Məhkəmə qərarları › İş №2(103)-1191/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1191/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1191/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-568/2016 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə (bundan sonra –rayon məhkəməsi) müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-568/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh3 buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti vermiş, məhkəmənin 2(011)-568/2016 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, qətnamədən onların şikayət verməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı bank həmin qərardaddan şikayət vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh mübahisələndirilən qətnaməni poçt vasitəsilə rəsmi qaydada almışdır. Birinci instansiya məhkəməsi isə hər hansı bir araşdırma və ya ekspertiza aparmadan xəbərnamədəki yazı və imzanın cavabdehə məxsus olmadığını qeyd edərək əsassız yerə müddəti bərpa etmişdir. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və cavabdehin müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, xx xxxx 2016-cı il tarixli qətnaməsi xx xxxxx 2016-cı il tarixində qüvvəyə minərək, icra olunması üçün Xətai Rayon Məhkəmə İcraçıları Şöbəsinə göndərilmiş, məhkəmə icraçısı F.Cəlilov tərəfindən xx xxx 2016-cı il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir (i/v 84-86). Mülki işin materiallarından həmçinin görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixində xəbərnaməyə imza etməklə, qətnamənin surətini əldə etmişdir (i/v 80). Birinci instansiya məhkəməsi isə ərizəni təmin edərkən, məhz ona əsaslanmışdır ki, bildiriş təqdim edilmiş şəxs tam olaraq ad, soyad və atasının adını qeyd etməmiş, eyni zamanda qrafada olan imza ilə Cavabdeh3 etibarnamə (i/v 138) və şikayətdə (i/v 101) çəkdiyi imzalar qarşılaşdırıldıqda həmin imzaların aşkar surətdə fərqli olduğu aşkar görünür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsassız hesab edərək, qeyd edir ki, məhkəmənin qeyd etdiyi əsas məhkəmə-xətşünaslıq ekspertizası keçirilmədən müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən iddiaçının nümayəndəsinin iştirakını da təmin etməmişdir. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə iddiaçının nümayəndəsinin ştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, qətnamənin Cavabdeh3 tərəfindən xx.xx.2016-cı il tarixdə alınması faktının tərəflərin iştirakı ilə araşdırılması, ehtiyac olarsa bununla bağlı məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-568/2016 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və prosessual müddətin bərpasına dair ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması və araşdırılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar