Məhkəmə qərarları › İş №2(103)-1190/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1190/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1190/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/16608/88 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.643,23 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.631,95 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 121,80 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 23 faiz dərəcəsi ilə 14.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 48 ay müddətində Banka qaytaracaq. Bank, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 13.643,23 manat məbləğində əsas kredit borcu, 1.631,95 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə cərimə hesablamış və cavabdehin maddi vəziyyətini nəzərə alaraq cərimənin məbləğini 121,80 manat müəyyən etmişdir. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 137 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 13.643,23 manat əsas borc, 1.405,23 manat faiz borcu, 121,80 manat cərimə borcu olmaqla, ümumilikdə 15.170,26 manat məbləğində borcun alınaraq iddiaçı Banka verilməsini, iddiaçı Bank tərəfindən dövlət rüsumu kimi ödənilmiş 137 manatın 135 manatının cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsini, iddia tələbinin digər hissədə rədd edilməsini qət etmişdir.

4. İddianı qismən əsaslı hesab etmiş Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, CC/16608/88 saylı “Kredit sazişinə” əsasən borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilk aylar kredit ödənişlərini vaxtı-xatında ödəsə də, sonradan işini itirdiyi üçün Banka müraciət edərək kredit müddətinin artırılmasını xahiş etmiş, onun bu xahişindən imtina edilməmiş, əksinə bildirilmişdir ki, müraciətinə baxılacaq, müsbət rəy verildiyi halda kredit müddəti uzadılacaqdır. Lakin buna baxmayaraq cavabdehə əsassız yerə cərimə hesablanmış və borcunu birdəfəyə ödəməsi tələb edilmişdir. Bundan başqa, Bank tərəfindən cavabdehə əvvəlcədən xəbərdarlıq edilmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Xəbərdarlığın çatdırılması barədə “Məleykə espress” şirkətinin xx.xx.2023-cü il tarixli qəbzində olan imza ona aid deyil. Bundan əlavə, Rayon Məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmaqla cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun iştirakı olmadan işə baxılmışdır. Nəticədə iş üçün vacib əhəmiyyəti olan hal, yəni kreditin üç ayının ödənişinin edilməsi, əlavə olaraq 1.000 manat pulun da ödənilməsi nəzərə alınmamışdır. Cavabdeh krediti 48 ay sonra ödəməli olduğu halda, kredit Bank tərəfindən vaxtından əvvəl tələb edilmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

7. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamışlar, bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

8. Qeyd edilənlər işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. İş materiallarından görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, onunla iddiaçı Bank arasında xx.xx.2022-ci ildə bağlanmış CC/16608/88 saylı “Kredit sazişi” üzrə Bankdan Azərbaycan manatı ilə kredit götürmüşdür.

11. Müqavilənin şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 48 ay müddətində Banka qaytaracaqdır.

12. Lakin cavabdeh yaranmış maliyyə çətinlikləri səbəbindən kredit borcunu Banka qaytara bilməmişdir.

13. İddiaçı Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” görünür ki, borclu olan cavabdeh ilə kreditor olan Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/16608/88 saylı kredit sazişinə əsasən Banka 13.643,23 manat əsas, 1.631,95 manat faiz borcu və 121,80 manat məbləğində cərimə borcu vardır.

14. Cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində göstərir ki, o, işini itirdiyi üçün maddi vəziyyətində problem yaranmış, Bankdan götürdüyü krediti qaytara bilmədiyi üçün 2023-cü ilin mart-aprel aylarında Banka müraciət edərək, kredit müddətinin uzadılmasını, aylıq ödənişlərin aşağı salınmasını xahiş etmişdir. Bankın əməkdaşları bu müraciətə baxılacağını, nəticəsi barədə məlumat veriləcəyini bildirsələr də, cavabdehə məlumat verməmişlər və cavabdehə əsassız olaraq cərimə hesablamışlar.

15. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.).

16. Mülki qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə, cavabdehin işdən azad edilməsinin müqavilənin dəyişdirilməsinə, yaxud müqavilə üzrə borcun hesablanmasının dayanmasına səbəb olması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Müqavilənin şərtlərinin dəyişdirilməsi iş materiallarından müəyyən edilmir.

17. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.).

18. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.

19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, sübuta söykənməyən tələb və ya tələbə qarşı etiraz əsaslı hesab edilə bilməz. Bu baxımdan Məhkəmə cavabdehin müzakirə edilən dəlilini əsassız hesab edir.

21. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Bank tərəfindən cavabdehə əvvəlcədən xəbərdarlıq edilmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Xəbərdarlığın çatdırılması barədə “Məleykə espress” şirkətinin xx.xx.2023-cü il tarixli qəbzində olan imza cavabdehə aid deyil.

22. İddiaçı Bankın cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli “Bildirişdən” görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

23. “Məleykə Express” poçt xidmətinin 162120 №-li “Qaiməsindən” görünür ki, Bankın cavabdehə xx.xx.2023-cü il tarixdə ünvanladığı poçt göndərişinin ünvan natamam olduğu üçün cavabdehə çatdırılması mümkün olmamışdır.

24. Məhkəmə hesab edir ki, borcun ödənilməsi barədə xəbərdarlıq cavabdehə çatıdrılmasa belə iddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli “Kredit sazişinin” 1-ci bəndinə əsasən, tərəflər təsdiq etmişlər ki, onların hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər Bankın xx.xx.2014-cü il tarixli “Müştərilərə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtləri” bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur.

25. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtlərinin” 7.1.1-ci bəndinə əsasən, müştəri ödənişlərini müqavilədə göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə Bankın kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır.

26. Hazırki iş üzrə Bank tərəfindən müqaviləyə xitam verilməsi barədə tələb irəli sürülməmişdir. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtlərində” isə borcun vaxtından əvvəl ödənilməsinin məhkəmə qaydasında tələb edilməsi üçün əvvəlcədən borcalana xəbərdarlıq edilməsi şərti nəzərdə tutulmamışdır.

27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmişdir. Bunun nəticəsində cavabdehin hüquqları pozulmuş və o, öz dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.

29. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

30. İş materiallarından müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən məhkəmənin hazırlıq iclası barədə məlumatlar cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ona təqdim edilmişdir.

31. Cavabdeh, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş və vermiş olduğu izahatında iddia tələbini qəbul etdiyini, kreditin üç ayını bir ödədiyini, əlavə olaraq 1.000 manat ödəniş etdiyini, daha sonra işdən çıxdığı üçün ödənişi edə bilmədiyini bildirmişdir.

32. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş xx.xx.2023cü il tarixə saat 11:00-a məhkəmə baxışına təyin edilmiş və bu barədə məhkəmə bildirişinin kötüyünə imza etdirilməklə cavabdehə məlumat verilmişdir.

33. Lakin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə baxışında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə Rayon Məhkəməsinə hər hansı məlumat verməmişdir.

34. Bunu nəzərə almış Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır.

35. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-in “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir.

36. Beləliklə qeyd edilənlərə əsasən Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə görə, isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Cavabdeh iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliklərinin olmasını mübahisələndirmir.

37. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etməsi səbəbindən cavabdehin 13.643,23 manat məbləğində əsas kredit borcu və 1.631,95 manat məbləğində faiz borcu yaranmışdır.

38. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

39. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində Rayon Məhkəməsinin qəbul etmiş olduğu qətnamə işin müəyyən edilmiş hallarına uyğundur.

40. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Bank, cavabdehin xx.xx.2022-ci il tarixli “Kredit sazişi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsini nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 121,80 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

41. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi təmin etmişdir.

42. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

43. Göstərilənləri və iddiaçı Bank, cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit sazişində” və onun ayrılmaz hissəsi olan Bankın xx.xx.2014-cü il tarixli “Müştərilərə Kreditləşmə və Xidmət Şərtlərində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.

44. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından verdiyi iddia ərizəsində xahiş etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Banka ödənilsin.

45. İddia ərizəsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

46. İşə baxmış Rayon Məhkəməsi iddianı qismən əsaslı hesab etdiyindən iş üzrə qəbul etdiyi qətnamə ilə həmin məbləğin 135 manatının cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir.

47. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Çünki MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). f) apellyasiya baxışının nəticəsi

48. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onun özünə aid edilməlidir.

50. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və onun iddiasının təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

51. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

52. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar