Məhkəmə qərarları › İş №2(103)-12156/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12156/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12156/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4420/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(010)- 4420/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 26.000 (iyirmi altı min) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4420/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4420/2021 saylı, 13.09.2021-ci il tarixli qətnaməsinin surətini 11.10.2021-ci il tarixdə məhkəmədən rəsmi olaraq almış, qanunla nəzərdə tutulmuş qaydada 1 (bir) ay müddətində, yəni 11.11.2021-ci il tarixdə, apellyasiya şikayəti vermə müddətini ötürmədən, həm Azərpoçt vasitəsilə, həm də Suraxanı Rayon Məhkəməsinin dəftərxanası vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim etmişdir. Eyni zamanda, Vəkillər Kollegiyası tərəfindən verilmiş fıləşkart vasitəsilə, vəkil M.Q.Əliyevin asan imzası ilə "Zamin çap mərkəsindən" elektron variantla Suraxanı Rayon Məhkəməsinə Elektron Məhkəmə Sisteminə göndərmişdir. Cavabdeh "asan imzası" ilə İMEL vasitəsilə Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Həmin vaxta kimi apellyasiya şikayətlərinin məhkəməyə elektron variantla göndərilməsi barədə məlumatı olmamışdır. 10-11 noyabr tarixlərində digər rayon məhkəmələri köhnə versiya ilə apellyasiya şikayətlərini Azərpoçt vasitəsilə və birbaşa dəftərxanaları vasitəsilə qəbul etmişlər. Hesab edir ki, tərəfindən verilmiş apellyasiya şikayəti də geri qaytarılmadan, məhkəmənin icraatına qəbul olunması və mahiyyəti büzrə baxılması mümkün hesab edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4420/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılması düzgün olmuşdur. İkincisi, cavabdehin apellyasiya şikayətlərinin məhkəməyə elektron variantla göndərilməsi barədə məlumatının olmaması şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, şikayətin bu qaydada verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Hansısa məhkəmənin 10-11 noyabr tarixlərində köhnə versiya ilə apellyasiya şikayətlərini Azərpoçt vasitəsilə və birbaşa dəftərxanaları vasitəsilə qəbul etməsi onların qanunvericiliyin tələblərinə uyğun verilmədiyi üçün geri qaytarıldığını istisna etmir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4420/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar