Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1198/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Cəlilova Hüriyyə Yəhya qızının nümayəndəsi və vəkili Qasımov Tural Mətləb oğlunun, cavabdeh Həsənov Rahib Xanlar oğlunun iştirakları ilə, İddiaçı Cəlilova Hüriyyə Yəhya qızının cavabdeh Həsənov Rahib Xanlar oğluna qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3307/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cəlilova Hüriyyə Yəhya qızı cavabdeh Həsənov Rahib Xanlar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Şəhər məhkəməsinin 2(078)383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, Həsənov Rahib Xanlar oğlundan onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Yusif Rahib oğlunun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cəlilova Hüriyyə Yəhya qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər məhkəməsinin 2(078)383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Həsənov Rahib Xanlar oğlundan onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Yusif Rahib oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat aliment tutulması qət edilmişdir. Hesab edir ki, hazırda məhkəmənin qərarı ilə tutulan alimentin miqdarı artırılmalıdır. Bundan əlavə uşağın onun himayəsində olması, uşağın böyüdükcə tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3307/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Həsənov Rahib Xanlar oğlundan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Yusif Rahib oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq Cəlilova Hüriyyə Yəhya qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini maddi imkanlarının aşağı olması, ikinci nikahından iki azyaşlı uşağının olması, 280 manat əmək haqqının olması və birinci instansiya məhkəsinin məhkəmə iclasında onun iştirakını təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin, yeni ailəsini saxlanması ilə bağlı əlavə qazanclarının olduğunu və atasanın da 230 manat pensiya aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə özünün apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın təmin edilməməsini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir. Kollegiya iddiaçının izahatını bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər məhkəməsinin 2(078)383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cəlilova Hüriyyə Yəhya qızı ilə Həsənov Rahib Xanlar oğlundan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Yusif Rahib oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat alimentin alınaraq, Cəlilova Hüriyyə Yəhya qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 092542 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Həsənli Yusif Rahib oğlu xx.xx.2012-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. Atası Həsənov Rahib Xanlar oğlu, anası Cəlilova Hüriyyə Yəhya qızıdır. İş materiallarında olan AZ-İ 174558 saylı nikahın pozulması haqqında şəhdətnamədən görünür ki, Həsənov Rahib Xanlar oğlu və Həsənova Hüriyyə Yəhya qızı arasında nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Naçıvan Şəhər Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində hər uşaq üçün 110 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının qazanc əldə etdiyini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı uşağa qulluğa görə ödənişsiz məzuniyyətdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun, cəmi 280 manat qazanc əldə etdiyi və yeni nikahından iki azyaşlı uşağının olması dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar cavabdehi iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, cavabdehin fiziki vəziyyəti onun müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına maneə törətmir və o, işləyərək ata kimi üzərinə düşən vəzifəni icra etməklə övladının təminatında iştirak edə bilər. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3307/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1198/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1198/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver