Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1202/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 03.04.2013-cü il tarixli 1954A saylı kredit müqaviləsi üzrə yaranmış 20.871,18 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə yaranmış faiz borcu 2.105 manat, əldən çıxmış faydaya görə 20.976 manat olmaqla, cəmi 43.952,18 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan “MAN TGA” yük (tip - yəhər dartıcı, buraxılış ili - 2003, ban - WMAH05ZZZ3M370484, rəngi dəniz dalğası, dövlət nömrə nişanı ** MR ***) markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda çatışmayan məbləğin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03.04.2013-cü il tarixdə LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 1954A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 avtomobil alınması məqsədilə illik 24%, ödəniş müddəti keçmiş kredit üçün illik 48% ödəmək şərtilə bank tərəfindən 24.000 manat məbləğində kredit ayrılmış və kreditin qaytarılmasının son müddəti 03.04.2015-ci il müəyyən edilmiş, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 03.04.2013-cü il tarixdə 1954A saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “MAN TGA” yük (tip - yəhər dartıcı, buraxılış ili - 2003, ban - WMAH05ZZZ3M370484, rəngi - dəniz dalğası, dövlət nömrə nişanı ** MR ***) markalı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının DİN DYPİ-də ipotekanın qeydiyyatı aparılmış və müvafiq olaraq 03.04.2013-cü il tarixdə ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrində AA № 080038 saylı çıxarış verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 27.01.2019-cu il tarixə 20.871,18 manat əsas borc, 2.105 manat faiz borcu, 20.976 manat əldən çıxmış fayda olmaqla, cəmi 43.952,18 manat borcu qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 19.254,08 (on doqquz min iki yüz əlli dörd manat səkkiz qəpik) manat məbləğində əsas borc, 2.105 (iki min yüz beş) manat faiz borcu, 500 (beş yüz) manat cərimə (dəbbə), cəmi 21.859,08 (iyirmi bir min səkkiz yüz əlli doqquz manat səkkiz qəpik) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “MAN TGA” 18.410 YÜK (tip yəhər dartıcı, buraxılış ili - 2003, ban -WMAH05ZZZ3M370484, rəngi - dəniz dalğası) markalı ** MR *** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtombilin açıq hərracda satılması, avtomobilin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi, əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi və borc ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərcinin müştərək qaydada Cavabdeh1 və ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsində iddia tələbi üzrə kredit müqaviləsinə görə yaranmış faiz borcun cavabdehdən tutularaq Banka ödənilməsi hissəsində təmin edilsə də, əsas məbləğ və əldən çıxmış fayda hissəsində tələbləri qismən təmin edilmiş, qətnamə qəbul edilərkən faktiki hallara düzgün qiymət verilməmiş və iş üzrə səhv qərara gəlinmişdir. Belə ki, məhkəmə cavabdehin maliyyə məsuliyyətinin həddini hansı meyarlar əsasında müəyyən etdiyini, həmin həddin nədən ibarət olduğunu qətnamədə göstərməmişdir. Qanunvericiliyə və Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün gecikdirilmiş faizlərin tutulması borclunun öhdəliyi icra etməməsi nəticəsində vurulmuş zərərin mövcud olması ilə əlaqələndirilmişdir. Hesab edir ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə (investisiya etməklə) 20.976 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 20.976 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilən zaman ipoteka predmeti olan “MAN TGA” yük markalı, “**- MR-***” dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti müəyyən edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə mülki prosesual qanunvericiliyin tələblərini pozaraq tədqiq edilməmiş məsələlər və sübutlar üzrə qərar qəbul etmişdir. Qətnamə qəbul edilərkən iddia tələbində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi olmadığından ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi məhkəmədə müzakirə edilmədiyi halda işə baxan hakim ipoteka predmetlərinin zəruri aşınmasını, köhnəlməsini, daşınmaz əmlak bazarının hazırkı vəziyyətini, tərəflərin onun hazırki qiymətinə münasibətini nəzərə almadan, tədqiq etmədən, 2013-cü il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndinə istinad edərək qətnamədə ipotekanın ilkin satış qiymətini 40.000 AZN məbləğində müəyyən etmişdir. İpoteka predmetinin likin satış qiymətinin belə yüksək müəyyən edilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankının tələbinin həmin əmlaka yönəldiməsini qeyri mümkün edir. Eyni zamanda qeyd etmək istəyir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi hesablanarkən əsas borc hissəsində düzgün hesablanmamış və səhv nəticəyə gəlinmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsinin qismən yəni, əsas məbləğin və əldən çıxmış faydanın qismən tutulması, həmçinin “ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bank tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, yəni əsas məbləğin və əldən çıxmış faydanın qismən tutulması, həmçinin “ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 462 və 467-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyev qətnamənin qismən, yəni əsas məbləğin və əldən çıxmış faydanın qismən tutulması, həmçinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Hümbət İskəndərovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləğinin müəyyən edilməməsi hissəsində qiymətləndiricinin rəyinə uyğun olaraq dəyişdirilməlidir. Məhkəmə kollegiyası LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1954 A saylı, 03 aprel 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC avtomobilin alınması məqsədilə Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 24.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında 1954 A saylı, 03 aprel 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, “ipoteka qoyan” (borc alan) mülkiyyət hüququ əsasında özünə məxsus olan ipoteka predmetini - “MAN TGA” 18410 markalı avtomobili (buraxılış ili: 2003, ban: WMAH05ZZZ3M370484, rəngi: dəniz dalğası) “borc alan” Cavabdeh1 03.04.2013-cü il tarixli 1954A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “ipoteka saxlayan” (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.4-cü bəndinə görə ekspertin rəyinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40.000 manat müəyyən edilmişdir. İş materiallarında olan, 990551 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAN TGA” 18410 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. İş materiallarında olan, 03.04.2013-cü il tarixli 080038 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, “MAN TGA” 18410 markalı, ** MR *** qeydiyyat nişanlı avtomobilin ipotekası haqqında 03.04.2013-cü il tarixli 1954A nömrəli müqavilə DİN BDYPİ Qeydiyyat imtahan şöbəsi tərəfindən 03.04.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan, 04.04.2013-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 24.000 mant məbləğində kredit İddiaçı ASC tərəfindən Cavabdeh1 ödənilmişdir. İş materiallarına olan, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş və sonunculara təqdim edilmiş bildiriş və xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan, 21.05.2014-cü il tarixli İİ-26/539 nömrəli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, iddiaçı ipoteka qoyulmuş avtomobilə tutuma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan şöbəsinə müraciət etmiş, sonuncunun nümayəndəsi 21.05.2014-cü il tarixdə daxilolma ştampı vurmaqla ərizəni qəbul etmişdir. İş materiallarında olan, maliyyə arayışından görünür ki, 27.01.2019-cu il tarixə Cavabdeh1 iddiaçıya 20.871,18 manat əsas borc, 2.105 manat faiz borcu, 20.976 manat əldən çıxmış fayda olmaqla, cəmi 43.952,18 manat borcu olmuş, cavadeh tərəfindən sonuncu dəfə 28.12.2018-ci il tarixdə 300 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddia tələbindən göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə 1954 A saylı, 03 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - 27.01.2019-cu il tarixə əsas kredit məbləğ üzrə 20.871,18 manat, faiz məbləği üzrə 2.105 manat, dəbbə pulu 20.976 manat olmaqla cəmi 43.952,18 manat təşkil edir. Məhkəmə kоllegiyası LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinin əsas dəlili olan əsas məbləğ və əldən çıxmış fayda hissəsində iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəmənin səhv nəticəyə gəlməməsi barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 22494 saylı, 18 dekabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 03.04.2013-cü il tarixli, 1954A saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 03 aprel 2015-cı il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 24.838,34 manat, əsas borc üzrə 19.254,08 manat, faiz borcu üzrə 5.584,16 manat təşkil edir. Həmçinin Cavabdeh1 tərəfindən 03.04.2015-ci il tarixdən sonra 1.432 manat məbləğində ödəniş aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində faiz borcu 5.584,16 manat müəyyən edilsə də, iddiaçı məhkəmədən 2.105 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 2.105 manat manat məbləğində faiz borcunu tutulmaqda düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar aşkar edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 19.254,08 manat məbləğində əsas borc tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidirş Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 1954 A saylı, 03 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 20.976 manat dəbbə pulunun 500 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin dəbbə pulu və faiz hissəsində gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə qiymətləndirdikləri 40.000 manat məbləğində müəyyən edilsə də, LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyev tərəfindən apelyasiya şikayətində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti mübahisələndirildiyinə görə apelyasiya məhkəməsi tərəfindən qiymətləndirici dəvət edilərək rəy alınmışdır. Belə ki, iş materiallarında olan, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə G- 06/21-353 saylı, 21 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “MAN” markalı “MAN TGA” 18410 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hazırki dövrə olan orta bazar dəyəri 11.000 (on bir min) manat, Likvid qiyməti 9.500 (doqquz min beş yüz) manat təşkil edir. Məhkəmə kоllegiyası hesab edir ki, ipoteka predmeti olan “MAN TGA” 18410 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə (21 iyun 2021-ci il tarixə) olan orta likvid dəyərinin 9.500 (doqquz min beş yüz) manat həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tariхli qətnaməsinin dəyişdirilməsinə dair hissədə qismən təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən, bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4 və 386-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsas sayıldığından, iddiaçının apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi хahiş оlunduğundan apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmeti olan, “MAN TGA” 18410 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hazırki dövrə olan likvid dəyəri 9.500 (doqquz min beş yüz) manat həddində müəyyən edilməli, məhkəmə qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə xərci olan mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 200 (iki yüz) manat Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-178/2020 saylı, 27 fevral 2020-ci il tariхli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi hissədə dəyişdirilsin: İpoteka predmeti olan, 1954 A saylı, 03 aprel 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş, “MAN TGA” 18410 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hazırki dövrə olan likvid dəyəri 9.500 (doqquz min beş yüz) manat həddində müəyyən edilsin. Qətnamə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyevin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olan mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 200 (iki yüz) manat Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin – VOEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52 İBAZ******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1202/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1202/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver