Məhkəmə qərarları › İş №2(103)-1207/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1207/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1207/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xxxx" MMC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “mənzilə mülkiyyət hüququnun tanınması və müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5951/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC-nin və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmələ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistral yolu, "xxxx" MMC-yə məxsus yaşayış kompleksi, bina 1, mənzil 5-ə mülkiyyət hüququnun tanınması, mərhum qardaşı X1 isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu ərazisində inşa etdiyi “Uğur” yaşayış kompleksində yerləşən 2 saylı binanın 67 saylı mənzilində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X3 "xxxx" ASC-nin Bakı şəhəri Xətai rayonu ərazisində inşa etdiyi “Uğur” yaşayış kompleksində yerləşən 2 saylı binanın 67 saylı mənzilini almışdır. Həmin mənzil faktiki olaraq mərhum qardaşı Abbasov Aqşinin vəsaiti hesabına alınsa da, rəsmiyyətdə digər qardaşı Cavabdeh adına rəsmiləşdirilmişdir. Lakin həmin mənzil alınan gündən qardaşı Aqşin vəfat edən günə qədər mərhum Aqşin Abbasov o mənzildə yaşamışdır. Həmçinin onun öz vəsaiti hesabına alınmış "xxxx" MMC-nin Xırdalan şəhərində inşa etdiyi Bakı-Xırdalan yolunun 12-ci kilometrliyində yerləşən 1-ci binanın 5 saylı mənzili də rəsmiyyətdə qardaşı Cavabdeh adına olmuşdur. Lakin bu mənzilin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş, mənzil onun tərəfindən tam təmin edilmiş və həmin gündən bu vaxta qədər də bu mənzildə yaşayır. Bu mənzilə dair bütün sənədlər də hal-hazırda ondadır. Mərhum qardaşı Aqşin özünə məxsus olan həmin evi ona vəsiyyət etmiş və bununla əlaqədar 26 yanvar 2021-ci il tarixində öz əl yazısı ilə vəsiyyətnamə də yazmışdır. Lakin mərhum qardaşı Aqşin vəfat edəndən sonra onunla cavabdeh arasında bu mənzillə əlaqədar mübahisə yaranmışdır. Belə ki, o, Şahinə mərhum qardaşından qalmış evin ona vəsiyyət edildiyini bildirsə də, Şahin ona qarşı təzyiqlər göstərmiş və həmin evə dair sənədləri ondan alaraq bu evə köçmüşdür. Həmçinin o, cavabdehdən özünə aid olan evin onun adına keçirilməsini xahiş etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bununla da, onun hüquqları kobud şəkildə pozulmuşdur. Bundan əlavə, o, özünə aid olan evin adına rəsmiləşdiriməsi ilə əlaqədar "xxxx" MMC-yə müraciət etsə də, onlar artıq bu evə dair müqavilə bağladığını və həmin müqaviləni dəyişmək imkanın olmadıqlarını bildirirlər. Bu isə bir mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistral yolu, "xxxx" MMC-yə məxsus yaşayış kompleksi, bina 1, mənzil 5-ə mülkiyyət hüququnun tanınması və həmin mənzilə dair "xxxx" MMC ilə 02 iyul 2019-cu il tarixdə bağlanmış müqavilənin onunla "xxxx" MMC arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5951/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin sənədlərindən də görünür ki, mübahisə predmeti olan mənzilə dair bütün sənədlər və eyni zamanda evin açarları faktiki olaraq ondadır. Həmçinin mənzil istifadəyə verildiyi gündən bu günə kimi fasiləsiz olaraq onun istifadəsindədir. Yəni işin faktiki hallarından mübahisə predmeti olan mənzilin onun istifadəsində olması sübut olunur. İddia ərizəsinin mahiyyətindən də görünür ki, mübahisənin predmeti mənzilin onun istifadəsinə verilməsi deyil, yalnız mənzilə dair rəsmi sənədlərin əldə edilməsidir. Məhkəmə prosesində hakim tərəfindən cavabdehin nümayəndəsinə həmin mənzilə dair sənədlərin və giriş qapısının açarlarının cavabdehdə olub-olmaması barədə sual verildikdə, cavabdehin nümayəndəsi mənzilə dair sənədlərin və mənzilin giriş qapısının açarlarının cavabdehdə olmadığını bildirdi. Yəni, dolayısı ilə cavabdeh həmin mənzilin onun istifadəsində olduğunu etiraf etdi. Qeyd edir ki, iddia ərizəsində həmin mənzilə dair alqı-satqı müqaviləsinin hal-hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh adına rəsmiləşdirmişdi. Yəni həmin mənzil rəsmiyyətdə cavabdehin adına olsa da, faktiki olaraq onun üçün alınmış və mənzilin dəyəri də onun tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd edir ki, cavabdehin əvvəllər mənzili olmuş, lakin maddi problemləri olduğu üçün həmin mənzili satmış və digər qardaşı X3 vəfat edənə qədər kirayə mənzillərdə yaşamışdır. Yalnız Aqşin vəfat etdikdən sonra mərhum qardaşının evini zəbt edərək orada yaşamağa başlamışdır. Mərhum Aqşinin evi də cavabdehin adına olmasına baxmayaraq, faktiki olaraq mərhum X2 məxsus olmuşdur. Təbii ki, əgər cavabdehin mənzil almağa maddi imkanı olsa idi, o, bu illər ərzində kirayə mənzildə yaşamazdı. İşin bütün bu halların birbaşa iştirakçısı olmuş şəxsləri şahid kimi məhkəmə iclasına gətirsə də, hakim həmin şəxslərin şahid kimi məhkəmədə dindirilməsi barədə verdiyi vəsatəti əsassız olaraq təmin etməmiş və bununla da AR MPM-nin 14, 76, 78, 217ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin şahidlərin məhkəmə iclasında iştirak etməsi iddianın daha ədalətli və obyektiv baxılması üçün şərait yaradacaqdır. Çox qəribədir ki, AR MPM-nin 76.2-ci maddəsində şahid ifadələrinin sübut rolu oynadığı göstərilmişdir. Lakin hakim bunları bildiyi halda onun prosessual hüquqlarını kobud şəkildə pozmuş və öz iddiasını sübut edəcək faktları məhkəməyə təqdim etmək imkanından onu məhrum etmişdir. Həmçinin məhkəmə prosesində 3-cü şəxslərin məhkəmə prosesinə cəlb edilməsi və onların iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə tərəfindən əsassız olaraq bu vəsatəti də təmin edilməmiş və işin hallarından birbaşa xəbəri olan "xxxx" MMC-nin nümayəndələri məhkəmə prosesinə cəlb edilməmişlər. Təbii ki, işin hallarını bilən şəxslərin məhkəmə prosesində iştirakının təmin edilməməsi onun iddiasına daha ədalətli və obyektiv baxılmasına şərait yaratmamış və məhkəməyə onun iddiasını sübut edəcək faktların məhkəməyə təqdim edə bilməməsi əsası ilə iddianın rədd edilməsi qənaətinə gəlməsinə səbəb olmuşdur. Ona görə də hesab edir ki, şahid kimi məhkəmə iclasına gətirdiyi şəxslərin və həmçinin bu iddiada İİİ şəxs kimi cəlb edilmiş məhkəməyə cəlb edilməklə işin bütün hallarının yenidən araşdırılmasına və iddiaya işin yeni araşdırılmış halları əsasında ədalətli və obyektiv qiymət verilməsinə zərurət vardır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2019cu il tarixli müqavilədən görünür ki, tərəflər arasında Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa edilən yüksək mərtəbəli yaşayış binasının bina 1, 2-ci mərtəbədə 05 saylı mənzillə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı inşa etdiyi binanı 2019-cu ilin iyul ayında təhvil verəcəyini öhdəsinə götürmüş, alıcı həmin mənzilin hər kvadrat metri üçün 400 manat olmaqla, cəmi 51200 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 05 saylı mənzilin 128.0 kv m yaşayış sahəsinin hər kv/m-si üçün 400 AZN olmaqla cəmi 51200.00 AZN dəyəri tam ödənilmiş, Cavabdeh "xxxx" MMC-yə borcu yoxdur və həmin mənzil Cavabdeh məxsusdur. İddiaçı hazırki tələbində mübahisəli mənzilin faktiki onun tərəfindən alındığını, formal olaraq qardaşının adına sənədləşdirilməsinə istinad etməklə, onun Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistral yolu, "xxxx" MMC-yə məxsus yaşayış kompleksi, bina 1, mənzil 5-ə mülkiyyət hüququnun tanınması və həmin mənzilə dair "xxxx" MMC ilə 02 iyul 2019-cu il tarixdə bağlanmış müqavilənin onunla "xxxx" MMC arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin mənzilin faktiki onun tərəfindən alındığını, formal olaraq qardaşının adına sənədləşdirildiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etdiyi daşınmaz əmlak - Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 05 saylı mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh arasında 02 iyul 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən mənzilin 128.0 kv m yaşayış sahəsinin hər kv/m-si üçün 400 AZN olmaqla cəmi 51200.00 AZN dəyəri tam şəkildə Cavabdeh tərəfindən ödənilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etdiyi daşınmaz əmlaka dair "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və mənzilin dəyəri sonuncu tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı həmin müqavilənin formal olmasını qeyd edir, lakin müqavilənin formal olması müəyyən edilməmiş, həmçinin müqavilənin əslində iddiaçı ilə müqavilə bağlanmalı olması barədə də adıçəkilən müqavilədə hər hansı bir qeyd olmamışdır. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və müqavilənin bağlanmış hesab edilməsi üçün əsaslar olmadığından, Rayon Məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsi işin faktiki halları ilə müəyyən edilməmiş, həmçinin mübahisəli mənzilə dair açarların iddiaçı da olması isə iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüquqlarının olması demək deyil, çünki mənzilə dair müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanması işin mübahisəsiz halıdır. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5951/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmməsov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar