Məhkəmə qərarları › İş №2(103)-1213/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1213/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1213/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(008)- 3261/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 324645-1-27073 nömrəli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən bank tərəfindən cavabdehə illik 20 % olmaqla, 60 ay müddətinə 14.900 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli pretenziya ilə yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, 3 iş günü ərzində borcun tam həcmdə ödənilməsini təmin etmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə banka borclu olduğu 12.750,32 manat məbləğində əsas borcun, 1287 manat məbləğində faiz borcunun, 640.30 manat məbləğində cərimənin, ümumilikdə isə 14.677,62 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 132.75 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 324645-1-27073 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən borcluya istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 60 ay müddətinə 14.900 manat məbləğində kredit verilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

5. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 12.750,32 manat əsas, 860.72 manat faiz, 640.30 manat cərimə, cəmi 14.251,34 manat borcu vardır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4890 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 324645- 1-27073 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 12.590,19 manat; faiz borcu üzrə 1287 manat.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2023-cü il tarixli 2(008)-3261/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh 12.590,19 manat əsas borc, 1287 manat faiz borcu, 64 manat cərimə olmaqla, cəmi 13.941,19 manat məbləğində pul vəsaiti və 131.82 manat məbləğində dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021ci il tarixli 324645-1-27073 nömrəli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Eyni zamanda məhkəmə göstərmişdir ki, kredit müqaviləsi üzrə 12.590,19 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 640.30 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2, 467, 442, 448.1, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, faiz borcu və dəbbə pulunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ekspertiza rəyini əsas götürsə də, hesab edir ki, rəy əsaslı deyildir. Maliyyə vəziyyəti pisləşənə qədər kredit borcunu vaxtında, gecikdirmədən ödəmişdir, ona görə faiz borcu yüksək ola bilməz. Yenidən ekspertiza təyin edilməli və ödənilməli olan məbləğ dəqiqləşdirilməli idi. Müqavilə bağlanarkən aldığı əmək haqqı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə imkan vermiş, lakin işdən azad edildiyi üçün öhdəliyini yerinə yetirə bilməmişdir. Bu barədə kreditora vaxtında məlumat vermişdir. Məhkəmə dəbbə pulunun azaldılması hissəsində ədalətli olmuş və maddi hüquq normasını düzgün tətbiq etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh ərizə ünvanlayaraq, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, əsas borcun qaytarılmasından imtina etmir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh apellyasiya şikayətində qətnamənin faiz və dəbbə pulun aid hissədə dəyişdirilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, yalnız faiz borcuna aid hissədə qətnamənin mübahisələndirmişdir. Odur ki, qətnamə yalnız faiz borcuna aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (faiz borcuna aid hissədə) dəyişdirilməlidir.

29. İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.

30. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır və cavabdeh əsas borc məbləğini qəbul edir.

31. Apellyasiya şikayətində cavabdeh yalnız faiz borcu ilə razılaşmır və yüksək olduğunu göstərir.

32. Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməlidir.

33. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

34. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

35. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

36. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

37. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

38. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

39. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

40. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

41. Göründüyü kimi bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu (xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli pretenziya) göndərilmiş və banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməsini tələb olunmuşdur. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.

42. xx.xx.2022-ci il tarixli Pretenziyada xx.xx.2022-ci il tarixə cavabdehin 12750,32 manat əsas, 451,65 manat faiz və 144 manat cərimə olmaqla cəmi 13345,97 manat borcun yarandığı göstərilmişdir.

43. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.

44. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.

45. Kollegiya qeyd edir ki, bank tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 451,65 manat faiz borcu olmuşdur.

46. Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu müvafiq olaraq 451,65 manat müəyyən edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3261/2023 nömrəli iş üzrə 08 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin. Tərəflər arasında bağlanmış krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalı olan faiz borcu 451,65 manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar