Məhkəmə qərarları › İş №2(103)-121/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-121/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-121/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Eyvazov (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndə (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Alkhateeb X2 Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e- 2(006)-171/2022 nömrəli qətnaməsindən iddiaçı Alkhateeb X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alkhateeb X4 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə msüraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 3-cü mərtəbəsində yerləşən, 67 saylı mənzilindən axan çirkli suyun iddiaçının mənzilinə axması nəticəsində mənzilə dəymiş 3500 manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 200 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41,3 kv metr olan 64 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı 2020-ci ilin iyul ayında mənzili tam təmir etdirərək, evlərin divarlarına oboy divar kağızı, tavanları alçipandan asma tavan düzəltdirmiş, həmçinin mətbəxə yeni mebel yığdırmışdır. 2021-ci il fevral ayının əvvəlində iddiaçıya məxsus mənzilin üstündə, yəni 3-cü mərtəbədə yerləşən 67 saylı mənzilin sanitar qovşağından çirkli su iddiaçıya məxsus evə, mətbəxə və koridora tökülməyə başladı və mənzili yararsız hala saldı. Evdə olan həyat yoldaşı X3 67 saylı mənzilin qapısını döymüş və evdə yaşayan kirayəçilər qapını açaraq bildirmişlər ki, ev sahibi, iş üzrə Cavabdeh dəfələrlə müraciət etsələr də, gəlib kanalizasiyanı düzəltmir. Bundan bir neçə gün sonra isə, yəni 2-ci dəfə, 67 saylı mənzilin mətbəxindəki su borusu partlamış və nəticədə iddiaçıya məxsus mənzili tamamilə su basmış, evin tavanları, divar kağızları, döşəmələr yararsız hala düşmüş, mətbəx mebeli yararsız hala düşmüşdür. Cavabdehin təqsiri ucbatından iddiaçının mənzilinə 3500 manat məbləğində maddi ziyan dəymişdir. Mənzildə nəmişlik əmələ gələrək, yaşanmaz hala düşmüşdür. Buna görə də onlar ailəlikcə evdən köçmüşlər və hal-hazırda başqa ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Beləliklə cavabdehin təqsiri ucbatından iddiaçının mənzilinə 3500 manat maddi ziyan dəymişdir. Onlar dəfələrlə Cavabdeh ilə əlaqə saxlamaq istəsələr də, o, telefonla danışmaqdan imtina etmiş, evə su axıdılmasının qarşısını almamış, dəymiş zərərin ödənilməsindən yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(006)- 171/2022 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində mənzilin yararsız hala düşməsi, beləliklə mülkiyyətindən istifadə etmək hüququnun pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehə məxsus mənzildən bir neçə dəfə iddiaçının mənzilinə su axmış, dəfələrlə deyilməsinə baxmayaraq cavabdeh hər hansı tədbir görməmişdir. Həmin dövrdə, yəni xx.xx.2021-ci il tarixdə 51 saylı MKİS-in işçilərinin və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, mənzilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmış, nəticədə mənzilin təmiri və ev əşyaları yararsız hala düşmüşdür. Bununla yanaşı, mənzilə su axıdılan zamanı onun foto və video çəkilişləri də aparılmışdır. Birinci instansiya məhkəməsi isə bütün bu sübutlara lazımi hüquqi qiymət verməmiş, iddianı əsassız olaraq rədd etmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza zamanı ekspertin və tərəflərin iştirakı ilə hər iki mənzildə olmuşlar. Həmin vaxtı binanın ümumi şaxtasından keçən borularda su axma halı müəyyən olunmamışdır. Borunun üzərinin nəmlənməsi halına görə ekspert əsassız və qanunsuz olaraq rəy vermişdir ki, guya iddiaçının mənzilinə əvvəllər su axma şaxtadan keçən ümumi borudan olmuşdur. Lakin, bu halı necə müəyyən etməsini rəydə əsaslandırmamışdır. Hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsində sonuncu iclas zamanı iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə elektron sistemə ərizə yükləmiş, lakin məhkəmə bunun nəzərə almamış, ilk tələb üzrə qətnamə çıxarmışdır. Hazırki vəziyyətdə məhkəmə kollegiyasının iddiaçının ilkin tələbi üzrə qətnamə çıxarmasına etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən cavavdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü mərtəbəsində yerləşən 67 saylı mənzil cavabdehə məxsusdur. Həmin yaşayış binasının ümumi su və kanalizasiya boruları yararsız vəziyyətdə olduğundan, oradan su sızma halları baş verə bilər. İddiaçının mənzilinə su sızma cavabdehin mənzilindən olmamışdır. Hesab edirlər ki, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Məhkəmə iclasında iştirak edən ekspert İ.Eyvazzadə izahat verərək göstərmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza üzrə tərəfindən müvafiq rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə ilk öncə iddiaçının mənzilinə baxış keçirilmiş və bu zaman mənzilin tavanla divarın birləşmə hissələrində nəmlənmələr olduğu müşahidə edilmiş, daha sonra bu nəmlənmələrin səbəbinin müəyyən edilməsi üçün cavabdehin mənzilinə baxış keçirilmiş və bu zaman cavabdehin mənzilində də tavan və divarın birləşmə hissələrində nəmlənmə, divarın aşağı hissələrinə isə sarımtıl su ləkələrinin olduğu müşahidə edilmişdir. Cavabdeh özünün mənzilinə ümumi şaxtadan su axdığını bildirmişdir. Cavabdehin mənzilində yalnız dəhliz hissədə qüsurlar mövcud olsa da, iddiaçıya məxsus mənzilin həm dəhliz, həm də yaşayış otağında susızma nəticəsində qüsurların yaranması müşahidə olunmuşdur. Ekspertiza keçirilən zaman ümumi şaxtadan keçən borulardan su axması və ya sızması halı müəyyən olunmamış, sadəcə boruların üzəri nəmli halda olmuşdur. Bu səbəbdən də iddiaçının mənzilinə suyun axmasının səbəbinin şaxtadan ola biləcəyini düşünmüşdür. Lakin, yaşayış otağında yaranmış qüsur şaxtadan su axması ilə bağlı deyildir. Ola bilsin ki, həmin susızma cavabdehin mənzilindən axmışdır. Cavabdehin mənzilinin sanitar qovşağı təmirli vəziyyətdə olmuş, oradan suyun axıb-axmamasını müəyyən etmək üçün eksperment, yəni sanitar qovşaqdan suyun buraxılması və bunun nəticəsində iddiaçının mənzilinə su sıxmanın yoxlanılmasını həyata keçirməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, 64 saylı mənzilin mülkiyyətçisi olmaqla orada yaşaması, cavabdehin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzilinin, yəni 67 saylı mənzilin sahibi olması işin mübahisə olunmayan hallarıdır (tərəflər bu halları mübahisələndirməmişlər). Eyni zamanda, işdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus H.B.Əliyev küçəsi, ev 17, mənzil 64 ünvanına baxış keçirilmiş, Baxış zamanı müəyyən olunmuşdur ki, 67 saylı mənzilin sanitar qovşağının baxımsızlığı nəticəsində həmin binanın 64 saylı mənzilinə su axıdılmış, mənzilin təmiri və ev əşyaları yararsız hala düşmüşdür. H.B.Əliyev küçəsi, ev 17, mənzil 67-nin sahibi Cavabdehdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçı tərəfindən sübutetmə yükünün həyata keçirilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; MM-nin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflərin qonşu olmaları, cavabdehə məxsus mənzilin iddiaçının mülkiyyətində olan mənzilin bilavasitə üstündə yerləşməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan, məhz iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli aktdan açıq aşkar görünür ki, cavabdehə məxsus 67 saylı mənzildən iddiaçının mülkiyyətində olan 64 saylı mənzilə su axıdılması halı baş vermişdir. Birinci instansiya məhkəməsi həmin aktı sübut kimi qəbul etməmiş, bunu cavabdehə məxsus mənzilə baxış keirilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası bununla razılaşmayaraq ilkin olaraq qeyd edir ki, həmin akt iddiaçının özü tərəfindən deyil, mübahisəyə tərəfsiz olan səlahiyyətli dövlət orqanının (51 saylı MKİS) əməklaşları və digər şəxslərin iştirakı ilə tərtib olunmuşdur. Bununla yanaşı, aktda iddiaçının mənzilinə həqiqətən suyun axması faktı təsbit olunmuşdur. Belə olan halda, mübahisənin obyektiv həlli üçün aktın ümumiyyətlə sübut əhəmiyyətinə malik olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Eyni zamanda, işdə olan fotoşəkillərdən və video şəkilişdən açıq-aşkar müəyyən olunur ki, iddiaçının mənzilinə üst mərtəbədən su axır. İşdən görünür ki, birinci instansiya məhkəməsi suyun axıdılmasının texniki səbəbi və dəymiş ziyanın məbləğinin müəyyən olunması üçün müvafiq ekspertiza (məhkəmə tikinti texniki) təyin etmiş, lakin ekspertiza tədqiqatının həyata keçirilməsi istiqamətində lazımi şərait yaradılmaması (tərəflərin və ekspertin mənzillərə baxış keçirilməsi) səbəbindən rəyin verilməsi mümkün olmamış, mülki işin materialları icrasız olaraq məhkəməyə qaytarılmışdır. Bu səbəbdən də, iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün apellyasiya icraatı zamanı analoji ekspertiza təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5094 saylı rəyi ilə - iddiaçıya məxsus 64 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 67 saylı mənzilin isə 64 saylı mənzilin üst mərtəbəsində, yəni binanın 3-cü mərtəbəsində yerləşməsi, iddiaçının mülkiyyətində olan 64 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və.s) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, nəticədə mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 64 saylı mənzilə su sızması nəticəsində yaranana qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2551,0 manat müəyyən olunmuşdur. Bununla yanaşı, rəydə qeyd olunmuşdur ki, 67 saylı mənzilin dəhliz tikilisinin tavanla divarının birləşmə yerlərində müşahidə olunan və su sızmaya xarakterik olan izləri, eyni zamanda binanın şaxta boşluğunda olan ümumi kanalizasiya borusunun üzərində olan nəmlənmələri nəzərə aldıqda, 64 saylı mənzilə su axması 67 saylı mənzildən deyil, mənzillərin yerləşdiyi binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olduğu müəyyən edilmişdir. Ekspertiza rəyinin yuxarıda qeyd olunan hissəsi üzrə tərəflər bildirmişlər ki, ekspertlə mənzillərə baxış keçirilən zamanı binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində hər hansı susızma və s. bu kimi hallar müşahidə olmunmamışdır. Bu səbəbdən də bəzi suallara aydınlıq gətirilməsi üçün ekspertin məhkəmə iclasında dindirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasına dəfət olunmuş ekspert İ.Eyvazzadə izahatında rəyin qeyd edilən hissəsi üzrə ziddiyyətli izahatlar vermiş, baxış zamanı binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində hər hansı nasazlıqlar və ya susızma hallarının müşahidə olunmamasını, sadəcə boruların üzərinin nəm olması və cavabdehin mənzilinin dəhliz tikilisinin tavanla divarının birləşmə yerlərində müşahidə olunan və su sızmaya xarakterik olan izlərin olmasını nəzərə almaqla belə qənaətə gəlmişdir ki, iddiaçının mənzilinə suyun axması 67 saylı mənzildən deyil, mənzillərin yerləşdiyi binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olmuşdur. Lakin, ekspert suallara cavabında iddiaçının mənzilinin yaşayış otağına susızmanın məhz binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olmamasını bildirmişdir. Sonda ekspert rəydə nəyə görə qəti olaraq - 64 saylı mənzilə su axmanın 67 saylı mənzildən deyil, şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olmasını göstərməsini əsaslandıra bilməmişdir. Eyni zamanda, apellyasiya baxışı zamanı tərəflərin və ekspertin iştirakı ilə işdə olan foto və video çəkilişlərə də baxış keçirilmiş, nəticədə iddiaçının mənzilinə axan suyun məhz mənzillərin yerləşdiyi binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olması müəyyən edilməmişdir. MPM-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspertiza rəiyni işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək belə qənaədə gəlir ki, ekspertiza rəyinin – 5 və 6-cı suallara verilmiş cavabı hissəsi, yəni “67 saylı mənzilin dəhliz tikilisinin tavanla divarının birləşmə yerlərində müşahidə olunan və su sızmaya xarakterik olan izləri, eyni zamanda binanın şaxta boşluğunda olan ümumi kanalizasiya borusunun üzərində olan nəmlənmələri nəzərə aldıqda, 64 saylı mənzilə su axması 67 saylı mənzildən deyil, mənzillərin yerləşdiyi binanın şaxta boşluğunda olan ümumi kanalzasiya xətlərində yaranmış nasazlıq səbəbindən olduğu müəyyən edilmişdir.” hissəsi ilə razılaşmaq olmaz, rəy həmin hissədə əsaslandırılmamaqla, tərəflərin, eləcə də ekspertin özünün izahatı ilə də tam təkzib olunur. Beləliklə, işdə olan sübutlarla (akt, foto və video çəkilişlər, izahatlar ekspertiza rəyi və s.) iddiaçının mülkiyyətində olan 64 saylı mənzilə həmin mənzilin üstündə yerləşən 67 saylı mənzildən su axıdılması, nəticədə iddiaçıya aid yaşayış sahəsinin mənzil dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulması müəyyən edilmişdir. Həmçinin, ekspertiza rəyindən görünür ki, ekspert iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində ziyan dəymiş hissələri ətraflı göstərmiş, çəkiləcək xərclərin smetasını (divara vurulmuş divar kağızı və şpaklyovka qatının aşınması, divarlara şpaklyovka və divar kağızının vurulması, şpaklyovka, yapışqan, tavana vurulmuş şpaklyovka və boya qatının qaşınması, tavan şpaklyovka və boya qatının vurulması, şpaklyovka, boya, tavana quraşdırılmış yararsız asma tavanın sökülməsi və yenisinin quraşdırılması, asma tavan, elektrik xəttinin bərpası, nəqliyyat və əlavə xərclər və s.) hesablamışdır. İddiaçı iddia ərizəsində dəymiş maddi ziyana görə 3500 manat tələb etsə də, ekspertiza rəyindən görünür ki, həmin məbləğ 2551 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində son məhkəmə iclası zamanı elektron sistemə iddianın həcminin artırılmasına dair ərizə əlavə edərək, dəymiş maddi ziyanı 6500 manat həddində tələb etmiş, lakin rayon məhkəməsi onu qəbul etməmiş, işə ilk tələb üzrə mahiyyəti üzrə baxmışdır. İlkin olaraq qeyd edilməlidir ki, MPM-nin 53-cü maddəsinin tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, qanunverici iddianın dəyişdilməsi imkanını işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər müəyyən etmişdir. İddiaçı isə iddianın dəyişdirilməsi əsaslarının məhz məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını ərizəsində əsaslandırmamışdır. Bununla yanaşı, iddiaçının nümayəndəsi (vəkili) apellyasiya baxışı zamanı bu məsələyə münasibətində işə ilk tələb üzrə baxılmasına etiraz etməməsini bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası mübahisəyə ilkin tələb üzrə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Qeyd edilməlidir ki, MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia maddi ziyanın tutulması hissədə qismən təmin edilməli, cavabdehən iddiaçıya vurulmuş maddi ziyana görə 2551 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində də iddianı qismən əsaslı sayaraq belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərər tutulmalıdır Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin təqsirli hərəkətləri ucbatından iddiaçının mülkiyyətində olan mənzilin müəyyən hissələrinin yararsız hala düşməsi, cavabdehin bununla bağlı dərhal tədbirlər görməməsi, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması və s. bu kimi hallar onun dərin sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçıya dəymiş mənəvi ziyana görə 500 manat tutulmasını ağlabatan, ədalətli və qanunidir. Cavabdeh tərəf isə istər maddi, istərsə də mənəvi ziyanla bağlı etirazının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdeh tərəfin izahatı da apellyasiya şikayətinin əsassız sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 2551 manat, mənəvi ziyana görə isə 500 manat pul vəsaiti tutulmalı, iddia qalan hissələrdə təmin olunmamalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 50 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Bununla yanaşı, iddiaçının hazırki iddianı qaldırması üçün ödədiyi 30 manat dövlət rüsumu və vəkilin xidmətləri üçün ödədiyi 200 manat xərc də cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməlidir. İddiaçı həmin xərclərin ödənilməsi ilə bağlı sübutlarını (hüquqi yardım göstərilməsi barədə 03 mart 2021-ci il tarixli müqavilə və 200 manat xidmət haqqınnı ödənilməsi barədə 03 mart 2021-ci il tarixli mədaxil qəbzi və s.) birinci instansiya məhkəməsinə təqdim etmişdir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (ümumilikdə 3281 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Alkhateeb X2 Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e- 2(006)-171/2022 nömrəli qətnaməsindən iddiaçı Alkhateeb X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(006)- 171/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunsun. Cavabdeh dəymiş maddi ziyana görə 2551 (iki min beş yüz əlli bir) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat, cəmi 3281 (üç min iki yüz səksən bir) manat pul vəsaitləri tutularaq iddiaçı Alkhateeb X2 xeyrinə verilsin. İddia qalan hissələrdə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar