Məhkəmə qərarları › İş №2(103)-1209/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1209/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "Cavabdeh" BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3331/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, ona hesablanmış kompensasiyanın Cavabdeh BOKT ASC tərəfindən borca silinmiş 1622,34 (bir min altı yüz iyirmi iki manat, otuz dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1652,34 (bir min altı yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində pulun Cavabdeh BOKT ASC-dən tutulub İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair ilkin iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun əvvəlki “Cavabdehbank” indiki Cavabdeh BOKT ASC ilə bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən iddiaçıya hesablanmış 1622,34 manat kompensasiyanın və 30 manat ödənilmiş dövlət rüsumunun “Cavabdeh" BOKT ASC-dən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "Cavabdehbank” ASC-nin “Beyləqan” filialı arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə bankdan 24 ay müddətinə, 28 faizlə 2000 ABŞ dolları kredit götürmüşdür. İddiaçı devalvasiya olana kimi kreditini vaxtlı-vaxtında ödəmiş, devalvasivadan sonra isə ödənişlərini vaxtında ödəyə bilməmişdir. Buna görə də, bank iddiaçının barəsində borc məbləğinin alınması üçün Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 2481,16 ABŞ dolları əsas, 450 ABŞ dolları faiz, 10 ABŞ dolları dəbbə, cəmi 2941,16 ABŞ dolları və Azərbaycan manatı ekvivalenti ilə 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh BOKT ASC-nin hesabına ödənilməsi göstərilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İş icraya yönəldikdən sonra iddiaçı xx.xx.2018-ci il tarixdə kredit borcunu qətnamə üzrə tam şəkildə ödəmişdir. Problemli kreditlərlə bağlı iddiaçının krediti Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən borcu güzəşt olunanlar siyahısına düşmüşdür. "Cavabdeh" BOKT ASC sistemdə iddiaçının adına 1035,27 ABŞ dolları borc saxlamışdır. Dövlət tərəfindən isə iddiaçının adına 1622,34 manat kompensasiya hesablanmışdır. Dövlət tərəfindən iddiaçıya hesablanmış kompensasiya ona çatacağı halda "Cavabdeh" BOKT ASC-nin iddiaçı barəsində sistemdə saxladığı qeyri-qanuni 1035,27 ABŞ dollardan (1759,96 manatdan) çıxılaraq hələ indidən belə iddiaçının 137 manat borclu qaldığını göstərmişlər. Bu qanunsuzdur. İddiaçı cavabdeh "Cavabdeh” BOKT ASC-yə olan borcunu qətnamə üzrə tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" BOKT ASC səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi tərəflərin maddi və prosessual hüquq normalarının kobud pozulması şəraitində çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir, ona görə də, həmin qətnamə ləğv olunmalı və Azərbaycan Respublikasının qanunlarına və qanunvericilik aktlarının tələblərinə cavab verən iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə raxılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə əsas borca görə 2481,16 ABŞ dolları, faiz borcuna görə 450 ABŞ dolları, dəbbə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 2941,16 ABŞ dolları Azərbaycan manatı ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub "Cavabdeh" BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə borc İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə tam şəkildə ödənilmişdir. İş materiallarında olan “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı Cavabdeh BOKT ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 1622,34 manat kompensasiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə kredit təşkilatına öhdəliyinin qalmaması müəyyən edilmişdir. İddiaçıya hesablanmış kompensasiyanın 1622,34 manat məbləği Cavabdeh BOKT ASC tərəfindən qanunsuz olaraq silinmişdir. Kollegıya hesab edir ki, iddiaçıya hesablanmış kompensasiyanın həmin vaxtı artıq mövcud olmayan borca 1622,34 manat məbləği silindiyindən, iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar