Məhkəmə qərarları › İş №2(103)-11841/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11841/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11841/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nurid Hümbətovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” ilk iddiasına, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı"xxxx" ASC və Cavabdeh1 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kredit verən "xxxx" ASC-nin ilk iddia ərizəsində tələb olunub ki, 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS-AAAF-RQ nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 55.204,63 manat, faiz borcu kimi 2.049,44 manat, cəmi 57.254,04 manat kredit alan Cavabdeh1 və zamin "xxxx" MMC-dən bankın xeyrinə tutulsun. Zamin "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən C1 nömrəli binanın 178 nömrəli mənzilinə dair bütün hüquqlar həmin kredit müqaviləsi üzrə 55.204,63 manat məbləğində borcun müqabilində "xxxx" ASC-yə ötürülməklə borc əvəzləşdirilsin; 2) həmin mənzilə dair bütün hüquqlar banka ötürüldükdən sonra bank ilə "xxxx" MMC-nin arasında bağlanmış 07.04.2015-ci il tarixli zaminlik müqaviləsi ləğv edilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, əsas borc kimi 55.204,63 manat, faiz borcu kimi 2.049,44 manat, cəmi 57.254,04 manat, dövlət rüsumunun əvəzi kimi 30,40 manat kredit alan Cavabdeh1 bankın xeyrinə tutulsun, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Kredit verən "xxxx" ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə zaminə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iddia zaminə aid hissədə də təmin edilsin. Kredit alan Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nurid Hümbətov bankın apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissdə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Kredit alan Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ilk iddianın təmin edilməsinə aid hissəsi, yəni kredit müqaviləsi əsas və faiz borcunun kredit alandan tutulmasına aid hissəsi mübahisələndirilib. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS-AAAF-RQ nömrəli kredit müqaviləsinə əsasən bank kredit alan Cavabdeh1 61.430 manat məbləğində kredit verib. Kredit 180 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 10 faiz müəyyən olunub. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, kredit alanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu var. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi kredit alandan həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin bu hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Bankın apellyasiya şikayətində qətnamənin ilk iddianın rədd edilməsinə aid hissəsi, yəni kredit müqaviləsi borcun zamin "xxxx" MMC-dən tutulmasından imtina edilməsi mübahisələndirilir. Bu hissədə qətnamə ləğv edilməli, kredit müqaviləsi borc kredit alan ilə yanaşı zamindən də müştərək qaydada tutulmalıdır. Belə ki, bank ilə zamin "xxxx" MMC-nin arasında 07.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb, zamin kredit alan Cavabdeh1 tərəfindən kreditin qaytarılmasına görə üzərinə məsuliyyət götürüb. Birinci instansiya məhkəməsi zaminə qarşı tələbi ona görə rədd edib ki, zaminlik müqaviləsində faizlərin qaytarılmasına görə zaminin məsuliyyəti öz üzərinə götürdüyü qeyd edilsə də, faizin dərəcəsi və ya konkret məbləği zaminlik müqaviləsində göstərilməyib. Lakin bu hal zaminə qarşı tələbin rədd edilməsinə əsas ola bilməz. Belə ki, zaminlik müqaviləsinin məzmununda zaminliyin aid olduğu kredit müqaviləsinin tarixi və nömrəsi qeyd olunub, kredit müqaviləsinin məzmununda isə kreditə görə faiz dərəcəsi göstərilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 472-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zamin də bankın qarşısında kredit alan ilə birgə məsuliyyət daşımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apellyasiya şikayəti rədd olunsun. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsi zamin "xxxx" MMC-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsində göstərilən 55.204,63 manat məbləğdə əsas borc, 2.049,44 manat məbləğində faiz borcu, cəmi 57.254,04 manat borc, habelə dövlət rüsumunun əvəzi kimi 30,40 manat kredit alan Cavabdeh1 ilə yanaşı zamin"xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar