Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-119/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əminağa oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-119/2025 (Açar sözlər: hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh Əminağa oğluna qarşı hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Əminağa oğluna qarşı hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əminağa oğlunun hərəkətlərinin etibarsız hesab edilməsi; Cavabdeh Əminağa oğluna Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən onun istifadəsinə yaradılmış maneələrin qadağan edilməsi; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsi ilə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi arasında inşa edilmiş daş hasarın Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ona məxsusdur. Həmin torpaq sahəsinə bitişik Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsini ilkin alğı-satqı müqaviləsinə əsasən X3 xx.xx.2021-ci il tarixdə dəyərini ödəməklə əldə etmişdir. Eyni zamanda, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi də mövcud idi ki, torpaq sahəsini eldə etdiyi zaman fərdi yaşayış evini də dəyərini ödəməklə əldə etmişdir. Cavabdeh onun qardaşıdır və həmin vaxtlar maddi durumu zəif olduğundan o, qeyd etdiyi, özünə məxsus torpaq sahəsində olan fərdi yaşayış evində bir müddət yaşamasına razılıq vermişdir. Bir müddət sonra cavabdeh özünə şəxsi mənzil almışdır və onun mülkiyyətində olan evdən çıxmışdır. Lakin bir müddət sonra cavabdeh ona həmin evin ona məxsus olduğunu, həmin torpaq sahəsini və fərdi yaşayış evini icarəyə vermək istədiyini, oradan gələn gəlirlə isə özünün şəxsi ehtiyaclarını həll edəcəyini bildirmişdir. Buna etiraz etmiş və cavabdehi torpaq sahəsindən və üzərindəki yaşayış evindən çıxarmışdır. Lakin 2022-ci ilin iyul ayının 24-dən 26-dək olan müddət ərzində ailəsi ilə birlikdə səfərdə olduğu bölgələrdən Bakı şəhərinə geri qayıtdığı zaman cavabdeh tərəfindən ona məxsus 1 ha torpaq sahəsi ilə halhazırda mülkiyyətində olan fərdi yaşayış evinin arasından daş hasar hörüldüyü, eyni zamanda digər tərəfdən etdiyi həyətyanı sahəyə və fərdi yaşayış evinə giriş qapısının açılaraq, onun hüquqlarının pozulduğu, eləcə də, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəsinə qanunsuz maneənin yaradılmasının şahidi olmuşdur. Buna etiraz edərək, qanunsuz hasarın sökülməsini və torpaq sahəsindən onun şəxsi istifadəsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb etsə də, cavabdeh tərəfindən qanunsuz hərəkətlər dayandırılmamış və davam etdirilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisinin (ekspert rəyində göstərilən) Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 100 m2 (0,01 ha) torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən İddiaçı istifadə və sahibliyinə Cavabdeh Əminağa oğlu tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh Əminağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2, maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh 2014-cü ildən qətnamədə qeyd olunan ünvanda yaşayır, kommunal xətlərlə bağlı çəkilmiş sayğaclar da onun adınadır. Həmçinin onun orada yaşadığını həmin ərazidə yaşayan bütün sakinlər də təsdiq edə bilərlər. Əlavə olaraq bildirir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun yaşadığı torpaq sahəsindən aralıdır. İddiaçı ilə onun torpaq sahəsində yerləşən 2014-cü ildən çəkilmiş hasarın yerləşdiyi torpaq sahəsinə isə iddiaçının heç bir mülkiyyət hüququ yoxdur. Belə olan halda isə məhkəmə qətnaməsi qəbul edilərkən heç bir araşdırma aparılmadan iddiaçının şəxsi mülahizələri əsasında qəbul edilmiş və onun AR Qanunvericiliyi ilə qorunan bütün hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin iddia ərizəsində qeyd olunmuş maneələrin aradan qaldırılması hissəsində isə həmin maneələrin nədən ibarət olduğu göstərilmişdir. Belə ki, iddiaçı ilə onun evi ümumilikdə 0.04 ha torpaq sahəsində yerləşir. Həmin sahədə ikisinin də evlərinin giriş-çıxışı ayrı-ayrıdır, torpaq sahəsi hasarlanmış və hasarla 0.02 ha şəklində hasarla ayrılmışdır. Onların sahələri ayrı olduğu halda isə onun tərəfindən iddiaçıya qarşı hansı maneələrin yaradılması naməlumdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər.
9. Əvvəlki apelyasiya baxışında iştirak edən Cavabdeh Əminağa oğlu apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
10. Əvvəlki apelyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
11. Əvvəlki apelyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 13. 1-ci bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
15. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
21. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
22. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
27. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, işin bütün faktiki halları dəqiqliklə aydınlaşdırmamışdır.
28. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, notarial qaydada bağlanmış ilkin alğı-satqı müqaviləsindən görünür ki, alıcı İddiaçı ilə satıcı X5 arasında özəlləşdirildikdən sonra Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən 100 m2 (0,01 ha) torpaq sahəsini və üzərindəki fərdi yaşayış evinin alğı-satqısına dair müqavilə imzalanmışdır.
29. DƏDK və Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən 0,0080 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. İddiaçı hazırda məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsi və üzərində olan fərdi yaşayış yaşayış evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması və bununla bağlı tikilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsi isə iddianın mahiyyətinə qiymət verməmiş, qeyd edilən tələbin hüquqi təbiətini, ümumiyyətlə, müəyyənləşdirməmiş və nəticədə mübahisəyə tətbiq edilməli olan normanı tətbiq etməyərək məhkəmə aktını lazımi qaydada əsaslandırmadan qəbul etmişdir.
32. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
33. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
34. Neqator iddia (lat. actio negatoria– inkar edən iddia mənasını verir) mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
35. Həmçinin hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
36. Hazırki iş üzrə yuxarıda adı çəkilən iş materiallarından da göründüyü kimi İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 0,01 ha torpaq sahəsini ilkin alğı-satqı müqaviləsinə əsasən X3 xx.xx.2021ci il tarixdə dəyərini ödəməklə əldə etmiş, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə müvafiq çıxarış təqdim edilmişdir.
37. Bu halda kollegiya hesab edir ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması işin mübahisəsiz halı olduğundan ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ vardır.
38. Bu halda aydınlaşdırılmalı növbəti məsələ iddiaçının həmin torpaq sahəsindən mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneələrin olub-olmaması ilə bağlıdır və bununla bağlı kollegiya aşağıdakılar qeyd edir.
39. Belə ki, istər iş materiallarındakı sənəd və fotoşəkillərdən, istərsə də apelyasiya icraatı zamanı aparılmış yerli baxış nəticəsində məlum olmuşdur ki, sökülməsi xahiş olunan hasar iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi ilə mülkiyyətində olan torpaq sahəsi arasında cavabdeh tərəfindən çəkilmişdir və hasar iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə keçidinin qarşısının alınması üçün çəkilmişdir. Cavabdeh isə istər iddiaya münasibətində və apellyasiya şikayətində, istərsə də yerli baxış zamanı həmin torpaq sahəsində məskunlaşmasını və müvafiq hasarı çəkməsini inkar etməmiş, bunu iddiaçının spirtli içkilərdən istifadə edərək və onun yaşadığı (iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan tikilidə) sahəyə keçərək artıq söz-söhbətlər yaratması ilə əsaslandırmışdır.
40. Bundan əlavə apellyasiya baxışı zamanı təyin edilmiş ekspert tədqiqatının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4713 saylı rəyə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.008 ha olsa da, faktiki olaraq hasardaxili 0.017 ha təşkil edir. Torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evi mövcuddur. Əlavə 0.009 ha torpaq sahəsi istifadə olunur. Hazırda cavabdehin istifadəsində olan 0.017 ha torpaq sahəsinin 0.008 ha hissəsi iddiaçının mülkiyyətində olan **********40 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsidir. Eyni zamanda istifadəsində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi də iddiaçının mülkiyyətində olan **********40 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsində yerləşir. Bundan əlavə iddiaçı tərəfindən sökülməsi nəzərdə tutulan hasar (yerləşdiyi torpaq sahəsi) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir.
41. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertizanın nəticəsində təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli 10/1743 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan hasar tikilisinin hündürlüyü 2,40 metr təşkil edən hissələrinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən olunur.
42. Beləliklə, yuxarıda qeyd edilən hallardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ona məxsus əmlakdan mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneə törədilmiş və bunun üçün heç bir qanuni və hüquqi əsası mövcud olmamışdır. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə toxunmaqla onu hazırki iddia ilə məhkəməyə müraciət etməyə sövq etmişdir.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur.
44. Lakin məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində ona məxsus olan və istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etdiyi torpaq sahəsinin ölçüsünü 100 m2, yəni 0.01 ha kimi qeyd etsə və birinci instansiya məhkəməsi iddianı 1 ha ölçüyə münasibətdə təmin etsə də, yuxarıda da qeyd edildiyi kimi iddiaçının hüquqları yalnız 0,0080 ha ölçüdə torpaq sahəsinə dair qeydə alınmış və bu fakt özünü DƏDK və Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında tapmışdır. Qeyd edilən hal yuxarıda adı çəkilən ekspert rəyi ilə də bir daha təsdiq olunmuşdur.
45. Bu halda kollegiya hesab edir ki, hazırki qətnamə ilə iddiaçının mülkiyyətində olan və istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etdiyi torpaq sahəsinin ölçüsü 0,0080 ha kimi müəyyən edilməli və iddiaçının mülkiyyət hüquqlarından irəli gələn vindikator iddiası təmin olunan hissəsi həmin ölçülü əmlaka münasibətdə təsbit edilməlidir.
46. Kollegiya iddia tələbinin mübahisəli torpaq sahəsinin qarşısında çəkilən hasarın sökülməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, hər nə qədər yuxarıda adı çəkilən ekspert rəyləri ilə həmin hasarın iddiaçıya məxsus olan torpaq sahəsində deyil, cavabdehin faktiki istifadəsində olan digər torpaq sahəsində olması təsbit edilsə də, nəticə etibarı ilə həmin hasarın mövcudluğu iddiaçınının öz mülkiyyətində olan əmlaka sərbəst giriş-çıxışına maneə yaratmaqdadır və qanunvericiliyin yuxarıda qeyd edilən mövqeyindən də göründüyü kimi mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan hər cür pozuntunun aradan qaldırılmasını tələb etmək hüququ vardır. Buna görə də mübahisəli hasar tikilisi iddiaçıya məxsus torpaq sahəsində inşa edilməsə belə, ona məxsus olan əmlakdan istifadəni məhdudlaşdırdığından, iddia tələbi hasarın sökülməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
47. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onu ödəmiş tərəfin özünə aid edilməlidir.
54. Həmçinin birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində keçirilmiş ekspert tədqiqatlarının dəyəri kimi ümumilikdə 100 (yüz) manat pul Cavabdeh Əminağa oğlundan tutulmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-76/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisi (ekspert rəyində göstərilən) Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülsün. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 80 m2 (0,0080 ha) torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən İddiaçı istifadəsinə Cavabdeh Əminağa oğlu tərəfindən yaradılmış süni maneələr aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun məbləği Cavabdeh Əminağa oğlundan alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində keçirilmiş ekspert tədqiqatlarının dəyəri kimi ümumilikdə 100 (yüz) manat pul Cavabdeh Əminağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev