Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1195/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «borcun olmaması barədə arayış, preyudisiallıq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2023 saylı, 12 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı bankdan 84 ay ödəmək şərti ilə 9.000 manat kredit götürmüşdür.
2. Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-325/2022 saylı qətnaməsi ilə iddiaçıdan 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi 9.020,50 manat əsas, 1.251,97 manat faiz, cəmi 10272,47 manat borc... alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. İddiaçı Cavabdeh ASC-nin Binəqədi filialı tərəfindən «aktiv borc öhdəliyinin olmamasına» dair 26 avqust 2022-ci il tarixli 753 saylı arayış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh ASC-yə qarşı borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, Cavabdeh ASC ilə bağlanmış 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə borc öhdəliyini hər ay əmək haqqından məcburi tutulmalar hesabına yerinə yetirmişdir. Bununla bağlı, ona Cavabdeh ASC-nin Binəqədi filialından «aktiv borc öhdəliyinin olmamasına» dair 26 avqust 2022-ci il tarixli 753 saylı arayış təqdim olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının «Mərkəzləşdirilmiş Kredit Reyestri»ndə hələ də adına cavabdehlə əlaqədar olan aktiv borc öhdəliyi haqqında məlumat mövcuddur. Bu da o deməkdir ki, cavabdeh üzərinə düşən müvafiq öhdəliyi yerinə yetirməmişdir və problemin məhkəmədən xaric həlli də qeyri-mümkün olmuşdur. Cavabdeh həmçinin iddia edir ki, borcun olmaması haqqında sözügedən arayış ona «texniki problem» nəticəsində təqdim edilmişdir. Bunu isə əlbətdə ki, əsassız sayır. Çünki, uzun müddətdir ki, onun əmək haqqından cavabdehin xeyrinə məcburi tutulmalar gerçəkləşib və borc məbləği bu şəkildə aradan qalxıb. Bu baxımdan da, təsadüfi hal deyil ki, o, 26 avqust 2022-ci il tarixdə Cavabdeh ASC-nin Binəqədi filialına müraciət edərək, «aktiv borc öhdəliyinin olmaması» haqqında 753 saylı arayışı əldə etmişdir. Məhz bundan sonra cavabdehə müraciət edərək üzərinə düşən öhdəliyi icra etməsini xahiş etmişdir. Cavabdeh isə qeyd etdiyi kimi, üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bu da, məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Cavabdehlə onun arasında yaranmış hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Bu hal cavabdeh tərəfindən ona təqdim edilmiş 26 avqust 2022-ci il tarixli 753 saylı arayışla öz təsdiqini tapır. Lakin Cavabdeh ASC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə baxmayaraq müvafiq məlumatı "xxxx" MMC-yə «Məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi» Qaydalarına uyğun olaraq verməmişdir. Halbuki, banklar fiziki və hüquqi şəxs olan borc alanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borc alanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında büroya məlumat verməlidir. Beləliklə, cavabdeh "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayanı və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş və onun hüquqlarını pozmuşdur. Hesab edir ki, borcun olmaması halı istinad etdiyi arayış növündə sənədlə öz təsdiqini tapdığından 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə aktiv borc öhdəliyinin olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tələbinin əsası kimi cavabdehin «Binəqədi» filialı tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 753 saylı arayışa istinad edir. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh ASC-də xx.xx.2022-ci il tarixə heç bir aktiv borc öhdəliyi yoxdur. Məhkəmə qeyd edilən arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olunur ki, həmin arayış real vəziyyəti əks etdirmir, bankın əməliyyat sistemində yaranmış nasazlıqla bağlı olaraq iddiaçıya təqdim olunmuşdur. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının cavabdehə 09 iyul 2020- ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə aktiv borcu mövcuddur, kredit müqaviləsi üzrə yalnız 1.718 manat 40 qəpik ödəniş edilmiş, qalan borc ödənilməmişdir. 06 fevral 2023-cü il tarixə qalıq borc 10.254 manat 47 qəpik təşkil edir. İşin qeyd olunan halını Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(073)-325/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi (icra edilməmişdir), Cavabdeh ASC-nin 16 fevral 2023cü il tarixli 20xx/xx/1360 saylı məktubu, eləcə də, təqdim edilmiş digər sənədlər təsdiq edir. Bu səbəbdən, iddia təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edərək şikayətdə göstərir ki, sözügedən qətnamə qanunsuz və əsassız olduğundan, yəni nəticəsi işin faktiki hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş “aktiv borc öhdəliyi”nin olmaması haqqında arayışa baxmayaraq, məhkəmə bu hala düzgün hüquqi qiymət verməmiş və bununla da göstərilən maddi hüquq normalarını pozmuşdur. Qətnamə qanuna, sübutlara və faktlara əsaslanmadan, tərəflərin hüquqi bərabərliyi təmin edilmədən qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan).Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan).Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
20. İddiaçı qətnaməni ona görə qanunsuz və əsassız sayır ki, Cavabdeh ASC-nin Binəqədi filialı tərəfindən ona 26 avqust 2022-ci il tarixli 753 saylı arayış verilərək həmin tarixə heç bir aktiv borc öhdəliyinin qalmadığı bildirilmişdir. Məhz bu arayışa görə hazırki iddia irəli sürülmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək göstərir ki, bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində 26 avqust 2022-ci il tarixdə kredit müqaviləsi üzrə qalıq borc silinmiş, məsələ ilə bağlı müvafiq düzəlişlər icra edilərək 29 avqust 2022-ci il tarixdə müqavilə üzrə qalıq borc bərpa edilmiş, 06 fevral 2023-cü il tarixə müqavilə üzrə qalıq borc 10254,47 manat təşkil edir(bax.i.v.27.).
21. Sübutlar məsələsinə gəldikdə isə, hansı ki, bu məsələ də mülki prosessual qanunvericiliyin imperativ tələbidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Hazırki iddia üzrə tələbin əsası kimi istinad etdiyi halları iddiaçının sübut etməli olması heç bir mübahisə doğurmur. Lakin iddiaçı istinad etdiyi hallara dair, yəni cavabdehə borcunun olmamasına dair Cavabdeh ASC-nin Binəqədi filialı tərəfindən ona 26 avqust 2022-ci il tarixdə verdiyi 753 saylı arayışdan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə qeyd olunan arayışın verilməsi səbəbini göstərir. Əksinə işdə olan digər sübutlar iddianın əsassızlığını təsdiq edir. Yəni, işdə olan digər sübutlar, o cümlədən qanuni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-325/2022 saylı qətnaməsi ilə iddiaçıdan 09 iyul 2020-ci il tarixli kredit müqaviləsi 9.020,50 manat əsas, 1.251,97 manat faiz, cəmi 10272,47 manat borc alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bu qətnamə ilə qət olunan məbləğin ödənilməsi isə təsdiq olunmur. Əksinə borclu İddiaçı Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 28 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayəti Cəlilabad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, bu qərardad isə Şirvan Apellyasiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
23. Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
24. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
25. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının cavabdehə borcunun mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, yəni iddiaçının borcu olmadığına dair istinad etdiyi kredit müqaviləsi üzrə borcunun qaldığı və ödənilmədiyi təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3294/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.