Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12134/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva X1 Ramin Vəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 20 dekabr 2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsində cavabdehin ona 20 000 (iyirmi min) manat borc verdiyi, onun isə borcu 31.12.2020-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürdüyü təsbit olunsa da, belə bir borc almamışdır. Belə ki, o, müvafiq təsərrüfat sahəsi qarşılığında cavabdehə 30 000 manat verməyi öhdəsinə götürmüş, 10 000 manatı əvvəlcədən notariat ofisində rəsmiləşdirilmədən vermiş, qalan 20 000 manatı isə kredit müqaviləsi bağlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təsərrüfat obyektini ona verməzdən əvvəl təmir edəcəyi vədini versə də, müqavilə bağlandıqdan sonra sözlərinə əməl etməmiş, bunun nəticəsində ona maddi ziyan dəymişdir. Hətta müqavilə imzalandıqdan 1 ay sonra təsərrüfat obyektini dəfələrlə geri qaytarmaq istəsə də, cavabdeh kobud davranmışdır. Ona dəymiş maddi ziyan və təmir üçün çəkdiyi xərclərə görə kredit müqaviləsində göstərilən müddətdə borcu ödəmək vəzifəsini icra edə bilməmiş, daha sonra müqaviləyə xitam verildiyini zənn etmişdir. Belə ki, cavabdehin vəkili ona, cavabdehin bacısının yoldaşı olduğunu, ona qarşı yanlış hərəkət etməyəcəyini demişdir. Lakin cavabdeh verdiyi vədlərin heç birinə əməl etməmiş, bu barədə 08.01.2021ci il tarixli bildiriş əsasında məlumatlı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, “notariat ofisində 20.12.2018-ci il tarixli kredit müqaviləsinin bağlanması üçün notariusun bankda açılmış depozit hesabına pulu köçürməli olduğundan, iddiaçının bacısı X2 pul kartından 20 000 (iyirmi min) manat məbləğində pulu çıxarıb ona vermiş, kredit müqaviləsi bağlandıqdan sonra o, həmin pulu iddiaçının bacısına geri qaytarmışdır”. Cavabdehin izahatından da, göründüyü kimi, nəticədə 20 000 (iyirmi min) manat onun olmamışdır. Belə ki, müqaviləyə əsasən Cavabdeh 20 000 (iyirmi min) manat məbləğində pulu ona notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir. Lakin Cavabdeh izahatında da qeyd olunduğu kimi həmin pul məbləği bacısı X2 tərəfindən Cavabdeh verilmiş, kredit müqaviləsi bağlandıqdan sonra ona geri qaytarılmışdır. Yəni 20 000 (iyirmi min) manat məbləğində pulu o əldə etməmişdir. Buna görə də hesab edir ki, 20.12.20l8-ci il tarixli kredit müqaviləsi ləğv olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh İddiaçı 20 000 manatı notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verməyi, İddiaçı isə krediti 31.12.2020-ci il tarixədək hissə-hissə qaytarmağı öhdələrinə götürmüş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə həmin müqavilənin etibarsız hesab edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməmişdir. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, həmin müqavilənin predmetini təşkil edən pul vəsaiti ona verilməmişdir və buna görə də müqavilə ləğv olunmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən müqavilənin etibarlılığı məsələsinə qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğvi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir və iddiaçı ilə bağlanmış müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktl ilə qiymət verilmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvi halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5739/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12134/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12134/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver