Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1222/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5773/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 6984/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 6984/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-6984/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 5773/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 19706 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 2542/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 5773/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6869/2019 saylı qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2542/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçıya 2850 ABŞ dolları borcludur, onu da 2014-cü ilin əvvəlində qaytarmışdır. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, o, cavabdehə şifahi razılıq əsasında 20.000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini tezliklə ona qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin borcdan cəmi 500 manat ödəniş etmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, o, iddiaçı ilə 10 ildən artıqdır ki, tanışdırlar. İddiaçı evlərin alqı- satqı və kirayəsi ilə məşğul olmuşdur. İddiaçı Cavabdeh 20.000 ABŞ dolları məbləğində pulu borc verərkən o və Zaur adlı şəxs onların yanında olmuşlar. Bu yaxınlarda Arzu Yusifin götürdüyü borcu hələ də qaytarmadığını bildirdi. Bu zaman o, Arzuya məhkəməyə müraciət etməyi məsləhət etdi. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, taksi sürücüsüdür. Arzu xanım onun daimi müştərisidir, 2008-ci ilin payız aylarında o Arzu xanımı aerokassanın yanında yerləşən evə aparmış və orada onu gözləmişdir. Bir qədər sonra o Yusif adlı bir şəxslə birlikdə bayıra çıxaraq, Yusif müəllimin üzərində 20.000 ABŞ dolları pulun olmasını, buna görə də onun 23 nömrəli məktəbin yaxınlığına aparmasını ona tapşırmışdır. Həmin hadisədən 3 il sonra o, yenə Arzu xanımı 23 nömrəli məktəbin yanına aparmışdır. Bu zaman Yusif Arzu xanıma borc puldan cəmi 300 manat pul qaytarmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iş üzrə Cavabdeh məktəbdə onun müəllimi olmuşdur, 2014-cü ildə Cavabdeh xahişi ilə ona 1000 ABŞ dolları borc pul vermişdir. Belə ki, Yusif müəllim həmin pulu alarkən pulun bir xanıma verəcəyini bildirmişdir. Həmin xanımın kim oİduğunu bilmir. Onu heç vaxt görməmişdir. Yusif müəllim pulu həmin xanıma verərkən orada olmamışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, 2014-cü ildə iş üzrə Cavabdeh ondan 850 ABŞ dolları borc pul almış, cavabdeh borcu alarkən həmin pulu borclu olduğu bir xanıma verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən borcun nə vaxt alındığını xatırlamır. Həmçinin iddiaçı olan xanımı tanımır. Yusif müəllim pulu həmin xanıma verərkən orada olmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-2542/2019 nömrəli qətnaməsini ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6869/2019 saylı qərarında bildirmişdir ki, tərəflər arasında borc müqaviləsi münasibətlərinin yaranması şahid ifadələrindən başqa hər hansı sübutla təsdiqini tapmır. Belə olan halda işə mahiyyəti üzrə baxmış məhkəmələr mülki prosessual qanunvericiliyin tələblərindən çıxış etməklə şahid ifadələrinə əsaslanaraq qənaətlərini əsaslandırmışlar. Lakin hər iki instansiya məhkəməsində məhkəməyə dindirilməsi üçün tərəflər tərəfindən dəvət edilmiş şahidlərin ifadələri arasında ziddiyyət olması, həmçinin iddiaçı cavabdehdən 20000 ABŞ dollarının tutulmasını tələb etsə də, cavabdehin borc məbləğini 2850 manat civarında qəbul etməsi araşdırılmamış, iş üzrə obyektiv nəticəyə gəlinə bilinməsi üçün məhkəmə araşdırmasını tam aparmamış, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. İddiaçı borcun verilməsi ilə bağlı sübut kimi şahid ifadəsi təqdim edir, cavabdeh də iddia tələbini qismən, 2850 dollar hissədə qəbul edir, həmin pulu da qaytardığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında 20000 ABŞ dolları borc öhdəliyinin olması və onun icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında cavbadeh iddia tələbinin 2850 ABŞ dolları həcmində etiraf etmiş, həmin pulu da 2014-cü ildə qaytardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh belə bir sənəd, eləcə də MM-in 529.5-ci maddəsində nəzərdə tutulmuşsonuncu hissənin ödənilməsinə dair sənəd də təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabadeh tərəfindən borcdan yalnız 500 manat qaytarıldığını bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi cavabadehin etiraf etdiyi hissədə, 2850 ABŞ dollarına münasibətdə əsaslıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin borcdan 500 manat qaytardığını etiraf etdiyindən 2850 ABŞ dollarından 500 (500/1,7=294) manat, yəni 294 ABŞ dolları çıxılmaqla, (2850-294=2556) 2556 ABŞ dolları hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2556 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabadehdən 2556 ABŞ dolları alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5773/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2556 (iki min beş yüz əlli altı) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumu 30 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1222/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1222/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver