Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1183/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2828/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı və cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 07 oktyabr 2012-ci il təvəllüdlü X13, 19 fevral 2015-ci il təvəllüdlü X10 və 01 yanvar 2021ci il təvəllüdlü X8 doğulmuşlar. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşaqlar İddiaçı yanında qalmış, hər ay uşağa görə 130 manat olmaqla, cəmi 390 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikaha daxil olmuşdur. Nikahı xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründə 3 övladı-xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. İlk vaxtlar münasibətləri yaxsı olmuş, lakin sonradan cavabdehin ona qarşı mənfi münasibətinə görə birgə yaşamaları mümkün olmamış və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 07 oktyabr 2021-ci il tarixli, 2(007)- 2318/2021 saylı qətnaməsi ilə Cavabdehla aralarında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuşdur. Həmin qətnamə ilə də uşaqların onun himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bildirir ki, məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 390 (üç yüz doxsan) manat aliment məbləği hal-hazırki dövrdə uşaqlarının heç bir təlabatının ödənilməsinə yetmir. Uşaqların ikisi orta məktəbdə, biri isə məktəbəqədər təhsil müəsissəsində təhsil alır və ona görə də onların məsrəfləri yetərincə artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Birgə nikahdan dünyaya gəlmiş 3 övladlarıxx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 300 (üç yüz) manat, ümumilikdə 900 (doqquz yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2828/2023 saylı, 02 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 07 oktyabr 2012-ci il təvəllüdlü X13, 19 fevral 2015-ci il təvəllüdlü X10 və 01 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)-2318/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 oktyabr 2012-ci il təvəllüdlü X13, 19 fevral 2015-ci il təvəllüdlü X10 və 01 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulub, İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19-cu maddələri, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.3, 76.2, 112-ci maddələri, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 07 oktyabr 2012-ci il təvəllüdlü X13, 19 fevral 2015-ci il təvəllüdlü X10 və 01 yanvar 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Cavabdeh iş yerindən arayışa əsasən o, işləyir və aylıq vəzifə maaşı 1698.29 manat həddindədir, belə olan halda məhkəmə tərəflərin də mənafeyini nəzərə alaraq, hesab etmişdir ki, alimentin həddi hər ay cavabdehin qazancın (başqa gəlirlərin) yarısı olaraq müəyyən edilməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən cavabdehin vəzifə maaşı 1698,29 manat vergilər daxil hesablanmışdır. Cavabdehin real aldığı maaş isə 1500 manata yaxındır. Qətnamənin isə bu məbləğin üzərindən qəbul edilməsi heç də hüququn obyektivlik prinsipinə uyğun deyil. İkinci qeyd edilməsi vacib nüans ondan ibarətdir ki, cavabdehin uşaqlarının və valideyinlərinin səhhətində yaranmış problemə görə "xxxx"ASC-dən kredit götürməyə məcbur olmuşdur. Buna görə hər ay 650,74 (altı yüz əlli manat yetmiş dörd qəpik) AZN ödəməli olan borc məbləği mövcuddur və bu qarşıdakı 3 il ərzində davam edəcəyi müzakirə mövzusu deyildir. Bununla bağlı ehtiyac duyularsa "xxxx" ASC tərəfindən verilmiş sənədlər sübut qismində təqdim edilə bilər. Bankdan götürülmüş məbləğin bir hissəsi cavabdehin valideyinlərinin keçirdiyi əməliyyat üçün xərclənsə də, qalan hissəsi isə cavabdeh tərəfindən uşqlarının inkişafı üçün xərclənmişdir. Nümunə üçün deyə göstərilə bilər ki, bankdan götürülmüş kreditin 800 manatı X6 futbol təliminin illik ödənişinə xərclənmişdir və bununla bağlı da kifayət qədər sübutlar var. Üçüncü diqqət yetirilməsi zəruri olan nüans ondan ibarətdir ki, cavabdeh ailə qurmağı planlayır. Maaşının yarısı yəni 750 manatı alimentə, 650 manatı kredit ödənişinə xərclənəcəksə qalan 100 manatla iddiaçı nəinki ailə qurmaq, özünün gündəlik tələbatını ödəməsi belə mümkünsüzdür. Qəbul olunmuş qətnamə hüququn ali məqsədi olan ədalət prinsipinə tamamilə ziddir. Bu qətnamə ilə hərəkət edilsə iddiaçı gərək ömürlük subay yaşaya və aylıq 100 manat xərcləyə. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə tərəflərin mənafeyini bərabər tutmalı və işin faktiki hallarını düzgün araşdırmalıdır. Qəbul edilmiş qətnamə cavabdeh üçün elə bir çıxılmaz vəziyyət yaratmışdır ki, cavabdeh aldığı maaşın bir hissəsini alimentə digər hissəsini banka ödəyəndən sonra uşaqları ilə görüşmək üçün maddi vəsait qalmır. Bu da qəbul edilmiş qətnamənin qüsurlu olduğunu və uşaqların indidən sonra ata sevgisindən tam uzaqda qalmasına səbəb olacaqdır. Bu isə məhkəmənin mövcud olma məqsəd və məramının tam əksinədir. Dördüncü nüans isə ondan ibarətdir ki, cavabdeh uşaqları ilə birlikdə yaşadığı müddət ərzində uşaqlara aylıq toplam 450 manat xərcləmiş və bu da uşaqların tələbatını kifayət qarşılamışdır. Cavabdeh hal-hazırda hər uşaq üçün 170 manat olmaqla toplam 510 manat aliment ödəmək gücündədir. Belə olduğu təqdirdə cavabdeh həm kredit borcunu vaxtı vaxtında ödəyər, həm uşaqlarının alimentini davamlı şəkildə ödəyər, həm uşaqları ilə hər həftə görüşmək üçün maddi imkanı olar, həm də yenidən ailə qurmaq imkanı olar. Əlavə olaraq o da qeyd edilməlidir ki, uşaqların anası hal-hazırda rəsmi əmək müqaviləsi ilə işləyir və 1000 (min) manatdan çox maaş alır. Bunu təsdiqləmək üçün məhkəmə öz səlahiyyətlərindən istifadə edib sorğu verməklə rəsmi cavab ala bilər. Alimentin artırlması zamanı məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə almalıdır. Əgər bunu nəzərə almadan işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq qətnamə qəbul edəcəksə bu qətnamə tərəflərin mənafeyinin eyni dərəcədə qorumayacaq və bir növ qüsurlu olacaqdır. Əgər cavabdeh qətnamə də qeyd edilən aliment miqdarını ödəyə bilməyəcəksə və buna görə inzibati qaydada cəzalanacaqsa bu qərar heç də ədaləti təmin etmək funsiyasına malik olmaması deməkdir.İddiaçı isə bundan sui istifadə edib cavabdehi atalıq hüququndan məhrum etməklə bağlı iddia qaldırmaq ehtimalını nəzərə alsaq ümumiyyətlə qəbul edilmiş qətnamənin bir insan ömrünün puç olmasına gətirib çıxarması qaçılmazdır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ № 975003 saylı, 11 mart 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 501049 saylı və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 563822 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq 7 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X9, 19 fevral 2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 və 01 yanvar 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 doğum haqqında şəhadətnamələrinin atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(007)- 2318/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 avqust 2011-ci tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1195 № ilə qeyd edilmiş nikah pozulmuş, 07 oktyabr 2012-ci il tarixdə anadan olmuş X13, 19 fevral 2015-ci il tarixdə anadan olmuş X10 və 01 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 Ülkər Adil qızının himayəsində saxlanılmış, 07 oktyabr 2012-ci il tarixdə anadan olmuş X9, 19 fevral 2015-ci il tarixdə anadan olmuş X7 və 01 yanvar 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 03 may 2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləməklə 1698.29 manat əmək haqqı alır. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni, cavabdehdən hər ay hər uşağa 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində aliment tutulub ona verilməsini xahiş etmiş, cavabdeh isə birinci instansiya məhkəməsində izahat verərək iddianı qismən, yəni, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat aliment hissəsində etiraf etmişdir. Apellyasiya şikayətində isə hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat ödəməyə hazır olduğunu bildirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının tələbində sabit pul məbləğində alimentin tutulması tələb olunmasına baxmayaraq cavabdehin aylıq gəlirlərinin yarısı hissəsində aliment tutulması nəticəsi ilə razılaşır və hesab edir ki, göstərilən nəticə ilk növbədə və ən əsası azyaşlıların mənafeyi, eləcə də işin faktiki hallarını baxımından tam əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.13-cu bəndinə Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmaqla onun əvvəlki məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşaqların saxlamaqda çətinlik çəkməsi labüddür. Məhz bu və işin digər mühüm diqqətəlayiq halı olan cavabdehin aylıq vəzifə maaşı 1698.29 manat həddində olmasını nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq tərəflərin birgə nikahından doğulmuş 07 oktyabr 2012-ci il təvəllüdlü X13, 19 fevral 2015-ci il təvəllüdlü X10 və 01 yanvar 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməklə alimentin həddinin hər ay cavabdehin qazancın (başqa gəlirlərin) yarısı olaraq müəyyən edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabehin aylıq kredit borcunun olması birgə nikahdan doğulmuş uşaqlara qanunla müəyyən olunmuş hədd aliment ödəmək öhdəliyindən onu azad etmir Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə eyni zamanda qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin hazırki apellyasiya şikayətinin dəlilləri cavabdehin doğma övladlarının saxlanması üçün üzərinə düşən vəzifələrdən qismən yayınması məqsədini daşıyır və kollegiya xüsusi olaraq qeyd edir ki, hətta o, heç bir yerdə işləməsəydi belə, bu onu uşaqlarını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə azyaşlıların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Hətta iddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşaqların saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğu üçün apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi
Apellyasiya şikayəti təmin edilmsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2828/2023 saylı, 02 noyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə