Məhkəmə qərarları › İş №2(103)-1205/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1205/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1205/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı2 Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair ilk, cavabdehin iddiaçılara qarşı “borcun ödənilməsinin avtomobilə yönəldilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2021-ci il tarixli qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X2, cavabdehin özünün və vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar MMC və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 məxsus olan “Hyundai Sonata” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə bağlı İddiaçı2 adından verilmiş etibarnamə əsasında çıxış edən MMC ilə cavabdeh arasında 29.11.2017-ci il tarixdə bağlanmış 1523 saylı “Nisyə alğı-satqı müqaviləsinə” əsasən yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 14.144 manat, icarə haqqının əvəzi olaraq 28 000 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 42.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi ödənilmiş dövlət rüsumunun və rüsumun ödənilməsi üçün bank tərəfindən tutulmuş xidmət haqqının əvəzi olaraq 31 manat məbləğində pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun iddiaçılara olan borcunun mübahisəli avtomobilə yönəldilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.06.2021-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, 29.11.2017-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 14.144 manat, öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat, ilk iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun (bank xərci daxil olmaqla) əvəzinin – 31 manat, cəmi isə 15.175 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyator və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. İş üzrə iddiaçı olan İddiaçı2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, ilk iddia tələbi qismən təmin edilsə də, iddiaçılar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ilk iddianın təmin edilən hissəsində və qarşılıqlı iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni mübahisələndirir. Odur ki, Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələblərinə əsasən, Rayon Məhkəməsinin qətnaməsini yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 avtomobillərin alğı-satqısı ilə məşğul iddiaçı MMC-nin təsisçisidir. İddiaçı2 mülkiyyətində olan və iddia ərizəsində göstərilən avtomobilin onun adından satılması ilə bağlı MMC-nin direktoru X3 adına 27.07.2017-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 29.11.2017-ci il tarixdə, MMC ilə hazırki iş üzrə cavabdeh arasında “Nisyə alğı-satqı müqaviləsi” bağlanmış və avtomobil 30.792,69 manata cavabdehə satılmışdır. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən 2.500 manat məbləğində ilkin ödəniş, rəsmiləşdirilmə ilə bağlı isə 3.000 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra avtomobil cavabdehə təhvil verilmişdir. Müqavilənin şərtinə görə qalan məbləğ cavabdeh tərəfindən 36 müddətində, hissə-hissə, 35 ay ərzində aybaay 786 manat, sonuncu – 36-cı ayda isə 782 manat olmaqla ödənilməli idi. Əldə olunmuş razılığa baxmayaraq, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada etməmiş, avtomobilin dəyərinin bir hissəsini ödəmiş, 14.144 manatı isə ödəməmişdir. Buna görə də, qeyd edilən məbləğ cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən edilmiş sonuncu ödəniş 10.06.2019-cu il tarixdə olmuşdur. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödəməlidir. Cavabdeh avtomobilin ödənişini 10.06.2019-cu il tarixdən iddia verildiyi günədək, 565 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 786 manat pul ödənişin 1%-i, yəni cəmi 42.000 manat məbləğində cərimə hesablanmışdır ki, həmin məbləğ cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bütövlükdə apellyasiya baxışının predmetini təşkil edən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, 29.11.2017-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsinə” əsasən mübahisəli avtomobili almışdır. Belə olduğu təqdirdə iddianın predmeti də həmin avtomobil olmalıdır. Lakin avtomobil 2019-cu ilin iyun ayından cavabdehdə deyil. Belə ki, cavabdeh iddiaçılara məlumat verməklə avtomobil başqa şəxsə - X1. Lakin həmin şəxs avtomobil ilə bağlı ödənişləri etməmiş və avtomobili də qaytarmamışdır. Sonradan Hüseynin qardaşı Anar ona bildirmişdir ki, Hüseyn avtomobili hissələrə bölüb satmışdır. Bu səbəbdən cavabdeh 2019-cu ilin iyul-avqust aylarında hüquq mühafizə orqanlarına ərizə ilə müraciətlər etmiş və bu barədə də MMC-yə məlumat vermişdir. Onun şikayət ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılsa da, avtomobil hal-hazıradək tapılmamışdır. Bunları və onunla 29.11.2017-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsinin” 5-ci bəndinin tələbləri nəzərə alınmaqla onun iddiaçılara olan borcu ilə bağlı tələb həmin avtomobilə yönəldilməlidir. Belə ki, “Nisyə alğı-satqı müqaviləsinin” 5-ci bəndinə görə, satıcı ayda bir dəfədən az olmayaraq avtomaşının vəziyyəti ilə tanış olmaq, ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunun vaxtında ödənilməsini tələb etmək, əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və bu müqavilə ilə müəyyən edilən digər hüquqları həyata keçirmək vəzifəsi daşıyır. Borcun məbləğinə gəldikdə isə nəzərə alınmalıdır ki, avtomobilin dəyərini müqavilədə göstərildiyi kimi tərəflər birlikdə deyil, birtərəfli qaydada MMC müəyyən etmişdir. Cavabdeh tərəfindən iddiaçı MMC-yə avtomobilə görə ümumilikdə 26.800 manat pul ödənilmişdir. Lakin MMC iddia ərizəsinə müvafiq sənədləri əlavə etməmiş, ödədiyi pulun məbləğini də düzgün göstərməmişdir. İşdə olan sənədlərə əsəsən işin halı kimi Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisəli avtomobil İddiaçı2 mülkiyyətində olmuşdur. E.Qurbanov mülkiyyətində olan həmin avtomobilin onun adından satılması ilə bağlı MMC-nin direktoru S.Məmmədova 27.07.2017-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 29.11.2017-ci il tarixdə, MMC ilə hazırki iş üzrə cavabdeh arasında “Nisyə alğı-satqı müqaviləsi” bağlanmış və avtomobil 30.792,69 manata cavabdehə satılmışdır. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən 2.500 manat məbləğində ilkin ödəniş, rəsmiləşdirilmə ilə bağlı isə 3.000 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra avtomobil cavabdehə təhvil verilmiş və bununla bağlı “Təhvil-təslim aktı” tərtib edilmişdir. Müqavilənin şərtinə görə qalan məbləğ cavabdeh tərəfindən 36 müddətində, hissə-hissə, 35 ay ərzində aybaay 786 manat, sonuncu – 36-cı ayda isə 782 manat olmaqla ödənilməli idi. Əldə olunmuş razılığa baxmayaraq, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada etməmiş, avtomobilin dəyərinin bir hissəsini ödəmiş, qalan hissəsini ödəməmişdir. İddiaçılar bildirirlər ki, ödənilməmiş hissə 14.144 manat təşkil edir. İddiaçı MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Maliyyə aryışında” (iş v. 87) və iddiaçıların birgə olaraq tərtib etdikləri və cavabdehə göndərdikləri “Xəbərdarlıqda” (iş v. 22-23) bu məbləğ öz əksini tapmışdır. Müqavilə üzrə yaranmış borcun məbləğinə etiraz edən cavabdeh apellyasiya şikayətində bildirir ki, avtomobilin dəyərini müqavilədə göstərildiyi kimi tərəflər birlikdə deyil, birtərəfli qaydada MMC müəyyən etmişdir. Onun tərəfindən iddiaçılara ümumilikdə 26.800 manat pul ödənilsə də, MMC iddia ərizəsinə müvafiq sənədləri əlavə etməmiş, ödədiyi pulun məbləğini də düzgün göstərməmişdir. Apellyasiya baxışı zamanı Məhkəmənin sualına cavab olaraq cavabdeh bildirdi ki, onun tərəfindən iddiaçılara ödənilmiş məbləği təsdiq edən qəbzlər mövcud deyil. O, ödəniş edərkən MMC-dən qəbz almamışdır. Apellyasiya baxışı zamanı Məhkəmənin sualına cavab olaraq iddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətinin bu dəlilinə etiraz edərək bildirdi ki, avtomobilin qiyməti və digər şərtlər qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş və yalnız bundan sonra “Nisyə alğı-satqı müqaviləsi” tərtib edilmişdir. Cavabdeh də həmin qiymət və şərtlər ilə razılaşdığı üçün müqaviləni və “Ödəniş cədvəlini” imzalamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən edilmiş ödənişlərin hamısı “Maliyyə arayışında” öz əksini tapmışdır. Cavabdeh daha çox məbləğdə ödəniş etdiyini bildirirsə, bu halı təsdiq edə biləcək sübutları təqdim etməlidir. İşin müəyyən edilmiş hallarını nəzərə alan və cavabdehin bu dəlilinin əsaslı olubolmamasını araşdıran Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin müzakirə edilən bu dəlili əsassızdır. Tərəflər arasında 29.11.2017-ci il tarixdə “Nisyə alğı-satqı müqaviləsi” bağlanılarkən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə riayət olunmuşdur. Həmin müqavilə cavabdehin də iradə ifadəsini ehtiva edir. Cavabdeh, onun tərəfindən daha çox məbləğdə ödəniş etdiyini bildirirsə, bu halı sübuta yetirə bilmir. Rayon Məhkəməsi “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 14.144 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə tələbi əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehə qarşı irəli sürülmüş digər tələb “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş 42.000 manat məbləğində dəbbənin (cərimənin) azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslı olub-olmaması ilə bağlı Məhkəmə bildirir ki, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdehin “Nisyə alğı-satqı müqaviləsi” üzrə həyata keçirtdiyi sonuncu ödəniş 10.06.2019-cu il tarixdə olmuşdur. Müqavilənin 4.6-cı bəndindən görünür ki, aylıq ödənişinin gecikdirdiyi hər gün üçün alıcı olan cavabdehin ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 463-cü maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (maddə 463.2.). Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (maddə 463.2.). Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdehin nisyə aldığı avtomobil ilə bağlı sonuncu ödənişi 10.06.2019-cu il tarixdə etməsi, ilk iddianın 09.02.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olması nəzərə alındıqda müəyyən edilir ki, öhdəliyin icrası cavabdeh tərəfindən 565 gün gecikdirilmiş. İddiaçı tərəf də bunları və gecikdirildiyi hər gün üçün cavabdehin ödəməli olduğu 786 manat pul ödənişin 1% miqdarında olmasını nəzərə alaraq cavabdehə cəmi 42.000 manat məbləğində cərimə hesablamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi dəbbə pulunun tutulması ilə bağlı tələbə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbləri baxımdan yanaşaraq həmin tələbi qismən təmin edərək, dəbbə pulunu 1.000 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdehin qarşılıqlı iddiasında və apellyasiya şikayətində ifadə olunmuş digər dəlili ondan ibarətdir ki, cavabdeh, mübahisəli avtomobili 29.11.2017-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsinə” əsasən almışdır. Belə olduğu təqdirdə iddianın predmeti də həmin avtomobil olmalı və həmin müqavilə üzrə yaranmış borc ilə bağlı tələb həmin avtomobilə yönəldilməlidir. Belə ki, “Nisyə alğı-satqı müqaviləsinin” 5-ci bəndinə görə, “Satıcı” ayda bir dəfədən az olmayaraq avtomaşının vəziyyəti ilə tanış olmaq, ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunun vaxtında ödənilməsini tələb etmək, əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və bu müqavilə ilə müəyyən edilən digər hüquqları həyata keçirmək vəzifəsi daşıyır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, cavabdehin göstərdiyi həmin şərt “Nisyə alğı-satqı müqaviləsinin” 5-ci bəndində göstərilsə də, “Satıcının” vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, borcun cavabdehin təklif etdiyi qaydada ödənilməsi nə iş üzrə tərəflər arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsində”, nə də ki, Mülki Məcəllədə nərədə tutulmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində, ilk iddia tələbinə etirazında, apellyasiya şikayətində və apellyasiya baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli avtomobil 2019-cu ilin iyun ayından onda deyil. Belə ki, o, Hüseyn adlı şəxsə mübahisəli avtomobili satmaq istədiyini bildirmişdir. Hüseyn və qardaşı İsmayıl Şirvan səhərində yaşayan Anar adlı şəxsin avtomobili alacaqlarını bildirmiş, o da avtomobilin MMC-də girovda olduğunu, hər ay 786 manat pul verdiyini, mağazaya qalan ayların pullarını Anar tərəfindən ödəmək şərtilə, ona 10.000 manat verməklə satmaq barədə razılaşmışdır. Qalan pulun verilməsini tələb etdikdə, Anar ona avtomaşının Hüseyn tərəfindən ona hissələrə bölünüb satdığını bildirmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar