Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1181/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 Maqbet oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(001)-551/2020 saylı qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh1 Maqbet oğluna və Əmirov Əmrulla Eldar oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehlərdən müştərək qaydada 3105,3 manat əsas, 1190,81 manat faiz, 1190,81 manat cərimə borcu, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş N 2(001)-551/20) “AG Bank” Açıq Səhmdar Cəmiyyətinın iddiası qismən təmin edilərək Musayev Namiq Maqbet oğlundan və Əmirov Əmrulla Eldar oğlundan 21 avqust 2014-cü il tarixli 107.LN.2004.210814.00001 saylı kredit müqaviləsi üzrə 357,39 manat əsas, 9,65 manat faiz borcu və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 397,04 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam həcmdə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Musayev Namiq Maqbet oğlu arasında bağlanmış 21 avqust 2014-cü il tarixli, 107.LN.2004.210814.00001 saylı kredit müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən illik 6 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı kimi bankla Cavabdeh2 Eldar oğlu arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi halında məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 götürdüyü krediti müqavilə şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürsə də, öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş 14 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 3105,3 manat əsas, 1190,81 manat faiz, 1190,81 manat cərimə borcu olmaqla, ümumilikdə 5486,92 manat məbləğində borcu yaranmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyinin əsaslı olmaması ilə əsaslandırmış və hesab etmişdir ki, ekspert düzgün nəticəyə gəlmədiyindən əsas, faiz və cərimə borclarının düzgün hesablanması məqsədilə iş üzrə yenidən ekspertiza keçirilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi Ü.Xəlilova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddiaçı mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsi Ü.Xəlilovanın və Cavabdeh1 izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 21.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 6 faiz ödəmək şərtilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən Bank 01.10.2019-cu il tarixdə kredit borcunun ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı maliyyə arayışı təqdim edərək cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə banka 3105,3 manat əsas, 1190,81 manat faiz, 1190,81 manat cərimə borcunun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və 21 fevral 2020-ci il tarixli, 31708 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, müqavilə müddətinin sonuna Musayev Namiq Maqbet oğlunun banka olan əsas borcu 4928,98 manat, faiz borcu 242,58 manat, 01 oktyabr 2019-cu il tarixə əsas borcu 357,39 manat, faiz borcu 9,65 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyini mötəbər sübut kimi qəbul edərək 357,39 manat əsas, 9,65 manat faiz borcu və 30 manat məbləğində cərimə məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 442, 739-cu və s. maddələrinə istinad etmişdir. İddiaçı apellyasiya şikayətində ekspert rəyinin əsassız olduğunu göstərdiyindən məhkəmə kollegiyası obyektivliyi təmin etmək üçün iddiaçının vəsatəti əsasında təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 19 mart 2021-ci il tarixli, 9/6025 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-yə 01.10.2019-cu il tarixə olan əsas borcu 357,39 manat, faiz borcu isə 9,65 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda göstərilən hallara əsaslanaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçı ekspertin rəy verərkən yanlışlığa yol verməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər bir halda qeyd edilməlidir ki, iddiaçı tərəfin ekspert rəyi ilə razı olmaması, həmin rəyin əsassızlığına dəlalət etmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, sübutlar, o cümlədən ekspert rəyi MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq düzgün qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, apelyator şikayətdə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1181/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1181/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver