Məhkəmə qərarları › İş №2(103)-1220/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1220/2023

17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1220/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçıanın və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev № 184-da yerləşən 18 №-li mənzilə Cavabdeh1 aid olan, həmin evdəki 22 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 3.000 manat Cavabdeh1 tutularaq iddiaçıya verilsin. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasında Cavabdeh2 (yuxarı mərtəbədəki digər mənzilin mülkiyyətçisi) əlavə cavabdeh kimi işə cəlb edilmişdir (iş v. 61, iclas protokolu). Qətnamə ilə qət olunub ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 2.029 manat, habelə dövlət rüsumunun əvəzi kimi 15 manat, cəmi 2.044 manat Cavabdeh1 tutularaq iddiaçıya verilsin. İddia Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam olaraq rədd olunsun. Ekspertiza xərci olan 200 manatın 98 manatı iddiaçıdan, 102 manatı Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş yenidən baxılması üşün birinci instansiya məhkəməsinə göndərilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçıa isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4113 №-li ekspert rəyinə görə, iddiaçıya aid olan 18 №-li mənzilin binanın 2-ci mərtəbəsində, Cavabdeh1 aid 22 №-li mənzilin isə 18 №-li mənzilin üstündə 3-cü mərtəbədə yerləşdiyini, 18 №-li mənzilin mətbəx tikilisinə və mətbəxə bitişik sahədə qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatlar nəzərə alınaraq 18 №-li mənzilin həmin mənzilin üst mərtəbəsində yerləşən 22 №-li mənzildən su axıdıldığı və nəticədə 18 №-li mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydə daha sonra qeyd olunub ki, 18 №-li mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2.029 manat müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3549 №-li əlavə ekspert rəyində əvvəlki ekspert rəyindəki nəticə təkrar olunmuş, habelə qeyd olunmudur ki, 22 №-li mənzilə baxış keçirilən zaman həmin mənzilin su-kanalizasiya xətlərinin təmir olunduğundan, üzərində hər hansı qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 18 №-li mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amillər nəzərə alınaraq, 18 №-li mənzilə su sızması 22 №-li mənzilin su-kanalizasiya boru xətlərində qəza yaranması və ya 22 №-li mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, ona görə də mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın rədd edilən hissəsində qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar