Məhkəmə qərarları › İş №2(103)-1197/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1197/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1197/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5548/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh MTK-nin sədrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, “Mən, İddiaçı yazıb Sizdən xahiş edirəm ki, X3 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 1 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində Cavabdeh MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adıma rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mrtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayş mənzilinə aid 41 saylı xx.xx.2018ci il tarixli müqaviləyə xitam verəsiniz. Həmin mənzilin dəyərini tamamilə aldım. Bu işlə bağlı mənim Cavabdeh MTK-nə qarşı heç bir iddiam, şikayətim və tələbim yoxdur.”

2. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 24.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

3. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

4. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

5. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 20.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

6. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

7. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X8 və etibarnamə əsasında X5 öz imzaları ilə təsdiqləmişlər.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MTK-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dən ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının 2-ci giriş Xİ mərtəbəsində 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kvm. olan mənzilin cavabdehə satılmasına görə ona ödənilməyən 48.000 manat pulun, habelə ödədiyi 234 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının 2-ci giriş Xİ mərtəbəsində 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kv.m olan mənzil əvvəllər X4 məxsus olmuş, sonuncu ona 130.000 manat pul verməli idi, o pulun əvəzinə bu mənzili müqavilə əsasında Tamaradan almışdır. Sonra isə həmin mənzilə dair cavabdehlə müqavilə bağlamışdır. Həmin dövrdə o, mənzili satmaq istəyirdi, Cavabdeh MTK-nin sədri Fəzli Əzizov ona dedi ki, mənzili satmaq olmaz, əgər mənzili satmaq istəyirsə onda onlara satsın. O, məcbur olub onunla razılaşmış və mənzili 2019-cu ilin fevral ayında 130.000 manata satılmasını danışmışlar və F.Əzizov ona hissə-hissə 82.000 manat pul vermişdir. Cavabdeh aktlarda 84.000 manat göstərsə də, ona 82.000 manat pul vermişdir. Lakin bu günə qədər qalan 48.000 manat pulu ona vermir. Dəfələrlə gedib pulunu istəsə də cavabdeh pulunu verməkdən imtina edir. Ona deyir ki, “get hara istəyirsən şikayət et”. xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli aktlardan da görünür ki, cavabdeh mənzilin dəyərini ona hissə-hissə vermişdir, birdəfəyə verməmişdir. Onu da qeyd etmək istəyir ki, o, həmin mənzili o dövrdə 160.000 manata satırdı, lakin Fəzli Əzizov ona imkan vermədi və özü həmin mənzili ondan almışdır. Nəticədə onu aldatmışlar və o, pulunu cavabdehdən ala bilmir. Ona görə də o, məhkəməyə müraciət edir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5548/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları (X6 ilə borcun müqabilində mənzili almasına əsas olmuş müqavilə, cavabdehlə mübahisəli mənzilə dair aralarında bağlanmış müqavilə, mənzilin dəyərinin 130.000 manat olması, cavabdehin mənzilin dəyərindən 48.000 manatı ödəməməsi) məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nin sədrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, X3 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 1 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində Cavabdeh MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mrtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayış mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş, həmin mənzilin dəyərini tamamilə aldığını və bu işlə bağlı Cavabdeh MTK-nə qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin Mülki Məcəlləsinin 21.1, 21.2-ci; Mülki Prosessual Məcəllənin 218.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5548/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamədə qeyd edir ki, guya ki, o, mənzilə dair müqavilənin surətini və digər sübutları məhkəməyə təqdim etməmişdir. Bu doğru deyil, o, iddia tələbinə dair bütün sübutları məhkəməyə təqdim etmişdir, lakin onun sənədlərinə baxılmamışdır. MTK–nın direktoru Fəzli Əzizov 2019-cu ildə mənzilin 130.000 manat satış dəyərindən ona 82.000 manat hissə-hissə pul vermişdir, Lakin aktlarla isə 84.000 manat göstərmişdir. Cavabdeh bu günə qədər qalan 48.000 manat pulu ona verməkdən imtina edir. İşdə olan 6 aktlardan görünür ki, cavabdeh mənzilin dəyərini ona hissə-hissə vermişdir, bir dəfəyə ödəməmişdir. Həmin mənzil o dövrdə 160.000 manata satılırdı, lakin Fəzli ona imkan vermədi, o özü həmin mənzili ondan almışdır. Nəticədə Fəzli onu aldatmış, o, isə ondan qalan pulunu ala bilmir. 2018-ci ildə həmin mənzilin üzərində həbs var idi, həmin həbs Azərbaycan Kredit Bankının ərizəsinə əsasən qoyulmuşdu, sonra isə həmin mənzilə həbs qoymuşdur. Fəzli ona demişdir ki, mənzilə qoyulan həbsi o götürəcəkdir, lakin götürmədi, belə olan halda o, özü mənzilin üzərindən həbsi götüzdürüb. Sabunçu RM işə obyektiv baxmadı, MTK–nın tərəfini saxlamışdır, işi hərtəfli araşdırmamışdır, işə 5 dəqiqənin içərisində baxıb qurtarmışdır. O, məhkəməyə vəsatət verib xahiş etmişdir ki, satılan mənzili o dövrdəki dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilsin, lakin məhkəmə əsassız olaraq onun vəsatətini təmin etməmişdir. O, məhkəmənin qətnaməsindən razı deyil. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuzdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mənzili təmirli olmuşdur. Tamaranın borcu var idi, əvəzinə ev əldə edib. MTK elə bir şərait yaratmışdır ki, vətəndaşlar həmin mənzilləri müstəqil şəkildə sata bilmir, yalnız MTK-ya sata bilirlər. Satdığı mənzilin qiymətinin 130 min manat olmasını qarşı tərəf özü də etiraf etmişdir. İş materiallarında olan Cavabdeh MTK-ya qarşı heç bir iddia və tələbi olmaması ilə bağlı ərizəyə dair bildirit ki, həmin ərizə xx.xx.2019-cu il tarixində verilmişdir. Bütün ödənişlər isə ərizədən sonra olmuşdur. Bu onu sübut edir ki, bütün ödənişlər tam şəkildə olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X7 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iş üzrə iki dəfə ekspertiza təyin olundu və hər iki ekspertiza üzrə eyni məzmunlu imtina verildi. Tərəflər arasında 2019-cu il tarixində razılaşma əldə olunmuşdur. İddiaçı tərəf iddia edir ki, guya mənzil 160 minə satılmalı idi və onun yarısı ona verilmişdir. 2019-cu il tarixində qarşı tərəf notarial qaydada ərizə vermişdir, iddiaçı həmin ərizəni mübahisələndirməmişdir. Ərizənin məzmununda qeyd edilir ki, onun Cavabdeh MTK-ya qarşı həmin mənzilə görə iddia tələbim yoxdur, ona çatası pul ödənilmişdir. Qarşı tərəf 5 il ərzində nə rəsmi, nə də şifahi şəkildə bununla bağlı müraciət etməmişdir. Burada kifayət qədər yüksək məbləğin mübahisəsi gedir. Bundan başqa biz iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə də təqdim etmişlər. Onlar Cavabdeh MTK ilə qarşı tərəfə məxsus müqavilələri məhkəməyə təqdim edir. Müqavilədən görünür ki, qarşı tərəfə həmin dövrə görə tam təmirli mənzillərin dəyəri ədalətli şəkildə təqdim olunmuşdur. Həmin əmlak çox güman ki satılmışdır. Əmlakın satış qiyməti haqqında məlumatı yoxdur. Çünki MTK hal-hazırda tikinti fəaliyyəti göstərməməkdir və bir sıra sənədlər itmişdir. MTK-nın fəaliyyətinə hələ xitam verilməmişdir. 101 saylı mənzil təmirsiz olmuşdur.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onalrın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 25.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.528-ci maddəsinin tələblərinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 30.529.1 və 529.2-ci borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 31.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 32.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 33.646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17-də inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilini cavabdehə qaytardığını, tərəflər arasında əldə olunmuş razılaşmaya görə cavabdehin bunun müqabilində 130.000 manat məbləğində pul ödəməli olduğunu, buna baxmayaraq sonuncu tərəfindən həmin məbləğdən cəmi 82.000 manat ödənildiyini, qalan məbləği ödəməkdən imtina etdiyini qeyd edərək, ödənilməmiş 48.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından da müəyyən edilir ki, cavabdeh mübahisəli daşınmaz əmlakı sahibliyinə keçirtmək məqsədilə hissə-hissə olmaqla 84.000 manat məbləğində pul ödəmişdir.

39. Göründüyü kimi tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əmlakın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Yaranmış münasibətlərə uyğun gələn mülki qanunvericiliyin müvafiq normalarına görə də alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.

40. Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər mübahisəli əşyanın qiyməti, müəyyən edilən məbləğin cavabdeh tərəfindən tam ödənilib-ödənilmədiyi, yəni müqavilə ilə üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra edilib-edilmədiyi, icra edilməyibsə - ödənilməli olan məbləğin həcmi təşkil edir. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin lazımi qaydada icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə alınmış əmlakın müqabilində pulun müvafiq məbləğdə iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı halda isə nəzərə alınmalıdır ki, İddiaçı Cavabdeh MTK-nın sədrinə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizə ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mrtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayş mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş, həmin mənzilin dəyərini tamamilə aldığını, bununla bağlı onun Cavabdeh MTK-ya qarşı heç bir iddia, şikayət və tələbi olmadığını təsbit etmişdir.

42. Məhkəmə kollegiyası Mülki Məcəllənin 529.1 və 529.2-ci maddələrinə istinadən qeyd etməyi zəruri sayır ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. İş materiallarından da görünür ki, iddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə ilə öhdəliyin icrası kimi cavabdeh tərəfindən təklif olunmuş hərəkəti qəbul etmişdir.

43. Belə olan halda, 84.000 manat məbləğində edilmiş ödənişi öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmayan iddiaçı sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, natamamdır. İş materiallarından isə görünür ki, iddiaçı iddianın əsası olaraq istinad etdiyi faktiki halları təsdiq edən, həmçinin cavabdehin iddiaya etiraz olaraq istinad etdiyi halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının 4 ildən artıq müddətdən sonra hazıkrı iddia ilə məhkəməyə müraciət etməsi də ağlabatan görünmür.

44. İddiaçının verdiyi ərizənin tarixi ilə edilmiş ödənişlərin tarixləri ardıcılığına istinadını, həmçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri yoxlamaq məqsədilə tərəfindən verilmiş vəsatəti nəzərə alan kollegiya məhkəmə ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq növdən ekspertiza təyin edilmiş, tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, daha sonra müstəqil qiymətləndirici xidmətinə həvalə edilmişdir. Buna baxmayaraq həmin qurumlar tərəfindən tədqiqatın keçirilməsindən texniki səbəblərdən imtina edilmişdir.

45. Məhkəmə kollegiyası xatırladır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

46. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Beləliklə də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının Xİ mərtəbə 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kv.m olan mənzilin özgəninkiləşdirilən zaman mövcud olmuş bazar qiymətinin 84.000 manat məbləğində olmadığı, yəni cavabdehin müqaviləyə əsasən əmlakın şərtləşdirilmiş qiymətinin ödənilməmiş olduğu, bununla da üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi hallarını işdə olan materiallara əsasən müəyyən etmək mümkün olmamışdır.

48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

50. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5548/2023 saylı 12 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar