Məhkəmə qərarları › İş №2(103)-11909/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11909/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11909/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankla bağladığı 29.08.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 15 000 ABŞ dolları məbləğində kredit xətti açıldığını, həmin kredit müqaviləsi üzrə borcgötürənin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında 29.08.2014-cü il tarixdə, Cavabdeh3 arasında 10.03.2015-ci il tarixdə zaminlik müqavilələri bağlandığını, 29.08.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 10.03.2015-ci il tarixli kredit razılaşması əsasında ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,6667% olmaqla 2200 ABŞ dolları məbləğində kredit verildiyini, 12.01.2016- cı il tarixli sazişə əsasən razılaşma və ödəniş planına dəyişilik edildiyini, 10.03.2017-ci il tarixdən etibarən borcun cavabdehlər tərəfindən qaytarılmadığını, Cavabdeh1 həmin tarixədək banka 851,32 ABŞ dolları məbləğində borcunun yarandığını irəli sürmüş, buna görə də 10.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 874,84 ABŞ dolları məbləğində əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 851,32 ABŞ dolları əsas borcun və məhkəmədə iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın zaminlərə aid təmin olunmamış hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 477.0.4-cü və 375-ci maddəsini düzgün tətbiq etməmiş, zaminlik müqavilələrində zaminliyin 29.08.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranmasının göstərildiyini nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin zaminlərə münasibətdə təmin olunmadığı hissədə yoxlanılması təşkil edir. Çünki iddiaçı bank qətnaməni ancaq iddia tələbinin zaminlərə münasibətdə təmin olunmadığı hissədə mübahisələndirmiş, cavabdehlər isə ümumiyyətlə şikayət verməmişlər. Kollegiya iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə bankla Cavabdeh1 arasında bağlanılmış 29.08.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 15 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bankla Cavabdeh2 arasında bağlanılmış 29.08.2014-cü il tarixli və Cavabdeh3 arasında bağlanılmış 10.03.2015-ci il tarixli zaminlik müqavilələri əsasında adı çəkilən şəxslər Cavabdeh1 bank qarşısında 29.08.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi zamin durmuşlar. Zaminlik müqavilələrinin 1.1-ci bəndində zaminlərin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərlərinə götürdükləri və borclu ilə birgə məsuliyyət daşıyacaqları nəzərdə tutulmuşdur. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, sözügedən kredit xətti müqaviləsi çərçivəsində 10.03.2015-ci il tarixdə bağlanmış razılaşmaya əsasən Cavabdeh1 aylıq 2,6667 % dərəcəsi ilə hesablanmaqla, 24 ay müddətinə 2200 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 banka 10 mart 2015ci il tarixdən başlayaraq müqavilə müddətinin bitdiyi 10 mart 2017-ci il tarixdək hər ay 126 (sonuncu ay 126,50) ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, 12.01.2016-cı il tarixdə bağlanmış sazişlə isə həmin razılaşma üzrə ödəniş planına dəyişiklik olunmuşdur. Birinci instansiya məhkəməsi, kredit müqaviləsi üzrə öhdəliyin icra ediləcək son müddətinin 10.03.2017-ci il tarixdək müəyyən edilməsinə, həmin vaxtdan 22 aprel 2019-cu il tarixədək borc üzrə hər hansı ödəniş həyata keçirilmədiyinə və 10.03.2017-ci il tarixindən sonrakı 1 (bir) il ərzində kreditorun zaminlərə qarşı iddia irəli sürmədiyinə əsaslanmaqla iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməli olması nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və eyni zamanda iddia tələbinin zaminlərə qarşı əsassız olması ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit xətti və zaminlik müqavilələrində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, kredit razılaşmasında təsbit edilən faiz dərəcəsi ilə bağlı isə zaminlərin razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, həmin zaminlik müqavilələri etibarlı müqavilə olmamaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sözügedən müqavilələrə görə zamin qismində məsuliyyət daşıya bilməzlər. Kollegiya onu da qeyd edir ki, iddiaçının istinad etdiyi zaminlik müqavilələlərinin zaminlər tərəfindən ayrıca mübahisələndirilməsinə ehtiyac yoxdur; çünkü qanunun tələbinə görə işə baxan məhkəmə hər bir halda irəli sürülmüş iddia tələbinin qanuni əsasını yoxlamağa borcludur. Hazırkı halda iddiaçının zaminlərə qarşı yönəlmiş iddia tələbinin qanuni əsasını onlarla bağlanmış zaminlik müqavilələri təşkil etdiyindən, məhkəmə cavabdehlərin etirazının dəlillərindən asılı olmayaraq həmin müqavilələrin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hərgah şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3558/2021 saylı iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar