Məhkəmə qərarları › İş №2(103)-1185/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1185/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1185/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun alınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5946/2022 saylı 16 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan 21 yanvar 2020-ci il tarixli ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında borcluya 36 ay müddətinə, illik 21 faiz olmaqla şəxsi məqsədlər üçün 14.000 manat məbləğində istehlak kredit verilməsi haqqında müqavilə bağlanmışdır.

2. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh komisiyon xərclər çıxıldıqdan sonra bankdan 13.860 manat kredit məbləğini almışdır.

3. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 527,45 manat olmaqla xx.xx.2023-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır.

4. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 7304,10 manat məbləğində əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat məbləğində borcu vardır.

5. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 28 iyul 2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə 21 yanvar 2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 98,57 manat məbləğində dövlət rüsumu Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş və həmin dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 0,40 manat bank xidmət haqqı ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC Cavabdeh qarşı “borcun alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdehdan 7304,10 manat əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 98,97 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi(istehlak) məqsədləri üçün 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 30 avqust 2022-ci il tarixə 7304,10 manat əsas, 552,45 manat faiz borcu vardır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yеrinə yеtirmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 7856.55 ( yeddi min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir.

9. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, Banka qeyd olunan məbləğdə borcunun olduğunu və maddi çətinliklərlə əlaqədar borcunu vaxtında ödəyə bilmədiyini bildirmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5946/2022 saylı 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməsi, Cavabdeh 7304,10 (yeddi min üç yüz dörd manat 10 qəpik) manat məbləğində əsas borc, 552,45 (beş yüz əlli iki manat 45 qəpik) manat məbləğində faiz borcu olmaqla, 98,57 (doxsan səkkiz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 7955,52 (yeddi min doqquz yüz əlli beş manat 52 qəpik) manat məbləğində borcun alınıb İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 424.5, 442, 445, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ona münasibətdə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, borc məbləğinin düzgün hesablanması məhkəmə tərəfindən yoxlanılmadan iş üzrə qətnamə qəbul edilmişdir. İddia ərizəsində qeyd olunan həm əsas həm də faiz borcu real borcdan çox şişirdilmişdir. Aylıq ödənişlərin kredit tarixçəsində öz əksini tapmamışdır. Bütün bu hallar məhkəmə-mühasibatlıq ekspertizası ilə yoxlanılmalı olduğu halda məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. Mülki iş üzrə qətnamə qəbul edilən zaman, yalnız bankın verdiyi borc barədə maliyyə sənədinə istinad olunmuşdur. Borcun bank tərəfindən düzgün hesablanmaması görünsə də, yəni faiz borcunun şişirdilməsi, ödənilən pulların əsas məbləğdən çıxılmaması məhkəmə mühasibatlıq ekspertizası təyin olunmayaraq yoxlanılmamışdır. Belə ki, qeyd olunan məsələnin yoxlanılması xüsusi bilik tələb edən ekspert rərəfindən yoxlanıla bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Maddə 424.5 əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 445 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

22. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5946/2022 saylı 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 21 yanvar 2020ci il tarixli ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi baxğlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ilə İddiaçı ASC arasında borcluya 36 ay müddətinə, illik 21 faiz olmaqla şəxsi məqsədlər üçün 14.000 manat məbləğində istehlak kredit verilməsi nəzərdə tutulmuşdur. 21 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh komisiyon xərclər çıxıldıqdan sonra bankdan 13.860 manat kredit məbləğini almışdır.

34. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

35. Məhkəmə kollegiyası cavabdehin əsas və faiz borcunun düzgün hesablanmadığı barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 7304,10 manat məbləğində əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat məbləğində borcu vardır. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, Banka qeyd olunan məbləğdə borcunun olduğunu və maddi çətinliklərlə əlaqədar borcunu vaxtında ödəyə bilmədiyini bildirmişdir.

36. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində borcun düzgün olmadığını qeyd etsə də, birinci instansiya məhkəməsinə 17 oktyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək həmin borc məbləğinin mövcudluğunu özü də etiraf etmişdir. Bu halda isə hazırki mülki iş üzrə ekspertizanın keçirilməsinə lüzum yoxdur.

37. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 7304,10 (yeddi min üç yüz dörd manat 10 qəpik) manat məbləğində əsas borc, 552,45 (beş yüz əlli iki manat 45 qəpik) manat məbləğində faiz borcu olmaqla, 98,57 (doxsan səkkiz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 7955,52 (yeddi min doqquz yüz əlli beş manat 52 qəpik) manat məbləğində borc alınıb İddiaçı ASC-yə ödəməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5946/2022 saylı 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar