Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2018-ci il buraxılışlı «X1» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilməyən 3.452 manat, avtomobilə baxış keçirilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci il buraxılışlı «X1» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil 100.000 yürüş zəmanəti ilə onun tərəfindən Hyundai avtomobillərinin Azərbaycanda rəsmi satışını həyata keçirən şirkətdən alınmışdır. 11.03.2021-ci il tarixdə saat 10:14 radələrində avtomobilini Bakı şəhəri X2 küçəsində idarə edərkən avtomobilinin qabağında digər avtomobilin dayanmasına görə onun da avtomobili dayanmış vəziyyətdə olduğu vaxt arxadan gələn, cavabdehin idarə etdiyi «Mercedes Benz 230 minik» markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil surətlə onun avtobilinin arxa hissəsinə dəymişdir. Zərbədən onun avtomobili qabağa atılaraq qabaqda dayanmış «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə xeyli miqdarda ziyan dəymiş, avtomobilinin arxa və qabaq hissəsi zədələnmişdir. Hadisə Bakı şəhəri DYPİ tərəfindən qeydə alınmış, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 11.03.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, 13.03.2021-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilərək, cavabdeh 40 manat məbləğində cərimələnmişdir. Avtomobili zəmanətinə görə xidmət edən "xxxx" şirkəti tərəfindən avtomobilinə baxış keçirilmiş, vurulmuş ümumi ziyan 7.452 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyana görə cavabdehin idarə etdiyi avtomobili «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmış "xxxx" ASC həmin növ sığorta üzrə müəyyən olunmuş 5.000 manat həddində avtomobilinə vurulmuş ziyana görə 4.000 manatı ona, 1.000 manatı isə «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödəniş etmişdir. Ziyana görə qalan 3.452 manatı cavabdeh ödəməkdən imtina edir. Cavabdehin iradı avtomobilə vurulmuş ziyanı müəyyən etmək və təmir etmək üçün zəmanətlə xidmət edən avtoservisə deyil, keyfiyyətə zəmanət verməyən digər ucuz təmir sexinə aparmalıdır. Cavabdehin tələbini yerinə yetirmək ona görə mümkünsüzdür ki, onun avtomobili yenidir, 100.000 kilometrlə zəmanətdədir, avtomobilinin bu günə isə yürüşü 30.000 kilometrdir. Başqa yerdə avtomobili təmir etdirsə, avtomobil zəmanətdən çıxarılacaq. Digər tərəfdən isə, avtomobil təzə olduğuna görə, ehtiyat hissələri avtomobilin satışını həyata keçirilən şirkət tərəfindən müqavilə əsasında şirkətə xidmət göstərən avtomobilinin ixtisaslaşmış "xxxx" şirkətinə gətirilir. Bununla belə bir sıra ehtiyat hissələri hazırda servisdə yoxdur, onlar Koreyadan sifarişlə gətirilməlidir. Avtomobil yeni seriyalı olduğuna görə onun ehtiyat hissələri bahalıdır, ölkədaxili 2-ci əl bazarında satılmır. Cavabdehə avtomobildə dəyişiləcək ehtiyat hissələrinin, görüləcək işlərə dair əsaslandırılmış siyahını təqdim etsə də, sonuncu bunu qəbul etmir. Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspərtizası Mərkəzinin 20.09.2021-ci il tarixli rəyinə istinad etmişdir ki, həmin rəy iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatları əsasında nəzəri həsablama üsulu ilə tərtib edilmişdir. Həmin rəyin tərtib edilməsinin hüquqi əsasını həmin qüsur aktı təşkil etmişdir. Həmin qüsur aktı isə sübut kimi qəbul oluna bilməzdi. Qeyd olunan qüsur aktı hüquq cəhətdən düzgün tərtib olunmamışdır. Tərtib olunmuş həsablama vərəqəsində dəyişilməli hissələrin qiyməti 5482 manat, təmir işlərinin qiyməti 1770 manat qeyd olunmuşdur. Eyni zamanda "xxxx" MMC-dən əldə olunmuş qüsur aktında da dəmək olar ki, eyni məbləğlər qeyd olunmuşdur. Hətta həmin qüsur aktı ilə həsablama vərəqi müqayisə olunarkən bəlli olur ki, onlar dəmək olar ki birbirini təkrarlayır. Sığorta şirkəti zərərçəkənin təqdim ətdiyi əsassız qüsur aktını araşdırmadan həqiqi sənəd kimi qəbul etmiş və öz sığorta aktında avtomobilə vurulmuş zərər kimi qeyd etmişdir. Bu həm də onunla bağlı olmuşdur ki, sığorta şirkəti həmin məbləği tam ödəmək məsuliyyəti daşımamış, 5.000 manat hissəsini ödəməkdə mükəlləf olduğu üçün məbləğin 5.000 manat həcmini aşması onun maraqlarına toxunmamışdır. Zərər aktlarından da göründüyü kimi dəyişdirilən ehtiyyat hissələrinin yararsız olmasını, təmir edilməsinin mümkün olmadığını, mütləq yenisi ilə əvəzlənməli olmasını təsdiq ədəcək heç bir sübut nə sığorta işinə, nə də məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyəktiv araşdırmamışdır. Habelə, həmin ehtiyyat hissələrinin əvvəlcədən yararsz olub-olmadığı aydın deyil və məhz hadisə nəticəsində sıradan çıxmasını və hadissə ilə səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Halbuki hadisədən dərhal sonra avtomobili idarə edən şəxsin iştirakı ilə o, mütəxəssis gətirərək avtomobilə dəymiş zərəri həsablatdırmışdır. Müəyyən olunmuşdu ki, avtomobilin tam təmir olunması üçün 4000 manat kifayət edər. Hətta həmin vaxt o, avtomobili idarə ədən şəxsə təklif etmişdi ki, avtomobili versin və o, avtomobili tam təmir etdirib ona qaytarsın. Lakin avtomobili idarə ədən şəxs bu təkliflə razılaşmamışdır. Bütün bu sadalananlar mövcud iddianın əsassz olmaqla, əsassız varlanmasına yönəlmiş iddia olmasını təsdiq edir. Çünki iddiaçı ərizəsinə əlavə ətdiyi sənədlərlə yalnız hadisənin baş vərməsi faktini sübut ədə bilsə də, hadisə baş vərənədək avtomobilinin texniki vəziyyətinin və əmtəə görünüşünün saz vəziyyətdə olmasını, qüsur aktında sadalanan ehtiyyat hissələrinin yararsız, mütləq dəyişdirilməli olmasını, təmir olunmasının mümkünsüzlüyünü və bu əhtiyyat hissələrində yaranmış nasazlığın hadisə ilə səbəbli əlaqəsini sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən yalnız cavabdeh şikayət vermişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 11.03.2021-ci il tarixdə, saat 10:14 radələrində «Mercedes Benz 230 minik» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus “X1” minik markalı, **-GE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh «Mercedes Benz 230 minik» markali ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, protokolda qeyd olunan tarixdə, yerdə və şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş və digər avtomobillərə ziyan vurmuşdur. O, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, müvafiq məbləğdə cərimə edilmişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli qüsur aktından görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan «Hyundai Accent» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilməsi üçün görüləcək işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 7.452 manat vəsait tələb olunur. İş materiallarında olan Sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iki digər avtomobilə vurduğu zərərin bir hissəsi- 4.000 manat İddiaçı, 1.000 manat isə «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 9/4414 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş «Auto Azerbaycan» şirkətinin 18.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı «X1» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbarpa xərci hadisə baş verən tarixə təxminən 7.252 manat müəyyən edilir, o cümlədən: Dayişilməli hissələrin qiyməti-5.482 manat; Təmir-bərpa işlərinin qiyməti-1.770 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsinə daha az ziyan dəyməsi, nəqliyyat vasitəsinin hadisəyə qədər sıradan çıxması ilə bağlı məhkəməyə hər-hansı bir sübut və bu halın yenidən yoxlanılması ilə bağlı heç bir əsas təqdim edilməmişdir Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2021 saylı, 19 oktyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1209/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1209/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver