Məhkəmə qərarları › İş №2(103)-11794/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11794/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11794/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, digər nümayəndəsi Nümayəndə2, cavabdeh - ləğv prosesindəki Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi və ipotekaya qoyulmuş evin ipotekadan azad edilməsi, mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bank) və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Fond) qarşı (Nəsimi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka arasında bağlanmış 03.12.2010-cu il tarixli, 14.12.2010-cü il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilinin ipotekadan azad edilməsi, həmin mənzilin ipotekadan (yüklülükdən) azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, oğlunun xəstəliyi ilə əlaqədar onun müalicə xərclərini ödəmək üçün maddi imkanı kifayət etmədiyindən Cavabdeh1 ASC-dən kredit istəmiş, bankla arasında bağlanmış 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ona 25 faizlə, 12 ay müddətinə ödəməsi şərtilə 5000 manat kredit ayrılmış, həmin kredit müqaviləsinin təminatı olaraq şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 14.12.2010-cu il tarixdə bankla arasında yenidən kredit müqaviləsi imzalanmış və təkrar 5000 manat kredit götürmüş, övladının vəziyyəti daha da ağırlaşdığından sonuncu dəfə bankdan 18.01.2011-ci tarixdə 5000 manat kredit götürmüşdür. Qeyd edilən kredit müqavilələri üzrə borcunu ödəyə bilmədiyindən bank məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 04.04.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, ondan 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla 5000 manat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulu borcunun, 14.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulu borcunun, 18.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4667 manat olmaqla 3404 manat əsas, 1243 manat faiz, 20 manat dəbbə pulu borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsinin ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətində olan 20 kv.m.-dən ibarət olan iki otağına yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin ona qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamə icraya yönəldikdən sonra imkanının çatdığı miqdarda ödənişləri həyata keçirməyə başlamış, sonradan bank ona, Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevlə birlikdə 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8110 manatən və dövlət rüsumunun əvəzi olaraq 40 manatın ödənilməsini, əvəzində isə həmin kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyduğu mənzilini ipotekadan azad edilməsini, evin sənədlərini ona geri qaytarmağı, digər iki müqavilə - 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələri üzrə qalan 3800 manat borcunu hissə-hissə ödəməsini təklif etmişlər. Razılaşdıqdan sonra qeyd edilən məbləği 14.07.2014-cü il tarixdə banka ödəmiş, bundan sonra mənzilin çıxarışı ona geri qaytarılmışdır. Çıxarış ona təqdim edilən zaman 3800 manat kredit borcundan 2000 manat pulu bankın əməkdaşlarına ödəmiş, lakin həmin vaxt bankın əməkdaşları sistemdə problem olduğundan ona ödəniş qəbzi təqdim edə bilməyəcəklərini, lakin narahatçılığı üçün əsas olmadığını, ödənişləri çox ödədiyindən qalan borcunun silindiyini və borcunun bağlandığını, əmlakın ipotekadan azad edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub göndərəcəklərini bildirmişlər. Bundan sonra bank ərizə ilə Nəsimi rayon icra şöbəsinə müraciət edərək, “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmiş, Nəsimi rayon icra şöbəsinin 06.08.2014-cü il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 04.04.2013-cü il tarixli icra sənədinin icrasız olaraq məhkəməyə qaytarılması qərara alınmış, həmin şöbənin 07.08.2014-cü il tarixli məktubu ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmədiyini, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1 və digər nümayəndəsi Nümayəndə2 şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə ona 25 faizlə, 12 ay müddətinə ödəməsi şərtilə 5000 manat kredit ayrılmış, həmin kredit müqaviləsinin təminatı olaraq iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilin 2 otaqlı pay hissəsi ipoteka ilə yüklü edilmiş, 14.12.2010-cu il və 18.01.2011-ci tarixlərdə də bankla iddiaçı arasında kredit müqavilələri bağlanaraq hər bir müqavilə üzrə ona 5000 manat kredit verilmiş, kredit öhdəlikləri yerinə yetirilmədiyindən bank məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.04.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, iddiaçıdan 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8112 manat olmaqla 5000 manat əsas, 2812 manat faiz, 300 manat dəbbə pulu borcunun, 14.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6332 manat olmaqla 3712 manat əsas, 2580 manat faiz, 40 manat dəbbə pulu borcunun, 18.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4667 manat olmaqla 3404 manat əsas, 1243 manat faiz, 20 manat dəbbə pulu borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsinin ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin 20 kv.m.-dən ibarət olan iki otağına yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 8112 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin ona qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 ASC tərəfindən Nəsimi rayon icra şöbəsinə və "xxxx" MMC-yə ünvanlanmış 16.07.2014-cü il tarixli məktubda sözügedən qətnamənin icrası ilə əlaqədar İddiaçı 14.07.2014-cü il tarixdə banka gələrək kredit borcu üzrə qismən - 8100 manat - ödəməklə qalan məbləğin ödənilməsi üçün güzəşt müddəti istədiyi bildirilmiş və buna görə icra sənədinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə qaytarılması xahiş olunmuş, icra məmurunun 06.08.2014-cü il tarixli qərarı əsasında icra sənədi məhkəməyə qaytarılmış, 14.07.2014-cü il tarixindən sonrakı dövrdə İddiaçı banka iki dəfə - 17.07.2014cü il tarixdə 42 manat və 26.02.2015-ci il tarixdə 600 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli məktubundan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 173 saylı evin 16 saylı mənzilinin İddiaçı məxsus hissəsi hazırkı dövrədək Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü vəziyyətdədir. İş materiallarındann həmçinin aydın olur ki, bankla İddiaçı arasında bağlanmış 03.12.2010-cu il tarixli, 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli kredit müqavilələrinə əsasən 19.08.2021-ci il tarixə olan qalıq borc 03.12.2010-cu il tarixli müqavilə üzrə 7997,84 manat, 14.12.2010-cu il tarixli müqavilə üzrə 718,15 manat, 18.01.2011-ci il tarixli müqavilə üzrə 1834,72 manat təşkil edir və 2020-ci ildə icra sənədi yenidən icraya yönəldilməklə ipoteka predmeti açıq hərraca çıxarılmışdır. Göründüyü kimi, iddiaçıdan məhkəmə qətnaməsi əsasında 14.12.2010-cu il tarixli və 18.01.2011-ci il tarixli müqavilərə görə tutulan borc məbləğlərinin, eləcə də ipoteka ilə təmin edilmiş 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə tutulmasına qərar verilmiş 8112 manat borcun tam şəkildə ödənildiyi müəyyən olunmamaqdadır; bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü hal öz təsdiqini tapmamqla onun iddia tələblərinin qanuni əsasının dispozitiv şərtləri mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia tələbinin təmin edilməməsini əsaslı sayır və hesab edir ki, mahiyyətcə düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar