, Cavabdeh1 onu həvəsləndirməkdən ötrü tikintiyə hissə-hissə cəmi 47 000 manat vəsait qoyduğunu, pul çatışmadığından Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 80 saylı evin 72 saylı mənzilini xx.xx.2017-ci il tarixdə “Bank Milli İran” bankının Bakı filialına girov qoyaraq 26 000 manat kredit götürdüyünü və üstünə 4000 manat əlavə edərək cəmi 30 000 manat pulu da tikintiyə sərf etdiyini, sexə quraşdırılmış avadanlıqların və işçiliyin cəmi 132 000 manat təşkil etdiyini, avadanlıqların quraşdırılması zamanı iş adamı olan qardaşı Fəxri Şahbazovdan xx.xx.2017-ci il tarixdə 20 000 manat alıb sexin tikintisinə xərclədiyini, məcburiyyətdən özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq 10 000 manat pul götürdüyünü, Buzovnadakı 0,10 ha torpaq sahəsini də 45 000 manata sataraq və qardaşı Camal Şahbazovdan 50 000 manat alaraq 105 000 manat əldə etməklə tikintini başa çatdırdığını, xx.xx.2017-ci il tarixdə ağartı məhsullarının istehsalına başladıqlarını, beləliklə yağ-pendir sexinə cəmi 366 968 manat xərc çəkildiyini, bu vəsaitdən 47 700 manatının Cavabdeh1, qalanının (319 268 manatının) özünə məxsus olduğunu, bundan başqa həmin ərazidə “Kamaz” markalı avtomobilin hər ay 3000 manatdan 12 ay işlədiyini, avadanlıq alınmasından ötrü Tanrıverdi Qasım adlı şəxslə Türkiyə Respublikasına gedərkən 4000 manat sərf etdiyini, tikintinin davam etdiyi 12 ay ərzində telefon danışıqlarına təqribən 750 manat ödədiyini, özünə məxsus “X10” markalı avtomobili həmin işlər üçün istifadə etməsinin bir ay üçün 1000 manat hesabından 7 ay üçün 7000 manat, işləri özünün icra etməsinə görə zəhmət haqqının 45 000 manat təşkil etdiyini, beləliklə Cavabdeh1 ona cəmi 419 848 manat borcunun yarandığını, həmin məbləği azı 10 faizlə depozitə qoyacağı təqdirdə bundan 41 948 manat gəlir əldə edə biləcəyini, Cavabdeh1 vəd etdiyi məbləği qoymamasına görə maliyyə çatışmazlığı üzündən istehsalı davam etdirə bilmədiklərini, qarşılıqlı razılığa əsasən sexi satmaq üçün elan verdiklərini, alıcı tapılmadığından sexi birinci x xxxx 2600 manata, 3 aydan sonra 3000 manata, 6 aydan sonra 4000 manata, bir ildən sonra isə 6000 manata icarəyə vermək qərarına gəldiklərini, icarəçi Cavabdeh2 ilə bu şərtlər barədə razılaşdıqlarını, sonuncunun ona məxsus ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqları və pendir qəliblərini aldığını, lakin bugünədək onların dəyərini ödəmədiyini, Cavabdeh1lə aylıq icarə haqqının yalnız ona verilməsinə dair razılığa gəldiklərini, sexin xx xxxx 2018-ci il tarixdən Cavabdeh2 icarəyə verməsinə rəğmən icarə haqqının ona ödənilmədiyini, sexə buraxılmadığını, habelə Cavabdeh2 həmin sexdə ona məxsus qiymət 20 000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satdığını, beləliklə 31 010 manat borcunun yarandığını, Cavabdeh1 isə aldatma yolu ilə 419 848 manat məbləğində külli miqdarda pulunu mənimsədiyini irəli sürmüş, buna görə də Cavabdeh1 461 796 manatın, Cavabdeh2 isə 31 010 manatın, habelə 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 17 000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə onun qardaşları vasitəsilə tanış olmuş, Zahid ondan dəfələrlə borc pul almış və qaytarmış, cəmi 13 500 manat pulu Zahiddə olmuş, bir gün Zahid ona ağartı məhsullarında yaxşı gəlir olduğunu söyləyərək 20-yə yaxın mağaza tanıdığını və istehsal olunan məhsulları problemsiz sata biləcəyinə onu inandırmışdır. Bu söhbətdən bir neçə gün əvvəl Tofiq adlı şəxslə - hansı ki, onun sexinin qonşuluğunda sex işlədir - yoldan keçərkən görüşmüş və bir az söhbət etmişlər. Tofiq “PRADO” markalı maşınını və torpağını satdığını və bir iş qurmaq istədiyini bildirmiş, ona da təklif etmişdir ki, birləşib bir iş qursunlar. Zahidin təklifindən sonra yadına Tofiqin təklifi düşmüş, Zahid ona borclu olduğundan onun pulunun olmadığını bilmiş və bildirmişdir ki, Tofiq ona belə bir təklif etmişdir. Zahid özündə pul olmadığını bildirmiş və söyləmişdir ki, “Tofiq ilə razılaş, başlayaq tikintiyə, sonra isə tikinti əsnasında biz də pul taparıq”. Belə də olmuş, Tofiqlə görüşmüş və razılaşmış, Tofiqlə görüşündən bir həftə sonra razılaşaraq işə başlamışlar. Onun tikintisi və qapalı ərazisi əvvəlcədən olmuş, Tofiqin maliyyə vəsaiti ilə həmin tikilidə müəyyən qədər dəyişikliklər etməklə və bəzi tikililəri söküb materiallarını istifadə etməklə tikintini həyata keçirtmişlər. Tikintini o, Tofiq və Zahid üçü də bir yerdə Tofiqin 44 000 manat vəsaitini xərcləməklə etmiş, sonra Zahid maşınını sataraq ona olan borcun 5000 manatını qaytarmış, qalan pulu isə başqa adamlara da borclu olduğundan sonra ödəcəyinə söz vermiş, o da buna inanmışdır. Daha sonra 2500 manat, sonra da yenə 2500 manat, ümumilikdə borcdan 10 000 manat borcunu ona qaytarmış, qalan 3500 manat pulun əvəzinə isə bir miqdar araq, çaxır vermişdir. Tikinti əsnasında Masazırda olan 3 otaqlı evini satmış və Zahidə 47 700 manat vermişdir ki, tikinti işləri dayanmasın. Daha sonra isə Tofiq özünə məxsus “Mersedes C klass” və “Vaz 2107” markalı maşınları sataraq həmin pulu da sexin tikintisinə xərcləyərək ümumilikdə 54 000 manat pul qoymuşdur. Bütün xərclərin və pulların qeydiyyatını Zahid dəftərə yazmış, həmin dəftər onların üçünün otağında bütün qaimələr ilə bir yerdə olmuş, onlar Zahidə inanmışlar. Zahid həmin qaimələr və dəftərləri də yığışdırıb özündə saxlamışdır ki, itməsin. Sexin bütün avadanlığını isə paslanmayan nerj materiallarını Qasım adlı şəxs “Santral Elektrik”in arxasından almışdır. Sexin soyuducu sisteminin, kotelni və qazanların, vannalar və bunların mantajı, qutaşdırılması, yığılması Qasım tərəfindən həyata keçirilmişdir. Türkiyədən aldıqları kranlar, amerikankalar, dirsəklər və iki ədəd dəzgah Qamaqanizator və Separatoru almağa da Qasımı Zahid ilə bir yerdə Türkiyəyə o, göndərmiş, nəhayət tikinti bitdikdən və avadanlıqlar quraşdırıldıqdan sonra Zahid özündən hesabat apararaq guya 105 000 manat xərclədiyini bildirmişdir. Zahiddən gördüyü işlərin hesabatını təqdim etməsini istəmiş, Zahid isə hərdən bir bəhanə ilə 4 ay hesabat verməyi yubatmışdır. Özü binanın hesabatını aparmağa başlamış, məlum olmuşdur ki, onların verdikləri puldan da 17 000 manatı mənimsəməklə onların xərclərini süni şəkildə şişirdərək guya Zahid 105 000 manat qoymuşdur. Zahidə mərhələ mərhələ sübut etmək üçün əvvəlcə ustalara verilən pulun təkcə süni 2300 manat şişirtdiyini bildirmiş, Zahid bunu qəti sürətdə rədd etmiş və hesablamanın səhv olduğunu bildirmişdir. Zahid özü gəlib hesablama aparacağını bildirmiş və həmin hesablamanı, yəni hörgü, suvaq, kafel, mərmər və lambrin işlərini ölçərək ona təqdim etmişdir. Ölçülərə göz gəzdirdikdə yenə orada da onları aldatmaq istədiyinin şahidi olmuş, Zahidi fırıldaqdan əl çəkməyə və şəffaf hesabat verməyə çağırdıqda Zahid ona votsap vasitəsi ilə şantaj xatrakterli böhtanlar yazılmış ərizələr göndərmiş, onu polisə verməklə hədələmişdir. Hesabatdan qaça bilməyəcəyini və məhkəmə vasitəsi ilə hesablama aparılmasının vacibliyini polislərə də, Zahidə də söyləmiş və onun sexinə gəlib təxribat törətməməsini tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 manatının İddiaçı, 75 manatının isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən – ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, Cavabdeh2 isə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə qarşılıqlı iddia rədd edildiyi halda Cavabdeh1 qətnaməni mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş; İddiaçı isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin yalnız öz iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmamaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Cavabdeh1lə İddiaçı arasında yağ-pendir sexinin tikintisi və ortaq işlədilərək qazanc əldə edilməsi barədə razılaşma olmuş, həmin razılaşma çərçivəsində M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsində süd məhsulları istehsalı sexi inşa edilmiş, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinə cavab olaraq həmin sexin fəaliyyət göstərməsinə etiraz edilmədiyi, istehsal olunan süd məhsullarının gigiyenik sertifikatlaşdırılmasının təmin və işçilərin icbari tibbi müayinədək keçdikdən sonra işə qəbul edilməli olduqları bildirilmiş, İddiaçı tərəfindən istehsal edilən şorun, o cümlədən 30% yağlılıqda duzlu suda yetişdirilən pendirin resepturası Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış, həmçinin İddiaçı 82%-li kərə yağının, şorun və 30% yağlılıqda duzlu suda yetişdirilən pendirin istehsalı üçün xx.xx.2018-ci il tarixdə bir il müddətinə gigyenik sertifikat verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflər (İddiaçı və Cavabdeh1) arasında sözügedən sexin işlədilməsi ilə bağlı narazılıq yaranmış, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində qanunsuz olaraq tikilən və şərik olduğu sexə daxil olmasına Cavabdeh1 tərəfindən icazə verilmədiyi və oradakı işlərdən xəbərsiz olduğu” barədə müraciətləri Binəqədi RPİ-nin 4cü PŞ-də araşdırılmış, mübahisə mülki xarakterli olduğundan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, məhz bundan sonra İddiaçı hazırkı icraatın başlanmasına səbəb olan iddianı irəli sürmüşdür. Yuxarıda qeyd olunduğu kimi İddiaçı, sexin inşasına və oradakı avadanlıqlara 366 968 manat xərc çəkildiyini, bu məbləğin 47 700 manatının Cavabdeh1, qalan hissəsinin özü tərəfindən ödənildiyini və beləliklə də Tahirin ona 319 268 manat ziyan vurduğunu, daha sonra sexin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 tərəfindən mənimsənildiyini, çəkdiyi digər xərclərin əvəzinin ödənilmədiyini, habelə sexin icarəyə verildiyi şəxsin oradakı əmlaklardan bəzilərini satdığını bildirmiş, tələbinin faktiki əsası kimi qeyd olunan hallara istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, həmçinin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz ilkin iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, yağ-pendir sexinə cəmi 366 968 manat xərc çəkildiyini bildirsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə sexin tikinti-quraşdırma və təmir işlərinin təqribən 103 467,0 manat, quraşdırılmış avadanlıqların dəyərinin isə təxminən 62 980,30 manat təşkil etdiyi müəyyən olunmuş, müxtəlif məbləğlərdə borc pullar götürdüyünə, avtomobilini və torpaq sahəsini satmaqla sexin tikintisinə xərclədiyinə, tikintidə “Kamaz” markalı və “X9” avtomobilini isifadə etdiyinə və telofon danışığı xərcləri çəkdiyinə, ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqlarını və pendir qəliblərini icarəçi Cavabdeh2 alaraq onların dəyərini ödəmədiyinə, həmçinin sonuncunun sexdə ona məxsus qiyməti 20 000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satdığına dair isə ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Kollegiya o qənaətlə də razılaşır ki, hətta ilkin iddiaçı, borc almasına və əmlakının alqı-satqına dair sübutlar təqdim etmiş olsaydı belə, bu hal, əldə edilən pul vəsaitlərinin məhz sexə xərclənmiş olduğu nəticəsinə gəlmək üçün yetərli olmayacaqdı. Bu mənada “Bank Milli İran” bankından götürülmüş kredit məbləğinin sexə xərclənmiş olduğu qənaətinə gəlmək də mümkün deyildir; çünkü həmin kredit Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 80 saylı evin 72 saylı mənzili ipoteka ilə yüklü edilməklə götürülmüş, müqavilənin 1.4-cü bəndində isə kreditin təyinatının mənzilin təmiri olduğu göstərilmişdir. İddiaçı təqdim etdiyi əlyazıları, qaimələr, “xxxx” ASC vasitəsilə pul köçürməsinə dair sənədlərə gəldikdə isə qeyd edilməlidir ki, əvvəla əlyazılarının və qaimə sənədlərin əksəriyyəti fotosurətdir – hansı ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir; digər tərəfdən həmin yazılarda və qaimələrdə əks olunan xərclərin məhz sexin tikintisi ilə bağlı olduğu və məhz İddiaçı tərəfindən onun vəsaiti hesabına həyata keçirildiyi sübuta yetirilməmişdir. Belə ki, ilkin iddiaçı sexin avadanlıqlarına görə qalan borcu məhz özünün ödədiyini iddia edərək həmin sənədləri təqdim etmiş, bununla belə birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi və avadanlıqların alınması (quraşdırılması) işini gördüyü mübahisələndirilməyən X3 avadanlıqlara (onların quraşdırılmasına) görə pul vəsaitini Tahirin ödədiyini bildirmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ilkin iddiaçının zərər olaraq qiymətləndirdiyi pul, onun Cavabdeh1lə biznes ortaqlığı qurması məqsədilə inşa edilən sexin yaradılmasına xərclənən vəsaitdir və o, ortaq biznes layihəsinə qoyduğu sərmayəni (əgər həqiqətən də sərmayə qoymuşdursa), inşa edilmiş sex vasitəsilə göstəriləcək (göstərilən) fəaliyyətin bilavasitə özünün adına rəsmiləşdirildiyi də nəzərə alındığında, digər şərikdən geri tələb etməyə haqlı deyildir. Başqa sözlə İddiaçı, ortaq biznes layihəsinə qoyduğunu iddia etdiyi sərmayəni digər şərikdən geri tələb etmək əvəzinə, öz adına rəsmiləşdirilmiş həmin layihədən bəhrələnməsinə yaradılan maneələrin (əgər maneə yaradılırsa) qadağan olunması barədə tələb irəli sürə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təminedilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar