Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1215/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2082/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun tutulması Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20% ödəmək şərtilə 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit borcu üzrə 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat təşkil edir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2082/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinin iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan tutularaq, 104 (bir yüz dörd) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hakimi heç bir sübuta əsaslanmadan, iş üçün əhəmiyyətli olan halın yəni imzanın cavabdeh tərəfindən edilməsi ya edilməməsi məsələsi ekspert rəyi ilə aydın olmadığı halda, təkrar ekspertiza keçirmək əvəzinə öz mülahizəsinə əsaslanan, iş üçün əhəmiyyətli olan halın müəyyən edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə mübahisələndirilən kredit müqaviləsindəki imzanın cavabdehə məxsus olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməlidir. Həmçinin təkrar və ya əlavə eksertiza keçirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının borcun tutulması ilə bağlı istinad etdiyi kredit müqaviləsindəki imza ona aid deyil, həmçinin o heç bir yerdə işləmir və işləməyənə bir şəxsə 80000 manat məbləğində kredit verilməsi şübhə doğuran məsələ olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının istinad etdiyi kredit müqaviləsindəki imza cavabdehə məxsus olmamışdır, bu səbəbdən də ekspertiza təqiqatı üçün lazımi sənədlər ekspertə təqdim edilmişdir. Hazırda verilmiş rəylə birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspert rəyi arasında ziddiyyətlər olmuşdur, hesab edir ki, yenidən iş üzrə xətşünaslıq ekspertizası təyin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunu ilə Cavabdeh arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 saylı bank hesabı və kredit müqaviləsində qeyd olunmuşdur ki, cavabdehə 24 ay müddətinə illik 20 faiz ödəməsi şərti ilə 80000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1.2-ci bəndinə əsasən bank Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və öz daxili qaydalarına uyğun olaraq kreditdən istifadə edilməsi və qaytarılması üçün borcalana **********11023707 saylı cari hesab açır. İş materiallarında olan 31.05.2021-ci il tarixli LPO "xxxx" ASC-nin maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit borcu üzrə 80000 manat əsas, 66444,36 manat faiz, 11066,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu olmaqla, cəmi 166121,28 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixli, 4/1115 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 85-87-ci vərəqələrində olan 11.02.2016-cı il tarixli 440/E saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalardan və mülki işin 88-90 vərəqələrində olan 11.02.2016-cı il tarixli ipoteka müqaviləsində “Cavabdeh” yazıları önündəki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-10 vərəqələrində olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində “Borcalan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdeh ilə kredit müqaviləsi bağlanmasını ərizədə qeyd etsə də, məhkəməyə sübut kimi təqdim etdiyi kredit müqaviləsi və ona əlavələrdəki səhifələrdə imzaların aşkar şəkildə fərqli olduğu müəyyən olunur. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdeh tərəfindən məhkəməyə borcun etirafına dair ərizə daxil olmamışdır. Eyni zamanda iddiaçı bankın təqdim etdiyi 13.12.2016-cı il tarixli, 2172 saylı müqavilədə olan imzalar ilə həmin bankdan 11.02.2016-cı il tarixli, 440/E saylı müqavilə əsasında kredit götürdüyü və eyni tarixli ipoteka müqaviləsi rəsmiləşdiridiyi imzalar açıq aşkar uyğunluq təşkil etmir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixli, 4/1115 nömrəli ekspert rəyilə müəyyən edilmişdir ki, 11.02.2016-cı il tarixli ipoteka müqaviləsində “Cavabdeh” yazıları önündəki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-10 vərəqələrində olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində “Borcalan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. İşin halarından göründüyü kimi iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilədəki borcalan qrafasındakı imzanın ekspert rəyi ilə Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmasa da, birinci instansiya məhkəməsi təqdim edilmiş 11.02.2016-cı il tarixli ipoteka müqaviləsindəki imza ilə 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilədəki imzanın fərqli olmasına istinad etmişdir. Apellyasiya baxışı zamanı isə Cavabdeh tərəfindən edilmiş ödənişlər barədə qəbzlər, 10 may 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsi, "xxxx" MMC-nin nizamnaməsinin əsilləri iddiaçı tərəfindən isə, 13.12.2016-cı il tarixli təhlil blankı, eyni tarixli ərizə və əlavələrin əsilləri təqdim edilmişdir. Apellyasiya baxışı zamanı işin obyektiv həllinə nail olmaq üçün iş materiallarında olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində, kassa məxaric orderində (i.v 7- 10,12), 13.12.2016-cı il tarixli təhlil blankı, eyni tarixli ərizə və əlavələrdə (i.v 212-227) Cavabdeh adından icra edilmiş imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması, qeyd olunan sənədlərdəki imzalar Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İş materiallarında olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqaviləsində, kassa məxaric orderində (i.v 7-10,12), 13.12.2016-cı il tarixli təhlil blankı, eyni tarixli ərizə və əlavələrdə (i.v 212-227) Cavabdeh adından icra edilmiş imzalar eyni şəxs tərəfindən icra olunmuşdurmu?
2. Qeyd olunan sənədlərdəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdurmu?. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2021-ci il tarixli, 4/381 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 7-10-cu vərəqlərində "xxxx" ASC ilə Kələntərov Samir Kamil oğlunun adlarından olan 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilənin hər vərəqinin aşağı sağ tərəfində “Borcalan” qrafasındakı imzalar, 12-ci vərəqində olan 13.12.2016-cı il tarixli kassa məxaric orderində “Vəsaiti aldım/Amount received” qrafası qarşısındakı “Səksən min manatı” yazıları və “Müştərinin imzası” qrafasındakı imza, 221-ci vərəqində olan təhlil blankında “Tanış oldum:” qrafasındakı imza, 222-ci vərəqində olan 13.12.2016-cı il tarixli ərizədə "Cavabdeh (imzası)” qrafasındakı imza, 223-cü vərəqində olan 13.12.2016-cı il tarixli 3 nömrəli Əlavədə “İmza nümunələri” qrafasındakı imza, 224-cü vərəqində olan 13.12.2016-cı il tarixli 4 nömrəli Əlavədə “Fiziki şəxs: Cavabdeh” qrafasındakı imza, 225-ci vərəqində olan 13.12.2016-cı il tarixli 5 nömrəli Əlavənin “Fiziki şəxs:” hissəsində “İmza” qrafasındakı imza, 226-227-ci vərəqlərində olan 13.12.2016-cı il tarixli 2 saylı Əlavənin 2-ci vərəqində “Müştərinin S.A.A. / Client name:” qrafasındakı “Cavabdeh” yazıları və “İmza/Signature” qrafasındakı imza – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilədə imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasına münasibətdə təqdim edilmiş 11.02.2016-cı il tarixli ipoteka müqaviləsindəki imza ilə 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilədəki imzanın fərqli olmasına istinad etsə də, apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlər də əlavə edilməklə təyin edilmiş ekspertizanın nəticələri ilə 13.12.2016-cı il tarixli, 2172 nömrəli müqavilədə, kassa məxaric orderindəki imzaların Cavabdeh tərəfindən icra edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qeyd edilən ekspert rəyini şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən eləcə də ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi kredit müqaviləsindəki, eləcə də kassa məxaric orderdinkə imzalar Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan və təqdim edilmiş rəyi şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2021-ci il tarixli, 4/381 nömrəli ekspert rəyi iş üzrə sübut kimi nəzərə alınmalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət vermədiyindən qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası tutulmalı olan kredit borcunun məbləği hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit məbləği 24 ay müddətinə illik 20 faiz ödəməsi şərti ilə razılaşdırılmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertiza rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 13.12.2016-ci il tarixli 2172 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 13.12.2018-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 112.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 80000 manat, faiz borcu üzrə 32000 manat. Göründüyü kimi kredit müqaviləsinin bitmə tarixinə Cavabdeh iddiaçıya olan əssas kredit borcu 80000 manat, faiz borcu isə 32000 manat təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən tutulmalı olan əsas borcun məbləği 80000 manat, faiz borcu 32000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Göründüyü kimi iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla pulun tutulması hissəsində də əsaslı olmuşdur və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8610,25 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı 80000 manat əsas borca münasibətdə 11066,67 manat cərimə borcu hesablamışdır. Məhkəmə kollegiyası cərimənin məbləği 5000 manat müəyyən edilməsi işin halları baxımından əsas borca mütənasib olmaqla ağlabatan və ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və bununla da iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 80000 manat əsas kredit borcu, 32000 manat faiz borcu, 5000 manat cərimə borcu, 8610,25 manat kredit müqaviləsi bitəndən sonra illik 5 faizlə hesablanmış faiz borcu olmaqla cəmi 125610,25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, Məhkəməyə ərizə verərkən iddiaçının ödədiyi dövlət rüsumu eləcə də iddiaçının apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu iddiaçıya aid edilməli eləcə də ekpertiza tədqiqatlarının dəyəri olan 330 manat (birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olan (104+100=204) 204 manat, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olan 126 manat, cəmi 330 manat) tərəflərdən bərabər hissədə, yəni 165 manat hissəsi iddiaçıdan, 165 manat hissəsi isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ƏT E TD İ :
İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2082/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. 13.12.2016-cı il tarixli, 2172 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 80000 (səksən min) manat əsas kredit borcu, 32000 (otuz iki min) manat faiz borcu, 5000 (beş min) manat cərimə borcu, 8610,25 (səkkiz min altı yüz on manat, iyirmi beş qəpik) manat kredit müqaviləsi bitəndən sonra illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 125610,25 (bir yüz iyirmi beş min altı yüz on manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəməyə ərizə verərkən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun ödədiyi dövlət rüsumu eləcə də iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekpertiza tədqiqatlarının dəyəri olan 330 (üç yüz otuz) manat (birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olan (104+100=204) 204 manat, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olan 126 manat, cəmi 330 manat) tərəflərdən bərabər hissədə, yəni 165 (bir yüz altımış beş) manat hissəsi İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan, 165 (bir yüz altımış beş) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; MüxbirhesabAz41NABZ013601**********03944 S.F.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov