Məhkəmə qərarları › İş №2(103)-12/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsindən cavabdehlər MMC və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddiası ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 19.05.2010-cu il tarixli, 05UM/10 saylı "xxxx" çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı “Əlavə kredit müqaviləsi” üzrə yaranmış əsa kredit borcunun ödənilməsi məqsədi ilə 480.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 52.104,77 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədi ilə 17.594,42 manat, cəmi 549.699,19 manat məbləğində pulun cavabdeh MMC-dən və 13.01.2011-ci il tarixdə bağlanmış 05UMZ/10 saylı “Zaminlik müqaviləsi”, 26.08.2011-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş” üzrə cavabdeh (zamin) Cavabdeh3, 24.12.2012-ci il tarixdə bağlanmış 05UMZ/10-2 saylı “Zaminlik müqaviləsi” üzrə cavabdeh (zamin) Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulmasını, borcun ödənilməsi məqsədi ilə tutmanın Bank ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı “İpoteka müqaviləsinin” predmetlərinə - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, bina 92 “a”-da yerləşən qapı 1, 2-dəki 119,2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 21, 22-dəki 120,9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 23, 24 və 25-dəki 77,3 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsinə, həmin binada qapı 19 və 20-dəki 105.8 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsinə, həmin binada qapı 11 və 12-dəki 70,2 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan satılmasını, onların satışından əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini, qapı 1, 2-dəki sahənin ilkin satış qiymətinin 140.000 manat, qapı 21, 22-dəki sahənin ilkin satış qiymətinin 142.000 manat, qapı 23, 24 və 25dəki sahənin 85.000 manat, qapı 19 və 20-dəki sahənin ilkin satış qiymətinin 124.000 manat, qapı 11 və 12-dəki sahənin ilkin satış qiymətinin 49.000 manat müəyyən edilməsini, satıldığı halda həmin qeyri-yaşayış sahələrinin 1 ay ərzində boşaldılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 150 manat məbləğində pulun borclu olan cavabdeh MMC və zamin olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında 19.05.2010-cu il tarixdə 05UM/10 saylı "xxxx" bağlanmışdır. "xxxx" çərçivəsində isə Bank ilə MMC arasında 20.11.2015-ci il tarixdə 176UB/15 saylı “Əlavə 3” adlı "xxxx" bağlanmışdır ki, bu müqavilə əsasında MMC, illik 18 % dərəcəsi ilə 12 ay müddətinə, yəni 20.11.2016-cı il tarixədək hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan 500.000 manat məbləğində kredit almışdır. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 borclu MMCnin qeyd edilən "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Bununla bağlı olaraq Bank ilə MMC və Cavabdeh3 arasında 13.01.2011-ci il tarixdə, Bank ilə MMC və Cavabdeh2 arasında 24.12.2012-ci il tarixdə "xxxx" bağlanmışdır. Bundan başqa, Cavabdeh1 borclu MMC-nin qeyd edilən "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət verərək özünə məxsus və iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahələrinin Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə MMC və Cavabdeh1 arasında 18.01.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. İpoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərə baxmayaraq, borclu olan MMC, kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcunu ödəməmişdir. Bunun nəticəsində yuxarıda qeyd edilən borc yaranmış və Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat, “tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün isə 150 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.06.2017-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə borcalan cavabdeh MMC arasında bağlanmış "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 480.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 52.104,77 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun borcalan olan cavabdeh MMC, zaminlər olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı Bankın xeyrinə müştərək qaydada tutulmasını, tutmanın ipoteka predmetləri olan və Cavabdeh1 məxsus qeyri-yaşayış sahələrinə yönəldilməsini, qeyriyaşayış sahələrinin açıq hərracdan satılmasını, bu məqsəd ilə qapı 1, 2-dəki sahənin ilkin satış qiymətinin 145.000 manat, qapı 21 və 22-dəki sahənin ilkin satış qiymətinin 147.00 manat, qapı 23, 24 və 25-dəki sahənin ilkin satış qiymətinin 92.000 manat, qapı 19 və 20dəki sahənin ilkin satış qiymətinin 128.000 manat, qapı 11 və 12-dəki sahənin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsini, həmin qeyri yaşayış sahələrinin açıq hərracdan satılmasını, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş borcunun ödənilməsini, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh1 verilməsini, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra onların Cavabdeh1 tərəfindən boşaldılmasını, iddia tələbinin qalan hissələrdə təmin edilməməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat və “tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş 150 manat dövlət rüsumlarının 3%-nin iddiaçı Bankın özünə aid edilməsini, rüsumların qalan hissəsinin ödənilməsi məqsədi ilə 174,60 manat məbləğində pul vəsaitinin hər 4 cavabdehdən müştərək qaydada tutularaq Banka ödənilməsini, iş üzrə aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 1.500 manatın 3%-nin iddiaçı Bankın özünə aid edilməsini, həmin xərcin qalan hissəsinin ödənilməsi məqsədi ilə 1.455 manat məbləğində pul vəsaitinin hər 4 cavabdehdən müştərək qaydada tutularaq Banka ödənilməsini qət etmişdir. Cavabdeh (borclu) MMC və cavabdeh (ipoteka qoyan) Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 09.10.2017-ci il tarixli qətnamə (İş № 2(103)- 8997/2017) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 21.02.2018-ci il tarixli qərar (İş № 2(102)-1278/2018) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, cavabdehlər MMC və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Rayon Məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, "xxxx" 2-ci maddəsində göstərilir ki, kredit müqaviləsi üzrə faiz borcları hər ay üçün müvafiq olaraq ödəniş cədvəlinə uyğun aparılmalıdır. Bütün ödənişlər cavabdeh MMC tərəfindən “Kredit müqaviləsinə” uyğun olaraq aparılmışdır. Lakin "xxxx" qanunun tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, 19.05.2010-cu il tarixli “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli “Əlavə kredit müqaviləsində” göstərilən və bu günə qədər ödənilmiş faiz borcları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə uyğun olaraq əsas borcdan silinməli, faiz borclarının isə hər ilin sonuncu həftəsində ödənilməlidir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, MMC, Banka ödəməli olduğu məbləğdən artıq pul vəsaiti ödəməsini Rayon Məhkəməsinin diqqətinə çatdıraraq iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, Rayon Məhkəməsi bunu nəzərə almamış, ekspertiza təyin etməmişdir. Daha sonra qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı da qeyri-obyektivliyə yol verilmişdir. Belə ki, 26.12.2016-cı il tarixdə əmlakların real bazar qiymətlərini müəyyən etmək üçün tərəflərindən verilmiş vəsatət Rayon Məhkəməsi tərəfindən təmin edilərək bu barədə qəbul edilmiş qərardad icra edilməsi üçün ekspertizaya göndərilmişdir. Ekspert qeyri-yaşayış obyektlərini qiymətləndirən zaman əmlakları həddən aşağı qiymətləndirmiş, hər kv.metr üçün 1.200 manat qiymət qoymuşdur. Bakı şəhərinin bu ərazisində belə qiymətə qeyri-yaşayış obyekti almaq mümkünsüzdür. Bu əmlakların dəqiq qiymətlərini müəyyən etmək üçün təkrar ekspertizanın keçirilməsi qaçılmazdır. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh MMC-nin nümayəndəsi, habelə bütün iclasların yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər cavabdehlər apellyasiya baxışına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının iclasında iştirak etmiş iddiaçı Bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı Bank iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Zaminlər – iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verməmişlər. Yuxarıda qeyd edildiyi kimi, qətnamədən apellyasiya şikayəti cavabdehlər (borclu) MMC və (ipoteka qoyan) Cavabdeh1 tərəfindən verilmişdir. MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, iddianın bir qisminin təmin edilməməsi və iddianın zamin olan cavabdehlərə münasibətdə həll edilməsi barədə Rayon Məhkəməsinin nəticəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 19.05.2010-cu il tarixli “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli "xxxx" görünür ki, bu müqaviləyə əsasən, MMC, illik 18 % dərəcəsi ilə 12 ay müddətinə, yəni 20.11.2016cı il tarixədək hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan 500.000 manat məbləğində kredit almışdır. İddiaçı Bank ilə cavabdeh MMC və Cavabdeh1 arasında 18.01.2016-cı il tarixdə bağlanmış "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1, borclu MMC-nin qeyd edilən "xxxx" üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus və iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahələrinin Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan sənədlərdən və işin hallarından görünür ki, borclu olan MMC, kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcunu ödəməmişdir. Nəticədə qeyd edilən “Əlavə kredit müqaviləsi” üzrə 480.000 manat məbləğində əsa kredit borcu, 52.104,77 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank, onunla MMC arasında bağlanmış "xxxx" şərtinə əsaslanaraq borcun ödənilməsinin gecikdirilməsinə görə MMC-yə 17.594,42 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı Bank il cavabdeh MMC arasında bağlanmış "xxxx" çərçivəsində bağlanmış "xxxx" əsasən MMC-nin iddiaçı Banka borcu yaranmış və ödənilməmiş qalmışdır. İşin qeyd edilən hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, 19.05.2010-cu il tarixli “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli “Əlavə kredit müqaviləsində” göstərilən və bu günə qədər ödənilmiş faiz borcları Mülki Məcəllənin 741-ci maddəsinə uyğun olaraq əsas borcdan silinməli, faiz borclarının isə hər ilin sonuncu həftəsində ödənilməlidir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Qeyd olunmalıdır ki, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu Qanunun 7-ci maddəsinə görə isə, hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Digər tərəfdən Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" şərtlərindən və həmin müqavilənin tərkib hissəsi olan "xxxx" görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin cavabdeh MMC tərəfindən vaxtında icra edilmədiyi halda kredit üçün faizlərin hesablanması illik həyata keçirilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 432.4-ci maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır. İş üzrə tərəflər arasında mübahisə doğuran hal borcun miqdarının düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu olan MMC, kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcunu ödəməmişdir. Nəticədə qeyd edilən “Əlavə kredit müqaviləsi” üzrə 480.000 manat məbləğində əsa kredit borcu, 52.104,77 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Apellyatorlar isə borcun miqdarının şişirdildiyini və düzgün müəyyən edilmədiyini bildirirlər. Onlar apellyasiya şikayətində göstərirlər ki, MMC, Banka ödəməli olduğu məbləğdən artıq pul vəsaiti ödəməsini Rayon Məhkəməsinin diqqətinə çatdıraraq iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, Rayon Məhkəməsi bunu nəzərə almamış, ekspertiza təyin etməmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, əsas borcun məbləğinə faizlər hesablanarkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Qeyd edilən sənədlərlə cavabdeh MMC-yə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. Həmçinin, MMC, onun Banka olan borcunun daha az olmasını, bu iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinin vacib olduğunu bildirsə də, bu xüsusatları təsdiq edə biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır. Apellyasiya şikayətində Bankın xeyrinə tutulmalı olan borcun miqdarının şişirdilmiş olması bildirildiyi üçün, Məhkəmə, cavabdeh MMC-dən iddiaçı Bankın xeyrinə tutulması qət edilmiş cərimənin məbləğinə də hüquqi qiymət verilməsini vacib bilir və bildirir ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bank, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" şərtinə əsaslanaraq borcun ödənilməsinin gecikdirilməsinə görə MMC-yə 17.594,42 manat məbləğində cərimə hesablamış və həmin cərimə məbləğinin MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi qismən təmin edərək kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun borcalan olan cavabdeh MMC-dən iddiaçı Bankın xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri və cərimənin daha aşağı məbləğdə müəyyən edilməsi üçün əsas ola biləcək sübutların apellyatorlar tərəfindən Məhkəməyə təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslıdır. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı da qeyri-obyektivliyə yol verilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən onun xeyrinə tutulmalı olan borcun ödənilməsi məqsədi ilə tutmanın Cavabdeh1 məxsus olan və 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı “İpoteka müqaviləsinin” predmetlərinə yönəldilməsini, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan satılmasını, onların satışından əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini, açıq hərracdan satılması üçün Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, bina 92 “a”-da yerləşən qapı 1, 2-dəki 119,2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140.000 manat, həmin binada qapı 21, 22dəki 120,9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 142.000 manat, həmin binada qapı 23, 24 və 25-dəki sahənin 85.000 manat, qapı 19 və 20-dəki sahənin ilkin satış qiymətinin 124.000 manat, qapı 11 və 12-dəki sahənin ilkin satış qiymətinin 49.000 manat müəyyən edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.06.2017-ci il tarixli qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, bina 92 “a”-da yerləşən qapı 1, 2dəki sahənin ilkin satış qiymətinin 145.000 manat, qapı 21 və 22-dəki sahənin ilkin satış qiymətinin 147.00 manat, qapı 23, 24 və 25-dəki sahənin ilkin satış qiymətinin 92.000 manat, qapı 19 və 20-dəki sahənin ilkin satış qiymətinin 128.000 manat, qapı 11 və 12dəki sahənin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsini qət etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi zamanı qeyri-obyektivliyə yol verilmişdir. Belə ki, 26.12.2016-cı il tarixdə əmlakların real bazar qiymətlərini müəyyən etmək üçün tərəflərindən verilmiş vəsatət Rayon Məhkəməsi tərəfindən təmin edilərək bu barədə qəbul edilmiş qərardad icra edilməsi üçün ekspertizaya göndərilmişdir. Ekspert qeyri-yaşayış obyektlərini qiymətləndirən zaman əmlakları həddən aşağı qiymətləndirmiş, hər kv.metr üçün 1.200 manat qiymət qoymuşdur. Bakı şəhərinin bu ərazisində belə qiymətə qeyri-yaşayış obyekti almaq mümkünsüzdür. Bu əmlakların dəqiq qiymətlərini müəyyən etmək üçün iş üzrə təkrar ekspertiza keçirilməlidir. Apellyasiya şikayətinin qeyd edilən bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinin gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qanunun 1.0.9-ci maddəsinə görə isə, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi işə baxarkən yuxarıda qeyd edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün 26.12.2016cı il tarixli qərardad ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirmənin keçirilməsini “X3” MMC-yə həvalə etmiş və qiymətləndirici qarşısında qoyduğu sual ilə ipoteka predmetilərinin likvid qiymətinin deyil, bazar qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Qeyd edilən qərardad əsasında qiymətləndirmə aparmış həmin MMC-də Rayon Məhkəməsi tərəfindən onun qarşısında qoyulmuş suallara uyğun olaraq ipoteka predmetlərinin bazar qiymətini müəyyən etmiş və bununla bağlı olaraq 04.04.2017-ci il tarixli “Qiymətləndirmə hesabatlarını” işə baxmış Rayon Məhkəməsinə təqdim etmişdir. İşə baxmış Rayon Məhkəməsi də iş üzrə qətnamə qəbul edərkən həmin “Qiymətləndirmə hesabatlarını” əsas götürmüş və qəbul etdiyi qətnamədə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini müəyyən etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə əməl olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alan, habelə “İpoteka haqqında” Qanunun tələblərini rəhbər tutan Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə daşınmaz əmlakların likvid qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilməli, qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə tapşırılmalıdır. "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş 26.11.2021-ci il tarixli, 04 saylı rəyindən görünür ki, ipoteka predmetləri olan və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 “a”, qapı 1, 2 ünvanında yerləşən 119,2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 295.000 manat; həmin ünvanda qapı 21 və 22-dəki 120,9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 303.000 manat; həmin ünvanda qapı 23, 24 və 25-də yerləşən 77,3 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsinin likvid qiyməti 189.000 manat; həmin ünvanda qapı 19 və 20-də yerləşən 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 262.000 manat; həmin ünvanda qapı 11 və 12-də yerləşən 70,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti 173.000 manat təşkil edir. Göstərilən səbəbdən Məhkəmə “Məhkəmə Ekspertizası və X1” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan həmin əmlakların hərracdan ilkin satış qiyməti həmin rəydə qeyd edilən məbləğlərdə müəyyən edilməlidir. Başqa sözlə apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassız deyil. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş 26.11.2021-ci il tarixli, 04 saylı rəyinə uyğun müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2017-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 “a”, qapı 1, 2 ünvanında yerləşən 119,2 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 295.000 (iki yüz doxsan beş min) manat, həmin ünvanda qapı 21 və 22-də yerləşən 120,9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 303.000 (üç yüz üç min) manat, həmin ünvanda qapı 23, 24 və 25-də yerləşən 77,3 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 189.000 (yüz səksən doqquz min) manat, həmin ünvanda qapı 19 və 20-də yerləşən 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 262.000 (iki yüz altmış iki min) manat, həmin ünvanda qapı 11 və 12-də yerləşən 70,2 kv.m sahədən ibarət qeyri–yaşayış sahəsinin ilkin satış qiyməti 173.000 (yüz yetmiş üç min) manat müəyyən edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19.05.2010-cu il tarixli, 05UM/10 saylı "xxxx" çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı “Əlavə kredit müqaviləsi” üzrə yaranmış əsa kredit borcunun ödənilməsi məqsədi ilə 480.000 (dörd yüz səksən min) manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 52.104 (əlli iki min yüz dörd) manat 77 (yetmiş yeddi) qəpik, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədi ilə 2.000 (iki min) manat, cəmi 534.107 (beş yüz üç yüz dörd min yüz yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi; borcun ödənilməsi məqsədi ilə tutmanın "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı “İpoteka müqaviləsinin” predmetlərinə - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, bina 92 “a”-da yerləşən qapı 1, 2-dəki 119,2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 21, 22-dəki 120,9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 23, 24 və 25dəki 77,3 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 19 və 20dəki 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə, həmin binada qapı 11 və 12dəki 70,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan satılmasını, onların satışından əldə oluna biləcək pul vəsaitinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərcini təşkil edən cəmi 2.250 (iki min iki yüz əlli) manat iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 bərabər hissələr ilə aid edilsin. Bu məqsəd ilə onların hər birindən 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (CİF 1967132, X6 ASC Xətai filialı, filialın kodu 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ**********000000 1944, benefisiarın hesabı AZ96Aİ1B400900C********** 107) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, rüsumu ödəmiş şəxslərin özlərinə aid edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 iyun 2017-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə həll edilməsi, yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh1 verilməsini, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra onların Cavabdeh1 tərəfindən boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat və “tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş 150 manat dövlət rüsumlarının 3%-nin iddiaçı Bankın özünə aid edilməsini, rüsumların qalan hissəsinin ödənilməsi məqsədi ilə 174,60 manat məbləğində pul vəsaitinin hər 4 cavabdehdən müştərək qaydada tutularaq Banka ödənilməsi, iş üzrə aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 1.500 manatın 3%-nin iddiaçı Bankın özünə aid edilməsini, həmin xərcin qalan hissəsinin ödənilməsi məqsədi ilə 1.455 manat məbləğində pul vəsaitinin hər 4 cavabdehdən müştərək qaydada tutularaq Banka ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar