Məhkəmə qərarları › İş №2(103)-1179/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1179/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1179/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)-2631/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması haqqında həmin məhkəmənin 19 oktyabr 2021-ci il tarixli 2(008)-2631/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)- 2631/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqavilələrinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin verilməsi üçün dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(008)- 2631/2021 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2631/2021 saylı iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək 19 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsini və qətnamədən şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(008)- 2631/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(008)-2631/2021 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinin yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi 07 iyun 2021-ci il tarixli poçt reyestri ilə İddiaçı göndərilmiş (i.v.131-132), 30 iyun 2021-ci il tarixdə o, qətnamədən apellyasiya şikayətini poçt xidmətinə vermiş (i.v.138), 05 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur (i.v.134). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı həmin qərardadı 23 avqust 2021-ci il tarixdə alaraq 25 avqust 2021-ci il tarixdə dövlət rüsumu ödəmiş və 26 avqust 2021-ci il tarixdə apellyasiya şikayətini poçt xidmətinə vermişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli qərardadı ilə mülki iş Sabunçu Rayon Məhkəməsinə qaytarılanadək İddiaçı dövlət rüsumu ödəyərək həmin nöqsanı aradan qaldırmışdır. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(008)-2631/2021 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2631/2021 saylı iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(008)- 2631/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2631/2021 saylı iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinin yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar