Məhkəmə qərarları › İş №2(103)-11945/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11945/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11945/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(001)-7972/2021 saylı qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.07.2017-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə ümumilikdə 576 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(001)- 7972/2021 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılmış, İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 05.11.2021-ci tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzə əsasən iddia ərizəsi verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericilikdə hazırki mülki iş üzrə iddia qiyməti 500 manatdan çox olduğundan dövlət mədaxilinə 20 manat məbləğində deyil, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılması üçün əsas yaradır. İddia ərizəsinin verildiyi vaxt qüvvədə olan "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununu 8.1.2-cu maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə olan halda iddiaçı hazırki iddianın qaldırılması üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməklə yenidən məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, qərardaddan şikayət vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(001)- 7972/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar