Məhkəmə qərarları › İş №2(103)-1186/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1186/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1186/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: deliktdən irəli gələn mübahisələr, maddi ziyanın ödənilməsi tələbi) X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2023 nömrəli 14 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) İddiaçı adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ ilə qeydə alınmışdır.

2. “Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanında olan mənzil tam payla, ********** qeydiyyat nömrəsi və 22 iyul 2021 qeydiyyat tarixi ilə Cavabdeh məxsusdur.

3. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İlkin İmanovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, X2 yaşadığı 679 nömrəli mənzildə yanğının baş verməsi və nəticədə binada yaşayan şəxslərə ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, 08 iyul 2021-ci il tarixdə saat 03:09-da Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğın baş vermiş, nəticədə mənzilin yataq otağı içərisindəki əşyaları ilə birlikdə və Rəhim Məhərrəmova məxsus əşyalar və 10.000 ABŞ dolları yanaraq yararsız vəziyyətə düşmüş, İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə, X7 məxsus 669 nömrəli mənzilin qonaq otağının tavanı yanğın söndürülməsi zamanı istifadə olunan suyun təsirinə məruz qalmışdır.

4. Həmin material üzrə araşdırma aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində, həmin otağa girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə iki hissədə müstəqil və əlaqəsiz zonada olmuşdur. Onlardan biri çarpayının ayaq hissəsi ilə üzbəüz divarın arasında olan keçid hissədə döşəmə səviyyəsində, digəri isə həmin zonanın yaxınlığında çarpayının bir qədər alt hissəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir.

5. "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) mənzilə və əşyalarına dəymiş ziyanın dəyəri 59.314 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq ona məxsus mənzilə və içərisində yerləşən məişət əşyalarının yararsız hala salınması nəticəsində dəymiş maddi zərərə görə 59.314 manat, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 268 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi və tələbin cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 3 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 679, X13 ilə ünvan 5ında yerləşən cavabdehə məxsus mənzildə yanğın baş vermiş, əraziyə FHN-nin əməkdaşları cəlb olunmuş, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə yanğın və suyun təsirinə məruz qalmış və yararsız vəziyyətə düşmüşdür. Belə ki, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzilə su keçmiş, mənzilin bütün hissələrinin təmirinə ehtiyac yaranmış, mənzilin içərisində yerləşən məişət əşyaları yararsız hala düşmüş və mənzilə ümumilikdə 59.314 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq FHN-nin əməliyyatistintaq idarəsinin təhqiqatçısı, Zaur İslamov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını əsas gətirərək iş materialını istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi İlkin İmanov iş materialları üzrə araşdırma aparmış, nəticədə Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli, HK-1 -936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarda həqiqətən 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da cavabdehə məxsus mənzildə baş vermiş yanğın zamanı ona məxsus həmin binanın 19-cu mərtəbəsində olan 674 saylı mənzilə aid məişət əşyalarına ciddi zərər dəyməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yanğın hadisəsi ünvan 6 ünvanında yerləşən cavabdehə məxsus Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində həmin otağın girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə cild zonalarda olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil qanunsuz olaraq başqa şəxsə kirayə verilmiş, hər hansı kirayə müqaviləsi imzalanmamış, cavabdeh tərəfindən mülki qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və nəticədə iddiaçı 50.000 manatdan artıq maddi ziyanla qarşı-qarşıya qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda birmənalı olaraq müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus ünvan 6 ünvanında yerləşən 679 nömrəli mənzili Rəhim Məhərrəmovun kirayəyə vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Cavabdeh əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Qanunlarına hörmətsizlik etmiş, vergidən yayınmış və bu qanunsuz əməli nəticəsində yəni ona məxsus 674 nömrəli mənzilə 50.000 manatdan artıq maddi zərər vurmuşdur.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mənzildə baş vermiş yanğın onun təqsiri üzündən baş verməmişdir. Belə ki, Odina milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın “Çakarta” klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın deyə onu X1 vermişdir, mənzildə Rəhim və onun arvadı yaşamışlar. Yanğın da onların qəsdən etdikləri hərəkətlərdən baş vermişdir. Lakin, Nərimanov RPİ İŞ hansısa maraqdansa başlanılmış cinayət işini xitam etmişdir. Hətta, istintaq orqanının qəbul etdiyi qərarı iki dəfə məhkəməyə müraciət etmək yolu ilə ləğv etdirib yeni istintaq araşdırmasına göndərilsə də, müstəntiq heç bir araşdırma aparmayaraq eyni qərarı qüvvədə saxlamışdır. İki dəfə cinayət işləri üzrə ixtisaslı hakimlər qərarı ləğv etmişlər. Onlar işi oxuyanda orada cinayət hadisəsi görür, bu əsasla qərarı ləğv edir, iş istintaqa çatan kimi müstəntiq elə həmin günü öz qərarını qəbul edir. Müstəntiqin qəbul etdiyi qərar onların zərərinə olsa belə hazırda yenə də ona istinadın edilməsi zəruridir. Qərarda tam təsdiq olunur ki, mənzil yanarkən Rəhim Məhərrəmovun sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Rəhim Məhərrəmov istintaqa verdiyi ifadəsində Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 679 saylı mənzildə kirayədə yaşamasını, 08 iyul 2021-ci il tarixdə, saat 03.09 radələrində mənzilin qonaq otağında olarkən yanıq qoxusu hiss etdiyini, mənzilə baxış keçirərkən yataq otağında televizorun olduğu sahədə yanğın baş verdiyini görməsini etiraf və təsdiq etmişdir. İstintaq orqanının qəbul etdiyi qərar “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında olsa belə, həmin qərarda mənzilin yanarkən Cavabdeh deyil, Rəhim Məhərrəmovun sahiblik və istifadəsində olmasını təsdiq edir. Ona görə də hesab edirik ki, mübahisə üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edilməli, iddia Cavabdeh qarşı rədd edilməlidir. Hazırkı iş üzrə zərərçəkən şəxs təkcə hazırkı iş üzrə iddiaçı deyil, həm də Cavabdehdır. Mənzilin yanması, sonradan FH əməkdaşları tərəfindən söndürülməsi zamanı Odinaya külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh həmin şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 59.314 manat məbləğində maddi ziyan, ödənilmiş 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Aytən Novruzova).

10. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. İddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edərək, belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 59.314 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “tələbin cavabdehə məxsus X13 ilə ünvan 5da yerləşən mənzilə (çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m.) yönəldilməsi” hissəni münasibətdə qeyd etmişdir ki, cavabdehin əmlakına tələbin yönəldilməsi üçün əsas yoxdur. Qətnamə ilə tutulması qət edilmiş pul məbləğinin cavabdehin əmlakına yönəldilməsi məcburi icra tədbirləri olmaqla, icra mərhələsində həyata keçirilir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Cavabdeh tərəfin etirazının əsası kimi dəymiş zərərin ondan deyil, özünün mənzilində yaşayan kirəyəçilərdən tutulmalı olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, yanğın baş verən zaman mənzilin Rəhim Məhərrəmov və Arzu Məhərrəmovanın sahibliyində və istifadəsində olması cavabdehin mülkiyyətçi olaraq dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. İlk öncə, cavabdeh mənzilin mülkiyyətçisi olmaqla, Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qanuni əsaslarla verilməmişdir (əmlak kirayə müqaviləsi cavabdeh tərəfindən təqdim olunmamışdır). Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin onun mənzilində yaşamış Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qarşı zərərin məbləği miqdarında geriyə tələb (reqress) hüququ vardır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, 1098.2, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda qeyd olunan xüsusatlara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzilin cavabdehin sahibliyindən çıxması iş və istintaq materialları ilə tam sübuta yetir. Ona görə də mübahisəyə tətbiq olunacaq maddi hüquq norması Mülki Məcəllənin 1108.2-ci maddəsidir. Əgər qonşunun mənzili su sızması nəticəsində yararsız hala düşmüşdürsə, məhkəmə həmin gün FHN əməkdaşlarının əraziyə kim tərəfindən çağırılmasını araşdırıb tapmalı idi. Odinanın mənzili qəsdən yandırılmışdır. Bunu yandıran şəxslər yanmalarını bəhanə edib külli miqdarda pul toplamışlar. Məhkəmə mübahisənin əsl mahiyyətini anlamaq üçün həmin şəxsləri də çağırıb dindirməli idi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev)

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3628/2024 tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Apellyasiya instansiya məhkəməsi isə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da, iddia tələbinin qanuni əsası kimi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etməklə səhvə yol vermiş, gəldiyi nəticəni əsaslandırarkən - nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir normanın mövcud olmadığını qeyd etmiş, lakin iddiaçının tələblərinin qanuni əsası kimi, suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məsuliyyəti müvafiq otağı tutan şəxsin daşımasını nəzərdə tutan Mülki Məcəllənin 1111.2-ci maddəsinin tətbiq olunmasını nəzərdən keçirməmiş, eyni zamanda həmin normanın cavabdehə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün təfsir edilməməsinə diqqət yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin iddia tələbinin qanuni əsası kimi son zərurətlə bağlı Mülki Məcəllənin 564-cü maddəsinə də istinad etsə də, həmin normanı işin faktiki hallarına uyğun düzgün təfsir etməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi cavabdehin 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək qərarın ləğv olunmasını və kirayədə yaşamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etməsini, məhkəmənin qərarı ilə qərarın ləğv edilməsinə baxmayaraq yenidən cinayət işinin başlanması rədd edilməsini, hal-hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsirinin sübuta yetirilmədiyini, yanğının baş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçinin təqsiri olmaması əsası ilə rədd olunmasını qeyd edərək, zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum etdiyini göstərmişdir. Bununla belə apellyasiya instansiya məhkəməsi bu halda cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları lazımı qaydada tədqiq etməmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş HK-1-936 nömrəli materialın apellyasiya məhkəməsinə təqdim edilməsi üçün 27 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nə sorğu ünvanlasa da (2-ci cild, 1.v. 75), həmin müraciətin cavabını gözləmədən və material üzrə qəbul edilmiş yekun qərarı nəzərdən keçirmədən iş üzrə yekun qərar qəbul etmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, o hadisədən xeyli müddət sonra rəhmətə getmiş bir şəxsin üzərinə atılmasını düzgün qəbul etmir. Ev yaxşı təmir edilməmişdi. İlk dəfə Rəhimi o, dindirmədə görmüşdür. Orada onun adından səhv izahata imza atılmışdı. Guya ki, Rəhim deyib ki, yoldaşı evi yandırıb. Daha sonra Rəhim izahatını dəyişdi. Heç orada kirayəçi qalmasından xəbəri belə olmayıb. İş materiallarında bütün hallar öz əksini tapıb. İkinci dəfədir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunur. 5 dəfədir ki, cinayət işinin başlanması üçün müraciət olunub. Bu neçənci dəfədir ki, qərarı ləğv elətdirirlər, əsas məqsədləri isə ona vurulan zərərin ödənilməməsidir. Artıq 4 ildir ki, bu işlə məşğul olur. Nərimanov Rayon Məhkəməsi vicdanlı olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qanunsuz hesab edir. Lakin qarşı tərəf zərərin ödənilməsindən yayınmaq üçün rayon məhkəməsinin qərarlarını ləğv elətdirirlər. Məqsədləri də açıq-aşkar ortadadır. Bu etdiklərinin ayıb olduğunu, 3 ay bundan qabaq vəfat etmiş qadının üzərinə belə günah atılması etik olmadığını demişdir.

20. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, yanğın baş verən zaman o və həyat yoldaşı evdə olmuşlar. Yanğın yataq otağında televizor ilə çarpayı arasında olub. O, evi internetdəki elan vasitəsi ilə maklerdən təhvil almışdır. Ona bildirilmişdi ki, ev təzə təmirdən çıxıb. Heç bir problemi yoxdur. O, yanğın baş verən zaman otaqda deyildi. Otaqdan tüstü gəldiyini gördü. Yoldaşının xəstəliyi ilə əlaqədar olaraq hərəkətləri məhdud idi. Onun xəstəliyi əqli ilə bağlı deyildi. Əlil arabasından istifadə edirdi. Yanğın baş verdiyini gördüyü kimi, yoldaşını mənzildən çıxartmışdır. Hətta evdə yoldaşının istifadə etməsi üçün oksigen balonu var idi. Alovun şiddətlənməsinin qarşısını almaq üçün oksigen balonunu da mənzildən çıxartmışdır.

21. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mənzildə yanğın baş verən zaman Cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. Cavabdeh mənzilini kirayə müqaviləsi əsasında üçüncü şəxslərin istifadəsinə vermişdir. Faktiki olaraq, evdə Məhərrəmov Rəhman və Məhərrəmova Arzu yaşamışdırlar. İş üzrə təyin edilmiş müvafiq ekspertizanın yekun rəyində bildirilmişdir ki, yanğın evin döşəmə hissəsində iki müxtəlif yerdə baş vermişdir. Ekspertiza hadisə baş verən ildə, 2021-ci ildə keçirilmişdir. Halbuki, evdə yaşayanlar yanğının baş verməsinə dair verdikləri izahatlarda bildirmişdirlər ki, televizorun yanması nəticəsində evdə yanğın baş vermişdir. İş materiallarında, yanğın baş vermiş evin divarlarının foto-şəkilləri də mövcuddur. Əgər yanğın televizordan qaynaqlansa idi, o zaman ona yaxın divarlarda da qaraltılar olardı. Ekspert öz rəyin də də bildirib ki, mənzilin döşəməsinin iki ayrı hissəsində, kənardan gəlmiş təsir nəticəsində yanğın baş vermişdir. Bundan başqa Nərimanov Rayon Polis İdarəsində iş üzrə iki dəfə araşdırılma aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə nəzarəti qaydasında iş yenidən araşdırılması üçün polis orqanına göndərildi. İş mahiyyətincə araşdırıldıqdan sonra nəhayət məlum oldu ki, ev Məhərrəmova Arzu tərəfindən yandırılıb. Sadəcə olaraq, CPM-nin 39.1.5-ci maddəsinə əsasən, barəsində cinayət işi aparılan şəxs rəhmətə getdiyi üçün cinayət işin başlanılması rədd edilmişdir. Cavabdeh sözügedən hadisədə heç bir təqsiri olmadığından, onun barəsində hüquq normalarının tətbiq etmək olmaz. Hadisə baş verən gün Cavabdeh məxsus ev başqalarının istifadəsində olmuşdur. Mənzildə baş vermiş yanğına görə məsuliyyəti evin kirayəçiləri daşımalıdırlar. İşin mahiyyəti üçün vacib olan ekspert rəyində də göstərilir ki, mənzilin kiçik dəhlizinə daxil olduqda, sol tərəfdə yanaşı yerləşən otaqların, sadəcə ikinci otaq daxilində, həmin otağın girişindən irəlidə, taxta tipli çarpayı yerləşən yerdə, iki hissədə, müstəqil əlaqəsiz zonada (yanğın) olmuşdur. Onlardan biri çarpayının ayaq hissəsi ilə divar arasında olan keçid hissədə, döşəmədə, digəri isə həmin zonanın yaxınlığında çarpayının bir qədər alt hissəsində olmuşdur. Yanğın kənardan gətiriliş alov mənbəsinin təsiri ilə, otağın daxilində, iki hissədə, müstəqil mənbə zonalarının yaranması və yaradılması nəticəsində baş vermişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir, şəxsə və ya əşyaya vurulsun. Maddə 564.3. Son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı: Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

30. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

31. Məhkəmə kollegiyası işin halları məhz qərarda göstərilən göstərişlərə uyğun şəkildə araşdırılmaqla tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

32. Cavabdehə məxsus olan mənzildə yanğının baş verməsi, yanğın baş verərəkən həmin mənzildə üçüçncü şəxslərin kirayəçi qismində yaşamaları, yanğının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən istifadə edilmiş suyun sızması nəticəsində cavabdehin aşağı mərtəbədə qonşu olan iddiaçının mənzilinə suyun axıdılması nəticəsində zərərin dəyməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçıya məxsus mənzilə dəymiş zərərin cavabdehdən, yaxud yanğının baş verdiyi vaxt mənzildən faktiki olaraq istifadə edən üçüncü şəxslərdən tutulmalı olması ilə bağlıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia qismən təmin edilərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 1111.2-ci maddəsinə istinad edilsə də, qeyd edilən norma təhrif edilməklə həmin maddənin mənasına görə suyun axıdılmasına görə baş verdiyi zaman məsuliyyəti mülkiyyətçinin daşıması göstərilməlidir. Halbuki, həmin maddənin tələblərinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən məsuliyyətdən azad edilmək üçün otağı tutun şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır.

33. İddiaçı tələbinin əsası kimi ona məxsus mənzilə dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi təşkil edir. Məhkəmədə məhz bu formada normanın düzgün tətbiq etməməklə iddianı təmin etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu əsaslandırma ilə razılaşmır.

36. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır.

37. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞnin müstəntiqi İlkin İmanovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, X2 yaşadığı 679 nömrəli mənzildə yanğının baş verməsi və nəticədə binada yaşayan şəxslərə ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, 08 iyul 2021-ci il tarixdə saat 03:09-da Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğın baş vermiş, nəticədə mənzilin yataq otağı içərisindəki əşyaları ilə birlikdə və Rəhim Məhərrəmova məxsus əşyalar və 10.000 ABŞ dolları yanaraq yararsız vəziyyətə düşmüş, İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə, X7 məxsus 669 nömrəli mənzilin qonaq otağının tavanı yanğın söndürülməsi zamanı istifadə olunan suyun təsirinə məruz qalmışdır.

38. Həmin material üzrə araşdırma aparılarkən (bu yanğının baş verdiyi dövrdə baxış keçirilməklə verilən yeganə rəydir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində, həmin otağa girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə iki hissədə müstəqil və əlaqəsiz zonada olmuşdur. Onlardan biri çarpayının ayaq hissəsi ilə üzbəüz divarın arasında olan keçid hissədə döşəmə səviyyəsində, digəri isə həmin zonanın yaxınlığında çarpayının bir qədər alt hissəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir.

39. Məhkəmə iclasında da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 da izahatında bildirmişdir ki, yanğın baş verən zaman otaqda olmamış, otaqdan gələn tustüdən fərqinə varmış və dərhal arvadını otaqdan çıxarmışdır. Yanğın televizorla çarpayı arasında baş verdiyini qeyd etmiş, yanğın zamanı çıxan tüstüdən baş vermənin nədən olmasını göstərə bilməmişdir.

40. Nəticədə yanğının söndürülməsi zamanı FH əməkdaşları tərəfindən istifadə edilən suyun sızması səbəbindən aşağı mərtəbədə yaşayan İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilə ziyan dəymişdir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, sonradan yanğın baş verən mənzildə təmir bərpa işləri aparıldığından onun yaranma səbəbinin müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilməsinə də zərurət qalmamışdır.

41. Belə ki, əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıdılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 8 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yanğın cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirildikdə belə, məsuliyyət yenə müvafiq otağı tutan şəxsin üzərinə düşür. Belə ki, müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməlidir. O cümlədən, otağı tutun şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi daşıyır işin bu halı da sübuta yetirilə bilməmişdir. İşdə olan yanğının baş vermə səbəblərinin araşdırılması zamanı verilən rəydə yanğının baş verməsinin məhz mənzilin mülkiyyətçisinin hər hansı təqsirindən olması öz təsdiqini tapmamaqla əksinə yanğının kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş verməsi müəyyən edilmişdir. Bu halda mülkiyyətçinin deyil, otağı tutun şəxs qismində orada kirayə yaşayan şəxslərin məsuliyyətinin yaranmasını özündə ehtiva edir.

43. Bundan başqa, iddiaçının iddia tələbinin digər əsası kimi istinad etdiyi dəlil, cavabdehin özünə məxsus ünvan 6 ünvanında yerləşən 679 nömrəli mənzili Rəhim Məhərrəmovun kirayəyə vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aparılmış məhkəmə araşdırılması zamanı da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4, mərhum həyat yoldaşı ilə həmin mənzildə kirayədə qaldığı üçüncü şəxsin özü tərəfindən də təsdiq edilmiş, həmin hal işin mübahisələndirilməyən halıdır. Belə olduğu təqdirdə isə cavabdehin onlarla kirayə müqaviləsi bağlamaması, həmin müqavilənin qeydiyyatdan keçirməməsi nəticəsində yaranmış münasibətlərin hazırkı iş üzrə mövcud münasibətlərə hər hansı bir aidiyyatı yoxdur. Belə ki, həmin münasibətlər Cavabdeh ilə müvafiq dövlət orqanı arasında yaranmış münasibətlər üzrə aydınlaşdırılmalı haldır. Yəni, işin faktiki halları ilə üçüncü şəxsin arvadı ilə orada kirayədə qalması təsdiqini tapdığından məhz qanunla müəyyən edilmiş qaydada kirayə müqaviləsinin rəsmiləşdirilməməsi əsası ilə iddianın təmin edilməməsinə əsas ola bilməz.

44. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kolleygiyası qeyd edir ki, Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş yanğın nəticəsində, yanğının qarşısının alınması üçün suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən və məsuliyyəti müvafiq otağı tutan şəxs daşıdığından, yuxarıda qeyd edilən hallara əsasən cavabh olan mənzilin mülkiyyətçisindən zərərin tutulması üçün əsaslar olmadığndan hazırki mübahisə üzrə Cavabdeh mülki məsuliyyəti istisna edilir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı onun mənzilinə dəyən zərərin məbləğinin müvafiq məsuliyyət daşıyan şəxsdən tələb edilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

46. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2023 nömrəli 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2023 nömrəli 14 mart 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar