Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1185/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2406/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində yerləşən 0,084 ha torpaq sahəsində yerləşən 59 nömrəli 2 girişli, 552,8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının (iaşə obyektinin) üzərinə qoyulmuş həbsin götürülməsini, həmin əmlaklar müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2023-cü il tarixli 2(006)-2406/2023 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının vəkili ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin icraatında olan kredit mübahisəsi üzrə əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirakının zəruri olması ilə əlaqədər məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, göstərilən hala dair hər hansı sənəd əlavə etməmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2406/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyə sədrinin 17 nömrəli, 16 fevral 2006-ci il tarixli sərəncamına əsasən T.Arani küçəsində “VİS” X1 ictimai-iaşə obyektinin istifadəsində olan 840,0 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş və ona 15 il müddətinə icarəyə verilmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmçinin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazının qarşıdakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi və bir çox ona məxsus digər mülkiyyətlər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin məhkum X5 və qeyriləri haqqında 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli Hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 saylı qərarı ilə məhkum X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qismən yəni, əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X3 və qohumlarının adına olan Gəncə şəhəri Kəpəz rayonu Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasının (Gəncə şəhəri Nizami rayonu Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən daşınmaz əmlakın, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin, Qusar rayonu Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha, və 0,30 ha torpaq sahələrinin, ünvan 2 ünvanında yerləşən evin, ünvan 3 ünvanında yerləşən evin, ünvan 4rləşən qeyri-yaşayış sahəsinin və ünvan 5 ünvanında yerləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Baxılan iş üzrə iddia tələbi cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvi ilə bağlıdır. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür. Belə ki, CPM-in 253.0-cı maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, həm CPM-in adı çəkilən maddəsində, həm də CİM-in 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir. MPM-ə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.1 və 1.4). CİM-in 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və MPM-in 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da bu məsələ nəzərə alınaraq qeyd edilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi xüsusi müsadirənin qanuniliyi barədə məsələnin məhz cinayət mühakimə icraatı qaydasında CPM-in tələblərinə uyğun araşdırılmalı olduğunu xüsusi qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir. Konstitusiya Məhkəməsi, həmçinin məsələ qanunvericilik qaydasında həll edilənədək müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxslərin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsini mümkün hesab etmişdir. Qərarda onun təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla CİM-in 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi də Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin qərarında verilmiş tövsiyələrlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsə də, Konstitusiya Məhkəməsinin 6 oktyabr 2023cü il tarixli qərarı ilə qeyd olunan məsələnin həllinə imkan verən digər hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərarla da, CPM-in 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmaqla yanaşı, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi barədə göstəriş verilmişdir. Bununla yanaşı, cinayət mühakimə icraatının təməl şərtlərindən biri olan cinayət prosesində tərəflərin çəkişməsi prinsipi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəflərinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutur. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmənin qarşısında duran bütün məsələlər, o cümlədən, əmlak xarakterli məsələlər üzrə də qərarlar cinayət prosesində tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin təmin olunduğu şəraitdə qəbul edilməlidirlər. Əks halda, CPM-in 9.2-ci maddəsinin tələbinə görə cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə aparılan və bu səbəbdən etibarsız olan prosesin gedişində qəbul edilmiş aktlar kimi onlar ləğv edilməlidirlər. Bu baxımdan cinayət prosesində iştirak etməyən şəxslər həmin icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığı halda CPM-in 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxs” kimi qəbul edilə bilərlər. Beləliklə, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət-mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Qeyd olunanlara, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Cinayət Prosessual Məcəllənin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən iddiaçıya izah edir ki, Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il və 6 oktyabr 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar hüquq və qanuni maraqlarına toxunulduğu halda həmin məhkəmə aktından apellyasiya şikayəti vermək, yaxud cinayət prosessual qanunvericiliyin verdiyi digər imkanlardan (o cümlədən, CPM-in 408.3-cü maddəsində müəyyən edilmiş imkandan) istifadə etmək hüququna malikdir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2406/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1185/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1185/2024
12.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver