Məhkəmə qərarları › İş №2(103)-1203/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1203/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1203/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verdikləri apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdirdir. Cavabdehlərdən ikisi - Natiq və Nuranə Yusifovlar qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişlər. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı X3 sədri ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin irəli sürülməsinə səbəb olmuş mülki mübahisə məhkəmədən kənar həll edilmiş, cavabdehlər, Banka olan kredit borcunu, onlar ilə Bank arasında əldə olunmuş razılığa əsasən ödəmişlər. Bu səbəbdən də Bank, iddiadan imtina edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. “İddiadan imtina barədə” ərizəni və iş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçı tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 203 (iki yüz üç) manat 81 (səksən bir) qəpik, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödədiyi dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 (qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizaların xərcinin əvəzi olaraq cəmi 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar