Məhkəmə qərarları › İş №2(103)-11834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11834/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11834/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh3 MTK, Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5360/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC-nin Cavabdeh3 MTK, Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5360/2021 saylı, 07.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MTK, Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1 qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5360/2021 saylı, 07.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin2(004)-5360/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materiallri ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallrı ilə birlikdə araşdırıb bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadı ləğv edilməklə həmin şikayət iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətini aşağıdakı kimi əsaslandırır: İş materiallarından görünür ki, iddiaçı rayon məəhkəməsinə müraciət edərək cavabdehlərdən kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həm iddiaçının, həm də cavabdehlərdən biri olan "xxxx" MTK-nın sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər olduğunu nəzərə alaraq hesab etmişdir ki, mülki iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya məhkəməsinə göndərilməlidir. Qeyd edilən qərardan narazı qalan iddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət vermişdir. Birinci instansiya məhkəməsi 18.10.2021-ci il tarixdə qəbul etdiyi 2(004)-5360/2021 saylı qərardadla həmin şikayəti geri qaytarmışdır. Həmin qərarında məhkəmə mövqeyini Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsi ilə (Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir) əsaslandırmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC 18.10.2021-ci il tarixli həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və onların tərəfindən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin şikayəti təmin etməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Qanunvericiliyin qeyd edilən müddəlarının təhlilindən bu nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəmələrinin yalnız məhkəmə aidiyyəti ilə bağlı qərardadlarından verilmiş şikayətlərə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılır. Ərizənin vəkil tərəfindən tərtib edilməməsi əsası ilə şikayətin geri qaytarılması ilə bağlı qərardadlardan şikayətin apellyasiya, yaxud kassasiya instansiyası tərəfindən baxılması isə mülki-prosessual qanunvericilikdə birbaşa müəyyən edilməmişdir. Hazırkı işin hallarını, şikayətin dəlillərini və qanunvericiliyin yuxarıda sadalanan tələblərini əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada vəkil tərəfindən tərtib edilməmiş şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı, həmin məhkəmənin qəbul etdiyi məhkəmə aidiyyətinə dair qərardadla bağlı olduğundan, bu qərardaddan verilmiş şikayətə baxılması və həll edilməsi səlahiyyəti isə kassasiya instansiyası məhkəməsinə aid olduğundan, şikayətin vəkil tərəfindən tərtib edilməli olubolmamasına dair mübahisəni həll etmək səlahiyyəti də kassasiya instansiyası məhkəməsinə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işə üzrə birinci instansiya məhkəməsinin 18.10.2021-ci il tarixli 2(004)-5360/2021 saylı qərardadından verilmiş şikayətə baxılması apellyasiya instansiyası məhkəməsinin deyil, kassasiya instansiyası məhkəməsinə aiddir. Birinci instansiya məhkəməsi həmin şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də hazırkı mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04.11.2021-ci il tarixli 2(004)-5360/2021 saylı qərardadı şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi hissəsində ləğv edilməli, həmin məhkəmənin 18.10.2021-ci il tarixli 2(004)-5360/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması məqsədi ilə kassasiya instansiyası məhkəməsinə göndərilməsi məsələsinin müzakirə edilməsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04.11.2021-ci il tarixli 2(004)-5360/2021 saylı qərardadı şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi hissəsində ləğv edilsin. Həmin məhkəmənin 18.10.2021-ci il tarixli 2(004)-5360/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması məqsədi ilə kassasiya instansiyası məhkəməsinə göndərilməsi məsələsinin müzakirə edilməsi üçün rayon məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar