Məhkəmə qərarları › İş №2(103)-1192/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1192/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1192/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4084/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 5495,04 manat məbləğində zərərin və 74,96 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5570 manat manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX 02688xx/xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********5463 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:- xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 5495,04 manat İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 5495,04 (beş min dörd yüz doxsan beş manat 04 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4084/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 228,96 (iki yüz iyirmi səkkiz manat, doxsan altı qəpik) manat akt üzrə borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi ziyanın miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi.

5. Qeyd olunanlara əsasən, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Mülki işdə olan:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AKX-02688xx/xx- 2021 nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilənin 1 ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8 ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

9. Abonent saldosundan görünür ki, 1**********5463 abonent kodu olan Cavabdeh 2023-cü ilin mart ayında qalıq və aktlar üzrə 5495,04 manat məbləğində borc hesablanmışdır.

10. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir.

11. X1 xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfinin 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 0.8x24x360=6912 m3; 3x24x360=25920 m3; 1.5x24x360=12960 m3 olmaqla, cəmi 45792 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə kompleks məhkəmə-trasoloji və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmışdır.

13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/376 nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

14. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “ Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³-i 0, 12 manat, illik istehlak həcminin 1200 m³-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0.20 manat, illik istehlak həcminin 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³- i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alararaq, qanunsuz istifadə edilmiş 12636 m³ qaz həcminin dəyəri - 1200 m³ x 0.12 manat + 1300 m³ x 0.20 manat +10136 m³ x 0.25 manat= 2938 manat təşkil edər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi nəzərə alınarsa, qazpaylayıcıya dəyən zərərin məbləği 2938 manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

17. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin paylayıcısı vurulmuş zərərin ödənilməsini qərarı ilə müəyyən istehlakçıdan edildikdə qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

30. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

34. Rayon məhkəməsində müəyyən edilmişdir ki, cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur.

35. Buna baxmayaraq, rayon məhkəməsi cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı saymış və qeyd etmişdir ki, mülki iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 360 gün deyil 30 gün hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 0.8x12x30=288 m3, 3x12x30=1080m3, 1.5x12x30=12960 m3 olmaqla, cəmi 1908 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 228.96 manat məbləğində olması müəyyən edilir.

36. Bunları nəzərə alaraq rayon məhkəməsi qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 228.96 manat həcmində təmin etmişdir.

37. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə olunmuş qazın haqqını tələb edir.

38. Belə ola halda hazırkı iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1097 (mülki hüquq pozuntusu) və 1092-ci (əsassız varlanma) maddələri təşkil edir. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində ...hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Hazırkı iş üzrə mübahisəsiz olan halları ilə müəyyən olunur ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur.

40. Qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

41. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə-trasoloji və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

42. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/376 nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

43. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Kolegiya Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/376 nömrəli tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmə barədə rəyinə tənqidi yanaşaraq hesab edir ki, müdaxilədən uzun müddət keçdikdən sonra, ekspert tərəfindən, həmin ünvanda o izlərin aşkar edilməməsi mümkün və ağılabatandır. Ən azından o səbəbdən ki, ekspertizanın keçirilməsini bilən iddiaçı tərəfindən tədqiqatın aparılmasına qədər orada – qanunsuz qoşulma yerində “ təmizləmə işlərinin aparılması” mümkün və realdır.

45. Həmçinin də xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir.

46. Hazırda araşdırmalı məsələ isə cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən borc məbləğinin əsaslı olub-olmaması ilə bağlıdır.

47. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “ Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³-i 0, 12 manat, illik istehlak həcminin 1200 m³-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0.20 manat, illik istehlak həcminin 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³- i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alararaq, qanunsuz istifadə edilmiş 12636 m³ qaz həcminin dəyəri - 1200 m³ x 0.12 manat + 1300 m³ x 0.20 manat +10136 m³ x 0.25 manat= 2938 manat təşkil edər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi nəzərə alınarsa, qazpaylayıcıya dəyən zərərin məbləği 2938 manat təşkil edə bilər.

48. Kollegiya qeyd edir ki, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi nəticəsində hesablanmış borcun məbləğinin 5495,04 manat təşkil etdiyini qeyd edən cavabdeh tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən, mütəxəssis rəyi ilə isə kənar qoşulmanın mövcud olması halında sərfiyyata görə ödənilməli olan məbləğin 2938 manat təşkil etdiyi müəyyən edildiyindən, Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələblərinin çox hissəsini təmin etməyən rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır.

49. Kollegiya hesab edir ki, cavabdehin sayğacdankənar qazdan istifadə etməsi müəyyən edildiyindən, eləcə də sayğacdankənar istifadəyə görə dəymiş ziyanın məbləğinin 2938 manat olması mütəxəssis rəyi ilə təsdiq edildiyindən, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir, cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə iddiaçının xeyrinə 2938 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul ediməli, iddia qismən təmin edilməli, cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 2938 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 74,96+37,90=112,86 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri 65 manat cavabdehdən tutulmalıdır.

54. Cavabdehdən tutulmalı məbləğ 2938 manat olduğundan, bununla da mübahisələndirilən hissədə məbləğ (5495,04-2938=2557.04) 2557.04 manat təşkil etdiyindən MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4084/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh sayğacdankənar təbii qazdan istifadəyə görə 2938 (iki min doqquz yüz otuz səkkiz) manat və 112,86 (yüz on iki manat səksən altı qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050,86 (üç min əlli manat səksən altı qəpik) manat alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya baxışı zamanı aparılmış məhkəmə-trasoloji ekspertizasının 65 (altmış beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh alınaraq köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar