Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12089/2019 26.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-14/2019 saylı, 03 iyun 2019-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-14/2019 saylı, 03 iyun 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə iddiaçı “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 02L000001621 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli 02R000031878 saylı kredit razılaşmasına və xx.xx.2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşmaşına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000031878 saylı kredit razılaşmasına üzrə 346.089,38 (üç yüz qırx altı min səksən doqquz dolları otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 91 330, 96 (doqsan bir min üç yüz otuz dolları doxsan altı sent) ABŞ dolları məbləğində faiz borcu və 1000 (bir min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 438.420,34 (dörd yüz otuz səkkiz min dörd yüz iyirmi manat otuz dörd sent) məbləğində ABŞ dolları vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 02R000033698 saylı kredit razılaşmasına üzrə 101753,88 (bir yüz bir min yeddi yüz əlli üç dolları səksən səkkiz sent) ABŞ dolları məbləğində əsas kredit borcunun, 32 424,03 (otuz iki min dörd yüz iyirmi dörd dolları üç sent) ABŞ dolları məbləğində faiz borcu, 1000 (bir min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 135.177,91 (bir yüz otuz beş min bir yüz yetmiş yeddi dolları doxsan bir sent) məbləğində ABŞ dolları vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 42 (qırx iki) manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35-də 30 nömrəli mənzilə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35-də 30 nömrəli mənzilinin ilkin satış qiyməti 310 000 (üç yüz on min) manat, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə açıq hərracdan satılması və cəmi 573 598 (beş yüz yetmiş üç min beş yüz doxsan səkkiz) ABŞ dolları 25 (iyirmi beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmış üçün ödənilmiş 20 (iyirmi) dövlət rüsumunun və 42 (qırx iki) manat xidmət haqqı hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı “xxxx” QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən ümumi qaydada tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35-də 30 nömrəli mənzilə tutmanın yönəldilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 Baxışı qızının mənzildən çıxarılması və mənzilin boşaldılması, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutmanın yönəldilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması və bağ evinin boşaldılması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada tutulması və dövlət büdcəsinə köçürülməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 Baxışı qızından, “xxxx” ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada tutulması və dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-14/2019 saylı, xx xxxx 2019-ci il tarixli qətnaməsinin hər iki kredit razılaşmaları üzrə faiz borcunun, daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, həmçinin onun və digər cavadeh Cavabdeh6 daşınmaz əmlaklardan çıxarılması, habelə həmin daşınmaz əmlakların boşaldılması hissəsində ləğv edərək 02R000031878 saylı kredit razılaşması üzrə faiz borcunun 45.599,97 ABŞ dolları həcmində, 02R000033698 saylı kredit razılaşması üzrə faiz borcunun 30.756,26 ABŞ dolları həcmində müəyyən edilməsi, ipoteka predmeti olan hər iki daşınmaz əmlakın ilkin satış qiymətinin yenidən qiymətləndirilmə aparılmaqla müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərə əsasən 02R000031878 saylı kedit razılaşması üzrə iddiaçıya 135.308,48 ABŞ dolları kredit üzrə faiz ödəməlidir. Lakin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən o, iddiaçıya həmin kredit razılaşması üzrə 89.708,51 ABŞ dolları həcmində faiz borcu ödəmişdir. Müqavilə şərtlərinə əsasən onun iddiaçıya faiz üzrə 45.599,97 ABŞ dolları həcmində borcu qaldığı halda qətnamədə qeyd olunan kredit razılaşması üzrə onun faiz borcu 91.330,96 ABŞ dollar həcmində müəyyən olunmuşdur. Buradan isə onun faiz borcunun real məbləğdən 45.730,99 ABŞ dolları artıq hesablandığı aydın görünür. 02R000033698 saylı kredit razılaşması üzrə isə o, iddiaçıya 54.093,81 ABŞ dolları kredit üzrə faiz ödəməlidir. Lakin xx.xx.2019-cu il tarixli ekspert rəiynə əsasən o iddiaçıya həmin kredit razılaşması üzrə 23.337,55 ABŞ dolları həcmində faiz borcu ödəmişdir. Müqavilə şərtlərinə əsasən onun iddiaçıya faiz üzrə 30.756,26 ABŞ dolları həcmində borcu qaldığı halda qətnamədə qeyd oluna kredit razılaşması üzrə onun faiz borcunun 32.424,03 ABŞ dolları həcmində müəyyən olunub. Buradan isə onun faiz borcunun real məbləğindən 1.667,77 ABŞ dolları artıq hesablandığı aydın olur. Faiz borcunun artıq hesablanması faizə-faiz hesablanması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayon S.Rəhman küçəsi ev 35-də olan 30 nömrəli mənzilin ilkin satış qiyməti 310.000 manat, Abşeron rayon Novxanı kəndi Bağlar massivindəki 0,42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiyməti isə 270.000 manat müəyyən edilib. Hər iki daşınmaz əmlakın real bazar və likvid dəyəri məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdən qat-qat çoxdur. Bununla əlaqədar təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət verilsə də bu vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə mənzildən çıxarma və mənzilin boşaldımasına dair nətəcələri «İpoteka haqqında» Qanunun 42.3-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. R və digər Cavabdeh6 hərracda alıcı qismində iştirak edərək həmin daşınmaz əmlakların hərracdakı satış qiymətini ödədikləri halda həmin daşınmaz əmlakların mülkiyyətçisi olaraq qalacaqlar və bu halda onların həmin daşınmaz əmlaklardan çıxarılmaları qanunsuz olacaqdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instanysia məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması, hər iki kredit razılaşmaları üzrə faiz borcunun, daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, həmçinin onun və digər cavadeh Cavabdeh6 daşınmaz əmlaklardan çıxarılması, habelə həmin daşınmaz əmlakların boşaldılması hissəsində ləğv edərək 02R000031878 saylı kredit razılaşması üzrə faiz borcunun 45.599,97 ABŞ dolları həcmində, 02R000033698 saylı kredit razılaşması üzrə faiz borcunun 30.756,26 ABŞ dolları həcmində müəyyən edilməsi, ipoteka predmeti olan hər iki daşınmaz əmlakın ilkin satış qiymətinin yenidən qiymətləndirilmə aparılmaqla müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02L000001621 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Ə.Haverdiyevə QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02R000031878 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh (ipoteka qoyan) Cavabdeh6 Baxışı qızı QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02M000001744 saylı ipoteka müqaviləsi əsasında ünvan 2, 30 nömrəli mənzil QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. AR DƏDRX-ninh Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 900 saylı reyestr kitabının 83652 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* saylı çıxarışa əsasən ünvan 2, 30 nömrəli mənzil QSC-nin xyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh (ipoteka qoyan) Cavabdeh4 oğli QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02M000001745 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 2 ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B fərdi yaşayış evi QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 31 saylı reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* saylı çıxarışa əsasən ünvan 1 2 ünvanında mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 23B fərdi yaşayış evi QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh (ipoteka qoyan) Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 02M000001743 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evi QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 1 saylı reyestr kitabının 138 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evi QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə, Cavabdeh4 xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə, Cavabdeh6 Baxışı qızı xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə, “xxxx” ASC xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinə və “xxxx” MMC xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2017-ci il tarixli 21062 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx xxxx 2014cü il tarixli 02R000031878 saylı və xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşmaları üzrə Cavabdeh1 ödənilməli olan borc qalığı xx xxxx 2014-cü il tarixli 02R000031878 saylı kredit razılaşması ürə əsas borc üzrə 347672,30 ABŞ dolları, faiz borcu üzrə 50342,22 ABŞ dolları, cərimə borcu üzrə 131108,62 ABŞ dolları; xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşması üzrə əsas borc üzrə 105616,35 ABŞ dolları, faiz borcu üzrə 15302,60 ABŞ dolları, cərimə borcu üzrə 42320,11 ABŞ dolları təşkil edir. İş materiallarında olan X3 xx xxxxxxx 2017-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin xx xxxxxxx 2017-ci il tarixinə real bazar qiyməti 335 manat təşkil edir. ünvan 3 2 ünvanında olan 0.015 ha toraq sahəsiu və onun üzərində yerləşən 23B fərdi yaşayış evinin daxilinə baxış kekçrimək üçün həmin ünvana və tərəflərə dəfələrlə müraciət olunsa da, baxış keçirilməsinə şərait yaradılmayıb. Bu səbəbdən əmlakın real bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Abşeron rayonu, Noxvanı kəndi, Bağlar massivində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin xx xxxxxxx 2017-ci il tarixinə bazar qiyməti 3541 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində, 35 nömrəli 16 mərtəbəli binanın 9-cu mərtəbəsibndə yerləşən, 181.21 kv.m ümumi, 105ı.97 kv.m yaşayış və 75.24 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 30 nömrəli mənzilin real bazar qiyməti 310000 manat təşkil etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 0.42 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı 461.2 kv.m ümumi, 249.6 kv.m yaşayış və 211.6 kv.m köməkçi sahədən ibarət bağ evinin real bazar qiyməti 270000 manat təşkil etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 33011 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “xx xxxxxx 2014-cü il tarixli 02R000031878 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, kreditin status vərəqi məlimatları, cari hesabdan çıxarış məlumatları və “xxxx” QSC ilə Cavabdeh1 ( borcalan ) arasında bağlanılmış xx xxxx 2014cü il tarixli 02R000031878 saylı kredit razılaşması üzrə Cavabdeh1 iddiaçı tərəf “xxxx” QSC-nə xx xxxx 2017-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu 437420,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc ü üzrə 346089,38 ABŞ dolları, faiz borcu üzrə 91330,96 ABŞ dolları. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli 02R000031878 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh1 sualda soruşulan tarixə cərimə borcu hesablanmadı. xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları kreditin status vərəqi məlumatları və “xxxx” QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit razılaşması üzrə Cavabdeh1 iddiaçı tərəf “xxxx” QSC-nə xx xxxx 2017-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu 134177,90 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 101753,88 ABŞ dolları, faiz borcu üzrə 32424,03 ABŞ dolları. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli 02R000033698 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh1 sualda soruşulan tarixə cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh1 üzərinə düşür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə QSC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Tərəflərin arasında bağlanmış 02R000031878 saylı kredit razılaşması və 02R000033698 saylı kredit razılaşması üzrə cərimənin ödənilməsi nəzərdə tutulsada iddiaçının tələb etdiyi hər iki razılaşma üzrə cərimələrin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi hər iki razılaşma üzrə cəriməni tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, haqlı olaraq onu azaldıb 02R000031878 saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları və 02R000033698 saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları məbləğində müəyyən etmişdir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarda göstərilən mövqeyi ilə razılaşır və qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə əsassız və qanunsuz olmasına və borcun şişirdilməsinə görə qətnamənin ləğv olunmalı olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından isə görünür ki, tərəflər aralarında bağladıqları müqavilələr ilə verilən kreditə aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla hesablanacağını razılaşdırmışlar. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə müəyyən olunmuş borc məbləğinin iddia tələbində olan məbləğlə uzlaşması nəzərə alınaraq sonuncu ekspert rəyini möhtəbər sübut olaraq qəbul edərək müvafiq nəticəyə gəlmişdir. Bundan başqa, qanunvericilik tərəflərin müqavilə bağlamaqla müəyyənləşdirdikləri şərtlər faizlərin tutulmamasının mümkünlüyünü nəzərdə tutmur. Apellyasiya qaydasında işin araşdırılması zamanı tələb olunan müddət ərzində cavabdehin iddia ərizəsində göstərilən məbləğdən az faiz borcunun yaranması müəyyən edilməmişdir. Nəzərə alınsa ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş borc məbləğinin ödənişini dayandırmışdır, bu halda tələb olunan əsas borc və faiz məbləğinin miqdarının müqavilə şərtlərinə uyğun hesablandığı aydın olur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh tərəf apellyasiya şikayətində göstərməsinə baxmayaraq borcun düzgün hesablanmamasının nədən ibarət olduğunu, ipoteka predmetlərinin dəyərinin daha artıq məbləğdə olması və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayışda və hesabdan çıxarışda, ekspert rəyində isə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər bir ödəniş aşkar olaraq göstərilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutların məcmusuna uyğun olaraq belə qənaətə gəlir ki, cavabdeh kredit məbləğindən istifadə etmiş, lakin öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün iddiaçı haqlı olaraq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tələb olunan məbləğin daha az miqdar təşkil etməsinə dair sübutlar mövcud deyildir. Baş vermiş devalivasiya tərəflərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərinin icrasının dəyişdirilməsi üçün əsas ola bilməz. İşin mübahisəsiz halıdır ki, kredit müqaviləsi üzrə kredit dollara bağlamış, cavabdeh valyutanın növünü özü seçmiş və müqavilə şərtlərinə uyğun olaraq da öhdəliyini icra etməlidir. Bundan başqa qaydada öhdəliklərin icrası tərəflər arasında yeni şərtlərin müəyyən edildiyi halda mümkün ola bilər ki, hazırkı işin araşdırılmış halları ilə belə bir razılaşmanın olması təsdiq olunmur. İpoteka predmetlərinin dəyərini isə birinci instansiya məhkəməsi haqlı olaraq cəlb etdiyi qiymətləndiricinin təqdim etmiş olduğu rəy əsasında müəyyən etmişdir. İpoteka predmetlərinin dəyərinin bundan artıq məbləğdə olması işin araşdırılmış halları baxımından təsdiq olunmur. Cavabdeh tərəfin apellyasiya şikayətinin digər dəlili mənzildən çıxarma və mənzilin boşaldılmasına dair iddia tələblərinin rədd olunması ilə bağlıdır. «İpoteka Haqqında» Qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə artıq tələbin əmlaka yönəldilməsinə dair məhkəmə müvafiq nəticəyə gəldiyindən orada yaşayan şəxslərin mənzil üzərində hər hansı hüquqlarını saxlamaları ağlabatan hesab edilə bilməz. Əgər onlar hərracda iştirak edərək ipoteka predmetinin dəyərini ödəyib əmlakı hərracdan alarlarsa hazırkı qətnamə ilə məhkəmənin gəlmiş olduğu nəticələri hərracı udan şəxslərə tətbiq oluna bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, hazırkı apellyasiya icraatı şikayət verən şəxs münasibətdə və mübahisələndirilən hissə ilə məhdudlaşır. Hazırkı iş üzrə apellyasiya şikayəti verən şəxs həm kredit alan, həm də eyni zamanda ipoteka qoyan şəxsdir. Bu halda ona münasibətdə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərin tətbiqi yolverilən hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-14/2019 saylı, 03 iyun 2019-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12089/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12089/2019
26.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver