Məhkəmə qərarları › İş №2(103)-1181/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1181/2020

26.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1181/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirkı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-2385/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9660 ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq), habelə qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin keçmiş direktoru Cavabdeh özünün AR Mülki Məcəllənin 49.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini pozmuş və bu pozuntu nəticəsində İddiaçı MMC-yə zərər vurmuşdur. Belə ki, Cavabdeh İddiaçı MMC-nin direktoru olduğu müddət ərzində özünün sonradan təsis etdiyi və direktoru olduğu digər hüquqi şəxslər vasitəsilə İddiaçı MMC ilə rəqabət aparan eyni və oxşar kommersiya fəaliyyəti ilə məşğul olmuş, üçüncü şəxslərə tələb olunan malları və xidmətləri İddiaçı MMC-nin vasitəsi ilə deyil, özünün sonradan təsis etmiş olduğu və direktoru olduğu digər hüquqi şəxslər vasitəsilə təqdim etmişdir. Bunun nəticəsində, İddiaçı MMC adi mülki dövriyyə nəticəsində əldə edə biləcəyi 9660 (doqquz min altı yüz altmış) ABŞ dolları məbləğində gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. İddiaçı MMC Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş hüquqi şəxsdir (VÖEN: **********) və onun üç təsisçisi vardır: “X2 Limited” şirkəti (Kipr Respublikasının hüquqi şəxsi) (50%), “xxxxxxxxxxxxxxxxxxxxx” QSC (Rusiya Federasiyasının hüquqi şəxsi) (30%) və Cavabdeh (20%). İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxx 2006-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh İddiaçı MMC-nin direktoru olduğu müddət ərzində xx.xx.2015-ci il tarixdə “xxxxxx” (VÖEN: **********) adlı hüquqi şəxs yaratmışdır.mCavabdehin təsis etdiyi və direktoru olduğu “xxxxxxx” MMC informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Belə ki, “xxxxxx” MMC ilə “Sanmar ve X4 X5 Ltd Sti” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 100.000 (bir yüz min) ABŞ Dolları məbləğində informasiya texnologiyaları avadanlıqları satmışdır. Bu hal Cavabdeh imzaladığı “xxxxxx” MMC-nin “3-SLE/16” nömrəli xx xxxxxx 2016-cı il tarixli hesab fakturası ilə təsdiqlənir. Adı çəkilən hesab fakturada satılmış avadanlıqların adları, onlann hər birinin dəyəri və avadanlıqların satıcısının və alıcısnın adları göstərilmişdir.“xxxxxx” MMC-nin “3-SLE/16” nömrəli xx xxxxxx 2016-cı il tarixli hesab-fakturası xx xxxxxx 2016-cı il tarixdə alıcı tərəfindən tam şəkildə ödənilmişdir. Bu hal xx xxxxxx 2016-cı il tarixli SVİFT bank elektron ödəniş sənədi ilə təsdiq edilir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2385/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, rəqabət aparmaq üçün şirkətlər eyni fəaliyyət növü ilə məşğul olmalıdır. Həmin zamana qədər İddiaçı MMC bu malların satışı ilə məşğul olmadığından bu haqsız rəqabət sayılmamalıdır. Cavabdehin fəaliyyəti barədə İddiaçı MMC-nin xəbəri var idi. “xxxxxx” MMC-nin heç bir zaman gəliri olmamışdır. Belə ki, “xxxxxx” MMC-nin gəlirinin olub-olmamasının müəyyən edilməsi barədə mühasibatlıq ekspertizası keçirilməlidir. İddiaçı MMC-də cavabdeh təsisçi deyil, payçı olmuşdur, bu da 2013-2014-cü illərə təsdaüf edir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək izahatlarında bildirmişlər ki, cavabdeh 2006-cı ildən 2018-ə qədər İddiaçı MMCnintəsisçilərindən biri olaraq həm də direktoru olmuşdur. Tərəflər arasında anlaşılmazlıqlar oldugundan 2018-ci ilin oktyabrından cavabdeh vəzifəsindən azad edilmişdir. İddiaçının əsas tələbi odur ki, cavabdeh özunün 20%-lik iştirak payını 600 ABŞ dolları məbləğinə satsın. “xxxxxx” MMC cavabdehin adına rəsmiləşsə də, bu fəaliyyət İddiaçı MMC-nin çərçivəsində baş vermişdir. “xxxxxx” MMC Türkiyə Respublikasının şirkətinə müraciət etmişdi. Həmin malların İddiaçı MMC tərəfindən yerli bazarda satılması cavabdeh tərəfindən təmin olunmuşdur. Bununla bağlı İddiaçı MMC tərəfindən hər il audit keçirilməli və Vergilər Nazirliyinə məlumat verilməli idi. Cavabdeh İddiaçı MMC-də 12 ildən çox işləmişdir. İddiaçı MMC olaraq Türkiyə Respublikasında yerləşən şirkətlərlə əlaqə yaradıla bilməzdi. Bu səbədən də “xxxxxx” MMC şirkəti açılmış və əməliyyatlar aparılmışdır. Bununla bağlı cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətininin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə əsasən qətnamə tam və bölünməz olduğundan qətnamə bütünlüklə yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı şirkət xx xxxx 2006-cı il tarixdən hüquqi şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və Cavabdeh xx.xx.2006-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixə kimi MMC-də direktor vəzifəsində işləmişdir. İddiaçının dəlillərinə görə Cavabdeh digər başqa şirkətlər də təsis edərək müxtəlif fəaliyyət növləri ilə məşğul olmuş, həmin şirkətlərin iddiaçı şirkət ilə ad oxşarlıqları olmuş, həmçinin iddiaçı şirkətlə rəqabətdə olan şirkətlər olub, digər şirkətlərə iddiaçı şirkətin müştəri kütləsini cəlb etmişdir. Bununla bağlı iddiaçı ona cavabdeh tərəfindən 9660 ABŞ dolları məbləğində ziyan dəydiyini bildirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən cavabdehin hüquqi şəxsi təmsil edərkən ona qarşı qanunvericilikdə göstərilən hallara yol vermədiyinə və bu halların iddiaçı tərəfindən sübuta yetirilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh tərəfin iddiaçı şirkətdə direktor vəzifəsində çalışarkən iddiaçı şirkət ilə ad oxşarlıqları olmuş, həmçinin iddiaçı şirkətlə rəqabətdə olan şirkətlər təsis etməsinə və digər şirkətlərə iddiaçı şirkətin müştəri kütləsini cəlb etdiyinə, buna görə də iddiaçıya cavabdeh tərəfindən 9660 ABŞ dolları məbləğində ziyan vurulduğuna əsaslanmışdır. Qeyd olunan məbləğdə ziyanın vurulmasını təsdiq edə biləcək sübut kimi iddiaçı tərəf “xxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli “avadanlıqlar və proqram təminatının qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı təqdim etmişdir. Həmin hesabatdan görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektlərinin dəyəri müqayisə yanaşmasından istifadə edilməklə, ümumilikdə 90340 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında göstərmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən “Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr özözlüyündə hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski nəticəsində baş verə bilər. Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini aşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz. Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir. Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa; hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa. Əlverişsiz şərtlərlə bağlanmış müqavilə dedikdə, qiyməti və digər şərtləri eyni şəraitdə bağlanan analoji müqavilələrin qiyməti və (və ya) digər şərtlərindən hüquqi şəxs üçün əhəmiyyətli dərəcədə pisə doğru fərqlənən müqavilələr başa düşülür. Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığı və məntiqsizliyi aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs: - ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə; - qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə; - müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmamasına qiymət verməli, hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş həmin şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığına və (və ya) vicdanlı, məntiqli olmasına dəlalət edən halları araşdırmalıdırlar.” Qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, hüquqi şəxsin adından çıxış edən şəxs, həmin təmsil etdiyi hüquqi şəxsin adından çıxış edərkən və onun mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanlı olmalı, peşəkar qaydada hərəkət etməlidir. Habelə, onun maraqlarını öz maraqlarından üstün tutmalı, qərarların qəbulu zamanı ədalətli olmalıdır. Hazırki işdə isə iddiaçı cavabdehin hüquqi şəxsi təmsil edərkən ona qarşı yuxarıda sadalanan hallara yol verildiyi təsdiq edə biləcək hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının “cavabdehin oxşar müəssisələr təsis edib, iddiaçının müştəri kütləsini həmin müəssisələrə cəlb etməsi və gəlir əldə etməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla həmin dəlillər iş materialları ilə təkzib olunur, belə ki, işdə olan “xxxxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin mənfəəti olmamışdır. Digər tərəfdən, həmin müəssisə mənfəət əldə etmiş olsaydı belə, bu mənfəətin iddiaçı şirkətin müştəri kütləsinin cəlb edilərək əldə olunması faktı yenə də iş materialları ilə təsdiq olunmur. Bundan başqa, həmin mənfəət müəssisənin mənfəəti olsaydı belə, onun hazırda müəssisənin xərcləri çıxılmadan həmin müəssisədən deyil, cavabdeh qismində iştirak etməli olmayan fiziki şəxs Cavabdeh tələb olunması düzgün deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2385/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar