Məhkəmə qərarları › İş №2(103)-1197/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1197/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1197/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc üzrə tutmanın əmlaka yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5079/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdehlər ər-arvaddır, onların nikahı 1985-ci ildə qeydə alınıb (iş v. 50). 2.İddiaçı (kredit verən) ilə Cavabdeh1 (kredit alanın) arasında 600.000 manat məbləğində pulun kredit verilməsinə dair xx.xx.2013-cü il tarixli 10-S-1-0-698-13 nömrəli kredit müqaviləsi bağlanıb (iş v. 20). 3.Kredit alan öhdəliyini lazımi qaydada icra edilmədiyinə görə, kredit verən məhkəməyə müraciət edib, məhkəmə kredit alandan 812.708,24 manat pulun tutulmasını qət edib. Bu barədə Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(001)- 2319/2017 nömrəli qətnamə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-117/2021 nömrəli qətnamə qəbul olunub (iş v. 34). Kredit verən bildirir ki, qətnamə tam icra olunmayıb. 4.Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən, ümumi sahəsi 131,1 kv.m təşkil edən qeyri-yaşayış binası və həmin binaya aid olan, sahəsi 5,0 ha təşkil edən torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2011-ci ildə dövlət reyestrində qeydə alınıb (iş v. 11). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, kredit borcunun tutulması barədə məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə qalan 297.708,24 manat borc kredit alanın arvadının adına qeydə alınmış qeyri-yaşayış binasına və həmin binaya aid olan torpaq sahəsinə yönəldilsin. 6.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikyətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.AR Ailə Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunub: “Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar”. Bu maddədəki “məhkəmə tərəfindən müəyyən edildikdə” ifadəsi onu təsdiq edir ki, vəsaitin ailə ehtiyacları üçün istifadə olunub-olunmadığını müəyyən etmək məhkəmənin səlahiyyətinə aiddir. 11.Kredit verən iddia edir ki, pul ailə ehtiyacları üçün istifadə olunub. Belə iddia irəli sürüldüyü halda, bunun əksini sübutetmə yükü ailənin (ər-arvadın) üzərinə düşür. Həmin qaydanın aşağıda göstərilən iki səbəbi var: 12.Birinci, kredit verən pulun xərclənməsinə nəzarət etmək imkanına malik deyil, xərclərə dair sübutlar (ödəniş qəbzi və s.) onu xərcləyəndə olur. Əgər pul ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün xərclənibsə, onu xərcləyən bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. 13.İkinci, pulun xərcləndiyi ehtiyaclar ailə sirri ola bilər, kredit verən ailə sirrinə aid məlumatları toplamaq hüququna malik deyil. Ümumiyyətlə, kredit verən ailə işinə qarışa bilməz. AR Ailə Məcəlləsinin 1.3-cü maddəsindən görünür ki, ailə qanunvericiliyi ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən irəli gəlir. Odur ki, pulun ailə ehtiyacları üçün istifadə olunduğunu sübutetmə yükünün kredit verənin üzərinə qoyulması qanunvericiliyə ziddir. 14.Cavabdehlər pulun ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün istifadə olunduğuna dair sübut təqdim etməmişlər. Apellyasiya icraatı zamanı iki dəfə məhkəmə iclası təyin olunmuş, lakin cavabdehlər izahat vermək üçün iclasların heç birinə gəlməmişlər. Bu vəziyyət isə belə qiymətləndirilir ki, cavabdehlər sübutları (pulun xərcləndiyi ehtiyaclara dair sübutları) özlərində saxlayıb məhkəmənin tələbi ilə təqdim etmirlər. AR Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə də məhkəmə hesab edir ki, pulun ailə ehtyacları üçün istifadə olunduğu iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən olunmuş hesab edilməlidir. 15.Ərin tərəf olduğu icra sənədi üzrə ödəmənin ər-arvadın ümumi əmlakına yönəldilməsi, bu əmlak kifayət etmədikdə isə arvadın ayrıca əmlakına yönəldilməsi icra sənədinin icrası üzrə icraat çərçivəsində icra məmuru tərəfindən həyata keçirilə bilər. Ailə Məcəlləsinin 41.2-ci maddəsindən görünür ki, məhkəmə yalnız öhdəlik üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə olunub-olunmadığını müəyyən etməlidir. 41.2-ci maddə həm də icra sənədi üzrə icraatı tənzimləyir. Belə ki, “İcra haqqında” Qanunun 1.1-ci maddəsindən görünür ki, icra haqqında AR qanunvericiliyi yalnız həmin Qanundan deyil, həm də digər qanunvericilik aktlarından ibarətdir. 41.2-ci maddə “digər qanunvericilik aktı” adı ilə icra qanunvericiliyinin tərkib hissəsi hesab olunur. Odur ki, icra məmuru 41.2-ci maddəyə istinad edərək məcburi icra tədbiri kimi əmlaka tutma yönəltmək hüququna malikdir. Öhdəlik üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra məmuru ödəməni həmin əmlaka yənəltməkdən imtina edərsə, tələbkar icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Ər-arvad ödəmənin əmlaka yönəldilməsinə görə məsuliyyət daşımadıqlarına görə, onlara qarşı yönəldilmiş belə tələb təmin oluna bilməz. 16.Beləliklə, qətnamə ləğv edilməli, iddianın əsası nəzərə alınmaqla onun qismən təmin olunması, yəni kredit müqaviləsi üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi barədə qətnamə qəbul olunmalı, cavabdehlərə (ər-arvada) qarşı yönəlmiş iddianın qalan hissəsi isə təmin edilməməlidir. 17.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5079/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Kredit verən "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10-S-1-0-698-13 nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin Cavabdeh1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 75 manat Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar