Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12188/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(011)-7583/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh yazılı vəsatət təqdim edərək, iddiaçının Masallı rayonunda qeydiyyatda olduğu və yaşadığı üçün mülki işin aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(011)-7583/2021 saylı qərardadı ilə vəsatət təmin olunmamışdır. Həmin qərardadla razılaşmayan cavabdeh şikayət vermiş və qərardadın ləğv edilməsini və mülki işin aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(011)-7583/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarında iddiaçının Bakı şəhəri Xətai rayonunda yaşamasına dair sübutlar mövcuddur. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində 109 saylı MTK tərəfindən iddiaçıya verilmiş 10.06.2021-ci il tarixli 337 saylı arayışdan müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Habelə, ünvan 2n 08.06.2021-ci il tarixdə verilmiş 226 və 227 saylı arayışlara əsasən tərəflərin yetkinlik yaşına çatmayan övladları X1 həmin məktəbin 3-cü, X2 isə 5-ci sinfində təhsil alır. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar üzrə iddianın iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilməsində qanunvericinin məqsədi alimentə ehtiyacı olan və maddi vəziyyətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkə bilən iddiaçının məhkəməyə əlçatanlığının təmin edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(011)-7583/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(011)- 7583/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12188/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12188/2021
21.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver