Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1183/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vüsalə Həsənovanın, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(001)-3585/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 1870 ABŞ dolları məbləğində əsas borcun, 1289,74 ABŞ dolları məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişinə əsasən bank cavabdehə 10 ay müddətinə, illik 24% olmaqla 1870 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı yenidən başlamışdır. Həmin bu müddət ərzində "İddiaçı" ASC məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Eyni zamanda, nəzərə çatdırırlar ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının subyektiv deyil obyektiv səbəbləri olmuşdur. Həmin obyektiv səbəb ondan ibarətdir ki, "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olmuşdur. Fərmana əsasən də, problemli kreditin restrukturizasiya edilməsinə şərait yaratmaq üçün iddia ərizələri baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməli idi. "İddiaçı" ASC-də öz üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərək restrukturizasiyaya düşən bütün işlərin baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməsi barədə ərizələri məhkəməyə təqdim etmişdir. Bu faktiki əsaslarla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Fərmanın icrası üçün ayrılmış müddət bitdikdən sonra restrukturizasiya edilməmiş işlərlə bağlı yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yaranmış fasilədə bəzi kateqoriya işlərdə 3 illik iddia müddətləri qeyri-ixtiyari ötürülmüşdür. Belə işlər üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin problemli kreditlərinin həllinə dövlət dəstəyi gəstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, xx xxxx 2015-ci il tarixli, DP/03362/50/11 saylı kredit sazişinə əsasən, Cavabdeh1 (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 10 ay müddətinə, illik 24 faiz olmaqla 1870 ABŞ dolları məbləğində kredit vermiş, habelə Cavabdeh2 zamin kimi borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə 1870 ABŞ dolları əsas borcu, 203.14 ABŞ dolları faiz borcu vardır. AZ68JBBK3811001DP**********C saylı hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə xx xxxx 2015-ci il tarixdə 108,99 (yüz səkkiz manat 99 qəpik) manat ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə bitdiyinə, iddia müddətinin axımı həmin tarixdən başlayaraq 3 il bitdikdən sonra xx.xx.2020-ci il tarixdə hazırkı iddia irəli sürüldüyünə əsaslanaraq, iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kredit tələbi üzrə iddianın iddia müddəti ötürülməklə verildiyindən iddianı təmin etməməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739.1ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Bank arasında kredit müqaviləsi xx xxxx 2015-ci il tarixdə 10 ay müddətinə bağlandığından, müqavilənin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bank xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş və eyni tarixdə məhkəmə əmri çıxarılmışdır. Beləliklə, xx.xx.2018-ci il tarixdən iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı yenidən başlamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3118/2019 saylı qərardadı ilə "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olduğundan obyektiv səbəbə görə həmin iddia tələbi baxılmamış saxlanılmışdır. Bank tərəfindən xx.xx.2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə də, iddia müddətinin axımı ərzində Bankın müvafiq qaydada məhkəməyə müraciət etdiyi iş materialları ilə sübuta yetirilir. Kollegiya hesab edir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borc öhdəliyinin lazımi qaydada və vaxtında icra edilməsi sübuta yetirilmədiyindən borcalanın kredit borcunu ödəmək məsuliyyəti yaranır. Apellyasiya baxışı zamanı Bankın təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən, Cavabdeh1 xx.xx.2016-cı il tarixə Banka 1870 ABŞ dolları əsas, 203,14 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Odur ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin olunmalı və Cavabdeh1 1870 ABŞ dolları əsas və 203,14 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2073,14 (iki min yetmiş üç ABŞ dolları on dörd sent) ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən kredit öhdəliyi üzrə zamin olan Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanıla bilər (470.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamə ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0, 477.0.1, 477.0.4). İş materiallarından göründüyü kimi, xx xxxx 2015-ci il tarixli, DP/03362/50/11 saylı kredit sazişində kredit öhdəliyinin icrası müddəti 10 ay həddində, xx xxxxxx 2016-cı il tarixə kimi müəyyən edilmiş, Cavabdeh2 həmin kredit öhdəliyi üzrə zamin durmuşdur. Bank tərəfindən həmin kredit öhdəliyin icrası vaxtının çatdığı gündən bir il müddətdən sonra ilk dəfə xx.xx.2018-ci il tarixdə, sonradan xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Belə olan halda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyinə görə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının zaminə qarşı tələbi əsassızdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 3585/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1870 ABŞ dolları əsas və 203,14 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2073,14 (iki min yetmiş üç ABŞ dolları on dörd sent) ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1183/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1183/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver