Məhkəmə qərarları › İş №2(103)-1206/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1206/2022

07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1206/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə alimentin miqdarının dəyişdirərək, 07.09.2007-ci il təvəllüdlü X6,09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 175 manat, cəmi 525 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Allahverdizadə Selcan 05.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Qəniyeva Afətdir ; Allahverdizadə Amin 12.10.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir; Allahverdizadə Yağmur 09.07.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı18.08.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.09.2007-ci il təvəllüdlü X6,09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı ilə qalmaları, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X1,09.07.2012- ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir; 09.09.2021-ci il tarixli arayışa əsasən, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlərdir (səh.6, 7, 8, 10, 5). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17, 25; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2, 56.1, 75.1, 112.1; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 76.1, 76.2, 77.1, 217.3, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı işi üzrə 18.08.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.09.2007-ci il təvəllüdlü X6, 09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı ilə qalmaları, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X1, 09.07.2012-ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa 175 manat məbləğində alimentin tutulmasını tələb edir, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş edir, iddiaçı alimentin artırılması haqqında öz iddiasını əsaslandıraraq «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir.Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan əlavə, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur. X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçı alimentin tutulması ilə bağlı yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəsini almamış, ondan narazı olduğu halda apellyasiya şikayəti verməyərək, alimentin artırılması barədə iddia qaldırmaqda haqlı olmamış Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir . İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin 2(006)-6283/2021 saylı, 12.10.2021-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun himayəsinə verilməsi və cavabdehin əmək haqqının 1/2 hissəsinin aliment olaraq tutulması qət edilmişdir. 328 manatla 3 uşağı saxlamaq olduqca çətindir. Uşaqlar böyüdükcə tələbat artır. Hakim ilk növbədə uşaqların mənafeyini nəzərə almalıdır.Qətnamədə qeyd edilmişdir ki, o, cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki alimentın alınması üzrə işlər üzrə heç bir hal atanı müəyyən edilmiş minimum miqdarda aliment ödəmək vəzifəsindən azad etmir.Hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valdieynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. qeydiyyatda olduqları mənzil sökülmüşdür, əvəzində isə yeni mənzil təhvil verilənədək Azərtikinti MMC tərəfindən cavabdehə hər ay 250 manat vəsait ödənilir. O və uşaqları da həmin mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq, həmin vəsaiti təkbaşına alır. O və uşaqları isə məcbur olaraq kirayə yaşayır və aylıq 250 manat kirayə haqqı ödəyir. Alimentin artırılmasına dair ərizə məhkəməyə verən zaman qətnamənin qanuni qüvvəsinin artırılma üçün müraciətinə mane olduğunu bilməmişdir. Qətnamə qəbul edilən zaman isə artıq şikayət müddəti keçmişdi. Eyni zamanda, qətnamədə də alimentin artırılması üçün ərizə verməyinə mane olduğunu göstərən hüquq norması göstərilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə əsasən, göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ona və uşaqlarına qarşı edilən ədalətsizliyin bərpa edilməsini istəyir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uşaqlarla birlikdə kirayədə qaldığını, əvvəl atasının da ona köməklik etdiyini, lakin atası vəfat etdikdən sonra maddi vəziyyətinin daha da psləşdiyini, eyni zamanda böyük qızının 9-cu sinif şagirdi olduğunu və şəhadətnamə imtahanı ilə bağlı təhsil xərclərinin də olduğunu, bu səbəblərə görə sabit pul məbləğinin müəyyən edilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, işlədiyini ancaq xəstə atasına baxdığını, uşaqlara görə müəyyən edilmiş aliment məbləğini ödədikdən sonra özünün yaşaması üçün məbləğin az olduğunu bildirmiş və şikayətin redd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 80, 81, 84, 99, 112.1; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 190 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması, isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsassız olaraq səhv nəticəyə gəlmişdir. Belə ki, digər amillərdən çıxış edərək iddiaçının tələbinin tam təmin edilməməsi üçün əsaslar olmasa da və iddiaçı tərəfindən faktiki əsasların tam sübuta yetirilməməsi, uşaqların mənafeyi (yaşayış minimumu və ananın biləvasitə ona baxması zərurəti) baxımından nəzərə alınmaması üzrə dispozitiv imkanı istisna edən hal deyildir. İş üzrə müəyyən edilir ki, tərəflər ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar və uşaqlar ananın (iddiaçının) yanındadır, iddiaçının kifayət qədər maddi duruma malik olması müəyyən edilmir. Hamıya bəlli olan halların sübuta yetirilməsinə ehtiyac yoxdur. Məhkəmənin özünün gəldiyi nəticə əsaslandırıcı hissədə ziddiyyətlidir və minimum yaşayış səviyyəsinin artmasına rəğmən uşaqların böyüməsi onların tələbatlarının mütənasibliyini müəyyən etməlidir. Bundan əlavə, aliment hissədə dərhal icraya yönələn qəbul edilmiş digər qətnamə və hazırki iş üzrə cavabdehin hansı qazanca malik olması müəyyən edilmir, habelə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsinin məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə həyata keçirildiyi qanunvericilikdə əks edilmiş, burada digər qətnamənin qanuni qüvvəsinin alması və ya apellyasiya icraatı vasitəsi ilə bunun həyata keçirilməsi nəzəzrdə tutulmamışdır. Digər tərəfdən iddiaçının qaldırdığı məsələnin digər iş üzrə müzakirə edilməsi müəyyən edilmir. Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərinə görə: Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ona görə uşağın minimum təminat səviyyəsində yaşaması üçün kollegiya aliment tələbinin minimum yaşayış həddinə yaxın cavabdeh tərəfindən təmin edilməlidir. Belə ki, uşağın saxlanılması üçün bu məbləğ minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması və digər zəruri tələbatlarının təmin edilməsi əlbəttə ki, valideyn öhdəliklləri üzrə vəzifə bərabərliyi baxımından iddiaçının üzərinə düşür. Qeyd edilənlərə görə və birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilən qənaətin tam fərqli əsasları müəyyən edildiyi üçün, iddia qismən təmin edilməklə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı işi üzrə 18.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin tutulması sabit pul məbləğinə dəyişdirilməli, 05.09.2007-ci il təvəllüdlü X6,09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək- alimentin tutulması sabit pul məbləğinə dəyişdirilərək 05.09.2007-ci il təvəllüdlü X6,09.07.2012-ci il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar