Məhkəmə qərarları › İş №2(103)-11923/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11923/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11923/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı QSC «Bank Standart» KB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC «Bank Standart» KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus X1 QSC «Bank Standart» KB qarşısında girov ilə yüklü edilmiş 1999-cu il buraxılışlı, «Range Rover» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, 59D00370A mühərrik nömrəli, SALLPAMC4XA415649 ban nömrəli avtomobilin üzərinə həbs qoyularaq cavabdeh və digər şəxslər tərəfindən istifadə olunmasının qadağan edilməsi barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7935/2018 nömrəli, 26.09.2018-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və Cavabdeh mülkiyyətində olan 1999-cu il buraxılışlı, «Range Rover» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmək (avtomobili istismar etmək) qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2019 nömrəli, 02.04.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh iddianın təmin tədbirinin ləğv edilməsi ərizə ilə məhkəməyə müraciət edərək, «Range Rover» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7935/2018 nömrəli, 26.09.2018-ci il tarixli qərardadı ilə cavabdeh onun mülkiyyətində olan «Range Rover» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə məhdudiyyət qoyulmuşdur. Müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hazırda avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2019 nömrəli, 29.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh mülkiyyətində olan «Range Rover» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etməyin (avtomobili istismar etmək) qadağan edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7935/2018 nömrəli, 26.09.2018-ci il tarixli qərardadı ləğv edilməsi qərara alınmışdır. İddiaçı QSC «Bank Standart» KB həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi rədd olunmasına baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 382/2019 nömrəli, 02.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC «Bank Standart» KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi rədd edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə də iddiaçının şikayətində göstərdiyi dəlillər əsassızdır. İddia tələbi rədd edildiyindən, iddia təmin etmə tədbirinin görülməsinə dair zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı QSC «Bank Standart» KB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(004)- 382/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar