Məhkəmə qərarları › İş №2(103)-1210/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1210/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1210/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “əsas borcun və faizlərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndələri X4, X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas borcun və faizin ödənilməsi tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1739/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı BOKT QSC-nin 5885 manat 45 qəpik əsas borc, 1452 manat 10 qəpik faiz borcu olmaqla, cəmi 7337 manat 55 qəpik pul vəsaiti və ödənilmiş 93 manat 38 qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə tutulması barədə iddiasının Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1739/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, 5885 manat 45 qəpik əsas borc, 1452 manat 10 qəpik faiz olmaqla, cəmi 7337 manat 55 qəpik pul vəsaitinin və ödənilmiş 93 manat 38 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442., 445., 448.1, 477.0.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Cavabdeh2 bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-625 saylı, 23 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir; - xx.xx.2014-cü il tarixdə 390-19-xx.xx.2014338 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 22 % ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir;- "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür;- "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. (iş.səh. 9, 14, 18, 33, 49) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-1739/2022 saylı qətnaməsinin ləğv edilərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına riayət edilməsi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi təqdim etdiyi sübutları araşdırmadan, iddiaçı ilə restrukturizasiya müqaviləsinin hansı səbəblərdən bağlanmadığını araşdırmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq restrukturizasiya müqaviləsini bağlamağa hər an hazır olduğunu məhkəmənin diqqətinə israrla çatdırmışdır. Hakimin barışıq əldə edilməsi üçün təklifinə əsasən yenidən iddiaçı təşkilatda olmuşdur, bir daha məlum fərmanın tələblərinə zidd restrukturizasiya şərtləri təklif olunmuş, təbii olaraq imtina edərək danışıq nəticələrini məhkəməyə bildirmişdir. Bu halın isbatının ehtiyacı olmadığı halda işə baxan hakim nəzərə almamışdır. O, banka müəyyən məbləğdə ödənişlər etsə də bank həmin pulları faizə çıxmış əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da, bank qanunun bu tələbinə əməl etməmişdir. Bank tərəfindən qanunun bu tələbi pozularaq, onun ödənişlərini əsas borca deyil, faiz borcuna hesablamaqla onun onsuz da ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. İş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə bu halı tam araşdırmamışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ona restrukturizasiya tətbiq etməkdən imtina edir. Bu halda məhkəmə özü ekspertiza təyin edərək ödənilməli olan borcu, ümumiyyətlə ona aid borcun məlum fərmana uyğun olaraq restrukturizasiya olunmalı olduğunu müəyyən edə bilərdi. Məhkəmə isə buna əhəmiyyət verməyərək iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, restrukturizasiya ilə bağlı müraciət etsə də, İddiaçı BOKT QSC-nin razı olmadığını, ona 800 manat pul və zamin gətirməli olduğunu söylədiklərini, faizin silinməyəcəyini, sonradan İddiaçı BOKT QSC-nin Baş İdarəsinə rəsmi olaraq müraciət etdiyini, yenə də restrukturizasiya ilə bağlı xahişini təmin etmədiklərini bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, cavabdehin zaminliklə bağlı adam tapa bilmədiyini dediyini, xx.xx.2019-cu il tarixdə restrukturizasiyanın tarixinin bitdiyini, lakin həm pandemiya, həm də cavabdehin işsizliyi ilə əlaqədar 2020-ci ildə bir il restrukturizasiya etdiklərini bildirdiklərini, bir il yarım işin Qaradağ Rayon Məhkəməsinin icraatında qaldığını, cavabdehlə məsələni dəfələrlə müzakirə etdiklərini, cavabdehin öz şərtlərini irəli sürdüyünü, dövlət idarəsi olduğu üçün müəyyən edilmiş çərçivədən kənara çıxa bilmədiklərini qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 470-477, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 106.2, 119, 146, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdehin özünün etiraf ilə ona restrukturizasiya təklif edildiyi, lakin onun şərtlərələ razılaşmayaraq bu təklifdən imtina etdiyi öz təsdiqini tapmış, iddiaçının isə fərmanla bağlı mütləq vəzifələri müəyyən edilməmişdir.

9. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin dəlilərinin sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirir.

10. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri isə onları ödəyən şəxslərə aid edilməlidir.

11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1739/2022 saylı işi üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar