Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1204/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Məmmədov Nicat Vasif oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7722/2021 saylı, iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin xeyrinə 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 4081,48 manat məbləğində əsas kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Əliyev Teymur Hacı oğlu arasında bağlanmış 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən Əliyev Teymur Hacı oğluna 60 ay müddətinə illik 22% dərəcəsi ilə hesablanmaqla, 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında 14.12.2018-ci il tarixli, BPM**********69 saylı zaminlik müqaviləsi bağlanmışdır. Əliyev Teymur Hacı oğlu 23.10.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatların verilməsi bölməsində Əliyev Teymur Hacı oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işinin açılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Borc alan Əliyev Teymur Hacı oğlunun 08.09.2021-ci il tarixli maliyyə arayışına əsasən banka 4081,48 manat məbləğində əsas kredit borcu mövcuddur. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanmış faizləri ödəməlidir. Eyni zamanda zaminlik müqaviləsinin 2.3.1-ci bəndinə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7722/2021 saylı, iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilərək Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə 14.12.2018ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 4081,48 manat məbləğində əsas kredit borcunun həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ölmüş əsas borclu Teymur Əliyevin vərəsələrinin olub-olmaması, olduğu təqdirdə isə vərəsələrin əsas öhdəliyi icra etməkdən yayınması və ya lazımınca icra etməməsi, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan verməməsi hallarını müəyyən etməməsi mövqeyi ilə razılaşmayaraq bildiririk ki, iddia ərizəsində qeyd edilmişdir ki (iddia ərizəsi 1-ci abzas, 4-cü cümlə), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatların verilməsi bölməsində Əliyev Teymur Hacı oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işinin açılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əsas borclunun vərəsələrinin aşkar edilməməsi ilə bağlı hal iddiaçının nümayəndəsi tərəfindən də məhkəmə iclası zamanı izahat verilərkən bildirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatların verilməsi bölməsinin hər kəsə açıq mənbə olduğunu və oradan rahatlıqla Əliyev Teymur Hacı oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın həmin portaldan əldə edilməsinin mümkünlüyü qeyd edilmişdir. Lakin iddiaçının nümayəndəsinin qeyd edilən izahatı birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilməmişdir. Həmçinin, hazırda məhkəmələrdə istifadəyə verilən “Elektron məhkəmə informasiya” sistemindən də vəfat etmiş əsas borclu Teymur Əliyevin vərəsələrinin olub-olmamasını aşkar etmək mümkündür. Lakin birinci instansiya məhkəməsi işi hər tərəfli araşdırmadan iddianın təmin etməmişdir. Bundan başqa iddia tələbi ilə məhkəməyə müraciət edilərkən kredit müqaviləsi üzrə əsas borclu Teymur Əliyevin vəfat etməsindən, yəni 23.10.2019-cu il tarixdən 6 ay müddət keçməsi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən vərəsəvərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Məmmədov Nicat Vasif oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7722/2021 saylı, iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 4081,48 manat məbləğində əsas kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 4111,88 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan Əliyev Teymur Hacı oğlu arasında 14.12.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 22% olmaqla, 60 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.12.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, cavabdeh Teymur Əliyevin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İşin materiallarından görünür ki, "xxxx" ASC Cavabdeh kredit borcunun qaytarılmasına dair 26.07.2021-ci il tarixli bildiriş göndərmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyev Teymur Hacı oğlunun 08.09.2021-ci il tarixə ödənilməmiş əsas borcu 4081,48 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Teymur Hacı oğlu 23.10.2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsmu və 0,40 xidmət haqqı ödənilmişdir. İşə əlavə olunmuş elektron xidmətlər portalından çıxarışdan müəyyən olunur ki, vərəsəlik işinin açılması ilə bağlı məlumat yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ölmüş əsas borclu Teymur Əliyevin vərəsələrinin olub-olmaması, olduğu təqdirdə isə vərəsələrin əsas öhdəliyi icra etməkdən yayınması və ya lazımınca icra etməməsi, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan verməməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, işə əlavə olunmuş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 815/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən də görünür ki, Teymur Əliyev 23.10.2019-cu il tarixində vəfat etmiş və vərəsələrinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarından müəyyən olunur ki, müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Əliyev Teymur Hacı oğlu ilə "xxxx" ASC arasında 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə bank borcluya 60 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla, 7000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bundan başqa Əliyev Teymur Hacı oğlu 23.10.2019-cu il tarixdə Bakı şəhərində ölmüş və vərəsəlik işinin açılması ilə bağlı məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, zaminin kreditor qarşısında məsuliyyətinin yaranması üçün borclu öhdəliyi icra etməməli və ya lazımınca icra etməməlidir. İş materiallarından göründüyü kimi, borclu ölənə kimi, yəni sağ olduğu vaxtda öhdəliyini tam şəkildə icra etməmişdir. Belə ki, Əliyev Teymur Hacı oğlunun öldüyü günə kimi, yəni 23.10.2019-cu il tarixə 4081.48 manat əsas borcu yaranmışdır. Bu halda isə zaminin kreditor qarşısında məsuliyyəti yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı müqavilə üzrə əsas borclu Əliyev Teymur Hacı oğlu 23.10.2019-cu il tarixə kimi öz üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən və zaminin kreditor qarşısında öhdəliyi yarandığından borc zamindən tələb olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh 4081.48 manat əsas borcu və 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7722/2021 saylı, iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 4081,48 manat məbləğində əsas kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 4111,88 manat pul tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7722/2021 saylı, iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə 14.12.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 4081,48 manat məbləğində əsas kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 4111,88 manat pul tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1204/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1204/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver