Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1198/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(003)-3753/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun alınaraq ona ödənilməsi və həmin məbləğin onun pensiyasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 aprel 2012-ci ildən 13 iyun 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin Kadr Təminatı İdarəsinin Hərbi xidmətə qəbul şöbəsinin rəisi vəzifəsində işləyərkən, qardaşı X1 vasitəsilə ona müraciət etmiş, bir çox vətəndaşı, o cümlədən onu aldadaraq guya vətəndaş İddiaçı Xüsusi Riskli Xilasetmə Xidmətinə və Niyaz Məmmədovu isə X7 Xidmətinə işə düzəltməyə söz verərək ona yalandan vəd edərək 2016-cı ili aprel ayında Fövqəladə Hallar Nazirliyinin İnzibati binasında ondan 3000 manat və 2016-cı ilin may ayında isə atası Məmmədov Eyvazdan 5000 manat olmaqla 8000 manat pul alaraq, mənimsəmiş və etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Haqqında xeyli vətəndaşın ərizəsi əsasında dələduzluq və vətəndaşları rüşvət verməyə təhrik etməklə cinayət əməli etliyinə görə barəsində cinayət məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310.32.4, 312.1 və 32.4,312.2 maddələri ilə cinayət işi açılmışdır. Bakı Hərbi Məhkəməsində işə baxılarkən vətəndaş Cavabdeh törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanın ödəyəcəyinə söz versə də bu günə qədər 11 nəfər zərərçəkmişə vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(003)-3753/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən maddi hüquq normalarını, prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, o, Bakı Hərbi Məhkəməsinin 06 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310, 32.4, 312.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. X3 ona pul verməsi ilə bağlı epizodu Bakı Hərbi Məhkəməsi belə təsbit etmişdir: “Cəbrayılov qeyd olunan vəzifədə işləyərkən, İddiaçı Xüsusi Riskli Xilasetmə Xidmətinə, Niyaz Məmmədovu isə X6 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı X4 yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında İddiaçı 3000 manat, 2016-cı ilin may ayında isə Eyvaz Məmmədovdan Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat almaqla ümumilikdə 8000 manat alaraq dələduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir.” Buna səbəb, hazırda imperativ xarakter daşıyan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7nömrəli qərarının 36-cı bəndi olmuşdur. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətləri vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312ci maddəsinin qeydində nəzərdə tutulmuş halları müəyyən edilmədikdə həmin şəxslərdə cinayət məsuliyyətlərinə cəlb edilməli məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak CM-nin 99-1.1.2-ci maddələrinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Göstərilən qərardan aydın olur ki, təqsirli şəxsin əməli həm Cinayət Məcəlləsinin 178-ci, həm də 32.4, 312-ci maddələri ilə qiymətləndirildiyi halda rüşvət qismində verilməsi nəzərdə tutulan əmlak xüsusi müsadirənin predmetidir, dövlət nəfinə alınmalıdır, həmin əmlakı verən şəxsi isə zərərçəkmiş şəxs hesab edilmir. Bakı Hərbi Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(093)-23/2018 nömrəli hökmü ilə heç kim zərərçəkmiş şəxs qismində tanınmamış və maddi ziyan müəyyən edilməmişdir. Yəni zərərçəkmiş şəxs qismində qanunvericiliyə əsasən maddi ziyanın ödənilməsi ilə əlaqədar proses iştirakçılarının iddia ilə müraciətlərinin təmin edilməsi mümkün deyil. Məhkəmə qətnamə ilə Ali Məhkəmənin Plenumunun qərarlarına zidd olaraq dövlət büdcəsinə tutulmalı olan pulun İddiaçı verilməsini qət etmişdir. Məhkəmə qanunvericiliyin normaların səhv şərh edərək onları təhrif etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu səhv təsfir etmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İşin apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ləğv edilməsini, işə iştirakının olmadan baxılmasını və iddia müddəti ötürüldüyünə görə tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı onun barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməmiş və mülki iddia verməmişdir. Məhkəmə Bakı Hərbi Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(093)-23/2018 nömrəli hökmünü preyudisial hesab etmiş və başqa sübuta ehtiyac bilməmişdir. Belə olan halda hakim nəzərə almamışdır ki, İddiaçı cinayət prosesində şahid qismində iştirak etmiş və hökmdə də şahid kimi göstərilmişdir. Faktiki olaraq, İddiaçı tələb etdiyi pul dövlət nəfinə alınmalı olan puldur. Məhkəmə iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında, həmçinin iştirak etmək istəyib-istəməməsi barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakı barədə arzusunu bildirməmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, əlyazma ilə yazılmış qəbzdən görünür, Bakı Hərbi Məhkəməsinin 06.03.2018-ci il tarixli 1(093)-23/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə qəti olara 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, İddiaçı Xüsusi Riskli Xilasetmə, Niyaz Məmmədovu isə X7 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı İddiaçı yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında İddiaçı 3000 manat, 2016-cı ilin may ayında isə Eyvaz Məmmədovdan Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat olmaqla, ümumilikdə 8000 manat pul alaraq, özgənin xeyli miqdarda əmlakını özqulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir. İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.10.2021-ci il tarixli, 2(103)-9935/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)- 2468/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mübahisənin mahiyyətini mülki hüquq pozuntusu (delikt) təşkil etdiyindən, bu mübahisələr üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti 10 il təşkil edir. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(003)-3753/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1198/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1198/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver