Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1221/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 270000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlər onlara inamından və etibarından istifadə edərək aldatma yolu ilə ona mənzilini də satdıraraq öz bizneslərinə qoymaqla varlanmış və nəticədə razılaşdıqları kimi 160000 ABŞ dollarını ona qaytarmadıqlarından 2 dəfə infakt keçirmiş və bir neçə dəfə xəstəxanada yatmışdır. Həmin xəstəlik vərəqələrini ərizəyə əlavə edir. Bu əsasa görə də cavabdehlərdən mənəvi zərər olaraq 160000 ABŞ dolları məbləğində pul tələb edir. Qeyd olunanlara əsasən cavabdehlərdən əli ilə verdiyi 160000 ABŞ dolları pulun və mənəvi zərər kimi əlavə 160000 ABŞ dolları olmaqla, cəmi 320000 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 50000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla alınaraq iddiaçıya verilməsi, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 143,5 manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı işə mülki məhkəmədə baxılmalı olduğunu qeyd etdi. Kollegiyanın iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili isə hazırki işə Kommersiya Məhkəməsinə baxılmalı olduğunu bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli VÖEN-i olmuş, fəaliyyətini müvəqqəti dayandırmışdır, həmçinin Cavabdeh2 da xx.xx.2011-ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli VÖEN-i olmuş, fəaliyyətini müvəqqəti dayandırmışdır. Digər Cavabdeh1 isə xx.xx.2008-ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN-i var. Göründüyü kimi, tərəflər fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olmaqla, aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt (2011-ci ilin dekabr ayı) artıq hər üçü də fərdi sahibkar olmuşlar və hazırki mübahisə də onların sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisədir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə görə işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1221/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1221/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver