Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11910/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3177/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25.11.2019-cu il tarixli, kredit müqaviləsi üzrə 4910,43 manat əsas borc, 42,22 manat faiz borcu, 144,02 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 783,50 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5880,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «Yelo Bank” ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4913,56 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.05.2021-ci ilədək Cavabdeh1 banka 25.11.2019cu il tarixli kredit müqaviləsi üzrə 4910,56 manat əsas borc, 42,22 manat faiz borcu, 144,02 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 783,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5880,30 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3177/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.11.2019-cu il tarixli, 1-Z1-3-0-556-15 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4910,56 (yeddi min altı yüz iyirmi dörd manat, 40 qəpik) manat əsas, 42,22 (altmış üç manat, 08 qəpik) manat faiz, 144,02 (iyirmi manat, 51 qəpik) manat olmaqla, cəmi 5096,80 (beş min doxsan altı manat, 80 qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 26 (iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev).
4. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Kredit məbləğinin vaxtında ödənilməməsi cavabdehin təqsirli hərəkəti iə bağlı deyil. Çünki Cavabdeh1 maliyyə çətinlikləri yaranmış, obyektiv səbəblərdən krediti vaxtında ödəmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tanı və obyektiv tədqiqinə lazımi şərait yaradır. Cavabdehin banka nə qədər borcu olmasını məhkəmə ekspertiza yolu ilə deyil, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla birtərəfli qaydada müəyyənləşdirmişdir. Bu, tam əsassız, obyektivlikdən uzaq araşdırmanın nəticəsidir. İşə baxan məhkəmə ki'edit borcunun vaxtında ödənilməməsinin səbəblərini, eləcə də cavabdehin nə qədər ödəniş etdiyini araşdırmamışdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1961-ci ildə Kəlbəcər rayonu, İstisu kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır.
10. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır.
11. İş materiallarında olan 25.11.2019-cu il tarixli 1-Z1-3-0-556-15 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 4913,43 manat kredit verilmişdir.
12. İş materiallarında olan 25.11.2019-cu il tarixli 1-Z1-3-0-556-15 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
13. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
14. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 24.05.2021-ci il tarixə 4910,56 manat əsas borc, 42,22 manat faiz borcu, 144,02 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 783,50 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5880,30 manat borcu mövcuddur. Hüquqi dəyərləndirmə:
15. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:
16. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
20. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
21. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Həmin Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
23. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
24. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 144,02 manat cərimə borcu əsas məbləğə nisbətən yükək olmadığından, iddia həmin hissədə təmin edilməlidir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
27. Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
28. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, cavabdeh, tərəflər arasında mövcud olan kredit müqaviləsi üzrə ödəliyini icra etməmiş, bununla da müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
29. Cavabdeh apellyasiya şikayətində borcun ödənilməməsini bildirmiş və bunu yaranmış maddi çətinliklərin olması ilə izah etmişdir. Kollegiya bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin maddi çətinliklərinin ölması müqavilə üzrə öhdəliyini yerinə yetirməsini istisna edən hal deyildir.
30. Cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamasını, ekspetiza keçirilməməsini qeyd edir. Bununla bağlı kollegiya vurğulayır ki, cavabdehin 4910,56 manat əsas, 42,22 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin məbləğlərin müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac olmadığından, kollegiya iş üzrə ekspertiza təyin edilməsinə zərurət görmür. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verməmişdir.
31. Kollegiya iddia ərizəsində qeyd edilmiş gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 783,50 manat məbləğində əldən çıxmış fayda ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ müqavilə müddətinin bitdiyi andan əmələ gəlir. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi isə 25.11.2019-cu ildə 60 ay müddətinə bağlanmış və kreditin son tarixi 13.11.2024-cü ildir. Faizlərin hesablanması müddəti bitmədiyindən iddiaçının əlavə olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əlavə faiz tələb etməsi əsassızdır olmuşdur. Odur ki, iddia tələbinin həmin hissədə əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3177/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev