Məhkəmə qərarları › İş №2(103)-11985/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11985/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11985/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-828/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cvabdeh Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Premium Dental” stamatoloji klinikasında çalışan stamatoloq iş üzrə Cavabdeh bir dişin implantasiyası üçün 800 manat olmaqla, 13 dişin implantasiyası üçün 10400 manat məbləğində ağız boşluğunun sağlamlığına vurulmuş zərərin əvəzinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla Cavabdeh tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, alt çənə sümüyündə yerləşən dişlərinin kanal müalicəsi (Kanal müalicəsi (endodontiya) - kanal müalicəsi prosedurudur, pulpanın ziyan gördüyü vəziyyətlərdə tətbiq olunan bir müalicə şəklidir) məqsədilə Bakı şəhəri, Azadlıq prospekti 187-də yerləşən “Premium Dental” stamatoloji klinikasında çalışan, 5-6 ildir tanıdığı, bir neçə il əvvəl üst çənə sümüyündə yerləşən dişlərini müalicə etmiş tanış stomatoloq Cavabdeh (cavabdehə) müraciət etmişdir. İddiaçı bir dişin müalicə dəyəri 120 manat olmaqla, ümumilikdə 13 dişinin kanal müalicəsi üçün cavabdehə ödəniş etmişdir. Stomatoloq Cavabdeh oğlu onun dişlərinin kanal müalicəsini həyata keçirmək məqsədilə alt çənə sümüyündə yerləşən dişlərin sinirlərini çıxarmış, daha sonra kanalları təmizləyib guya doldurmuşdur. Belə ki, dişlərin kanal müalicəsi zamanı diş kanallarının düzgün doldurulmaması səbəbindən dişlərdə kəskin iltihablaşma (kist) yaranmışdır. Bundan sonra stomatoloq Cavabdeh onu öz kirvəsi olan Yusif adında başqa bir stomatoloqa dişlərdəki iltihabı təmizləməsi üçün yönləndirmişdir. Stomatoloq Yusif doktor dişlərdəki iltihabı təmizləmək üçün iddiaçıdan 500 manat məbləğ pul tələb etmişdir. Həmin məbləğ bu prosedur üçün şişirdilmiş qiymət olduğundan, Cavabdeh kirvəsi Yusif doktorla aralarında danışıqlardan apardıqdan sonra 300 manat məbləğində ödəniş etməyə onunla aralarında razılığa gəlmişlər. Daha sonra təsadüfən Cavabdeh ilə 10 il birlikdə işləmiş onun iş yoldaşı və qonşusu olan stomatoloq Hafiz doktorla qarşılaşmışdır. Türkiyədə ali tibb təhsili alan Hafiz doktorun ali tibb savadına güvənərək dişlərinin vəziyyəti barədə onunla məsləhətləşmişdir. O, iş yoldaşı Telman doktor barəsində “dələdüz insanın biridir” kimi ifadəsiylə onu xəbərdarlıq etmişdir. Həmin stomatoloq onun dişlərinin ağız boşluğunun ümumi rentgeni ilə tanış olduqdan sonra bildirmişdir ki, onun alt çənə sümüyündə yerləşən dişlərində kanal müalicəsi düzgün aparılmamış, bu səbəbdən iltihab müalicəsi mümkün olmayacaq həddə çatmış və infeksiya dərinləşmişdir. Əlavə olaraq bildirmişdir ki, hətta bu dişlərin müalicəsi mümkün olsa belə, kanal müalicəsi üçün maksimum 50 manat məbləğində xərc tələb olunur. Həmçinin, onu da qeyd etmişdir ki, bir neçə il öncə ona kanal müalicəsi etdirdiyi üst çənə sümüyündə yerləşən dişlərin də aqibəti 3-5 aya eyni bu şəkildə olacaq. Artıq qeyd edilən alt çənə sümüyündə yerləşən dişlərin cavabdeh tərəfindən düzgün kanal müalicəsi aparılmadığı səbəbindən infeksiyanın dərinləşmiş və iltihab (kist) müalicəsi olunmayacaq səviyyə çatmışdır. Bu səbəbdən, qeyd edilən dişlərin müalicəsi mümkün olmadığından həmin dişlərin implantasiya (diş əkilmə) olunması onun ağız boşluğumun fəaliyyətinin bərpa edilməsi üçün zəruridir. Bütün bu sadalananlara əsasən, yuxarıda qeyd edilənləri nəzərə alaraq bir dişin implantasiyasının günümüzdə ən azı 800 manat dəyərində olduğunu nəzərə alsaq, cavabdeh tərəfindən düzgün kanal müalicəsi aparılmamaqla ağız boşluğunda sağlamlığına zərər vurulmuş 13 dişinin implantasiyası üçün ona dəymiş 10400 manat məbləğində zərərin ödənilməlidir. Cavabdeh tərəfindən iddiaya etiraz olaraq bildirilmişdir ki, iddiaçının iddia etdiyi kimi cavabdeh onun dişlərində hər hansı kanal müalicəsi aparmamışdır. Əvvəllər polis orqanlarında verdiyi ifadəni eyni ilə məhkəmədə də təkrar etməklə cavabdeh təxminən 7 il öncə iddiaçının üç dişinə qapaq düzəltdiyini bildirmişdir. Təsadüfi deyildir ki, iddiaçı cavabdeh tərəfindən onun 13 dişinin müalicəsinin aparılmasına dair məhkəməyə hər hansı sübut (xidmət müqaviləsi, qəbz, kassa çeki və s.) təqdim edə bilməmişdir. Eləcə də, cavabdeh iddiaçının ərizədə qeyd etdiyi “Premium Dental” klinikasında heç zaman çalışmamış və iddiaçının iddia etdiyi tarixlərdə cavabdehin digər klinikalarda işlədiyini təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Eləcə də, iddiaçının iddia tələbinin yalan və uydurma olması “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2in 531/KEŞ saylı ekspret rəyindən də məlum olur. Ekspert də dişlərdə iltihablaşmanın dəqiq səbəblərini müəyyən edə bilməmişdir. Belə ki, sonuncu aparılmış stomatoloji prosedurun iltihablaşmaya səbəb ola biləcəyini istisna etməməklə, belə bir qənaətə gəlmişdir ki, dişlərdəki iltihablaşmanın səbəbi müxtəlif ola bilər və stomotoloji prosedur yalnızca bu səbəblərdən biridir. Həmçinin, ekspert dişlərinin hamsının implantasiyasını məsləhət görməmiş, hər dişə spesifik yanaşmaqla dişdə olan iltihablaşma və digər problemə uyğun olaraq müalicə, ekstraksiyası, ortopedik konstruksiyası və dental implantasiya metodlarından birini seçməyi məsləhət görmüşdür. Bunun əksinə olaraq iddiaçı süni şəkildə iltihablaşma olan dişlərinin sayını artırmış, onlarda iltihablaşma səbəbinin məlum olmamasına baxmayaraq həmin dişlərdəki problemi cavabdehin apardığı stomotoloji prosedurla əlaqələndirmiş və hər bir dişə münasibətdə fərqli müalicə metdoları müəyyən olduğu halda hər bir dişin implantasiyası üçün ayrıca pul tələbi irəli sürmüşdür. Göstərilənlər bir daha iddiaçının iddia tələbinin əsassız olduğunu, iddia ərizəsinin qərəzli şəkildə tərtib edildiyini və cavabdəhdən qeyri-qanuni olaraq pul tələb edilməsinə yönədliyini sübut edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-828/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tibbi ekspertizasının rəyindən də göründüyü kimi iddiaçının hal-hazırda alt və üst çənədə olan dişlərində xroniki periodontit və kista əlamətləri olduğu müəyyən edilmişdir və bu əlamətlərin stomotoloji prosedurdan sonra yaranması istisna edilmir. Eyni zamanda iddiaçının dişində problem yaranması və cavabdeh tərəfindən məsuliyyətin qəbul edilməməsi səbəbilə iddiaçı tərəfindən məsələnin həlli üçün hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. İşin araşdırılması zamanı sözügedən hal cavabdeh tərəfindən qəbul olunmuş və öz izahatında əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2-3 il əvvəl diş müalicəsinin tətbiq olunmasının təzkib olunması və sadəcə qapaq qoyulduğunun iddia edilməsi səbəbilə tərəflərindən məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Ekspertiza rəyinin nəticəsindən də görünür ki, iddiaçının (14, 11, 22, 24, 25, 27, 44, 45, 46-cıdişlərində) toplam 9 dişində xroniki periodontit və kista mövcuddur və bunun səbəbi olunan stomatoloji presedurdur. Cavabdeh və onun nümayəndəsi tərəfindən təkidlə Cavabdeh “Premium Dental” klinikasında heç vaxt fəaliyyət göstərmədiyi qeyd olunmasına baxmayaraq dişə 2019-cu ildə qapaq qoyulması təzkib olunmamışdır. İddiaçı tərəfindən polisə müraciət olunduqdan sonra 2019-cu ildə iddiaçının 3 dişinə qapaq qoyulması cavabdeh tərəfindən qəbul olunmuşdur. Cavabdeh polisə verdiyi izahatda bu dişlərdə yaranan problemə dair öhdəliyi üzərinə götürdüyünü də vurğulamışdır. Lakin cavabdehin zərərin çox az hissəsini qəbul etməsi və qalan hissədə yayınması səbəbilə tərəflərindən ekspertiza ilə dəqiqləşməsi üçün cəhd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 531/KEŞ saylı ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2.3.5. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda alt və üst çənədə olan dişlərdə (14, 11, 22, 24, 25, 27, 44, 45, 46-cı dişlərdə) xroniki periodontit və kista əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklərin aparılmış stomatoloji prosedurdan sonra yaranması istisna edilmir. 4. İddiaçı müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun yenidən ağız boşluğunun sanasiyası, müalicəsi, bəzi dişlərin ekstraksiyası, ortopedik konstruksiyası və dental imlantasiyası məsləhətdir. 6. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan “Vertebra” Onurğa Tibb mərkəzinin 15.03.2021-ci il tarixli 53/21 saylı arayışından görünür ki, Cavabdeh 01.11.2011-ci il tarixindən (0,5 yarım ştat vahidi) 04.04.2018-ci il tarixinədək “Vertebra” Onurğa Tibb mərkəzində həkim-stomatoloq vəzifəsində çalışmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 15.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 10.05.2018-ci il tarixdən "xxxx" MMC-də işləyir. Hal-hazırda o, "xxxx" MMCdə həkim stomatoloq vəzifəsini tutur. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə onun alt çənə sümüyündə yerləşən 13 ədəd dişin müalicəsinin Cavabdeh tərəfdən aparılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, iddia tələbində göstərilmişdir ki, iddiaçı dişlərində kanal müalicəsinin aparılması üçün Bakı şəhəri, Azadlıq prospekti 187-də yerləşən “Premium Dental” stomatoloji klinikasında çalışan Cavabdeh müraciət etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh 01.11.2011-ci il tarixindən (0,5 yarım ştat vahidi) 04.04.2018-ci il tarixinədək “Vertebra” Onurğa Tibb mərkəzində həkim-stomatoloq vəzifəsində çalışmış, 10.05.2018-ci il tarixdən isə "xxxx" MMC-də işləyir. Yəni cavabdehin “Premium Dental” stomatoloji klinikasında işləməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı bir dişin müalicə dəyəri 120 manat olmaqla, ümumilikdə 13 dişinin kanal müalicəsi üçün cavabdehə ödəniş etdiyini qeyd etsə də, buna dair ödəniş qəbzlərini və ya başqa sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddiaçının üst çənəsində yerləşən üç dişə qapaq qoyulmuş, iddiaçının alt çənəsində yerləşən dişlərin müalicəsi isə onun tərəfindən aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Kollegiya hesab edir ki, iddiaçı öz iddiasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyi üçün, onun iddiası əsassızdır və birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-828/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar