Məhkəmə qərarları › İş №2(103)-12235/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12235/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12235/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1243/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 127500 manat (75000 ABŞ dolları ekvivalentində) pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 127500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-Vəkil3 tərəfindən Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən elektron qaydada verilən apellyasiya şikayəti 17.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadına əsasən Məhkəmənin 08.04.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkil şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda mübahisələndirilən qətnamənin cavabdehin qeydiyyatı ünvanı Masallı rayonu, Bədəlan kəndində olan ünvanına göndərildiyi və cavabdehin qətnaməni alması qeyd edilsə də, cavabdeh uzun müddətdir ki, həmin ünvanda yaşamır, Bakı şəhərində yaşayır. Məhkəmənin qətnaməsi onun tərəfindən təhvil alınmamışdır. Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi tərəflərin məhkəməyə bildirdikləri ünvanlar üzrə göndərilmiş, qətnamə şəxsən cavabdeh tərəfindən poçt xəbərnaməsini 02.06.2021-ci il tarixdə imza edilməklə qəbul edilmiş, qətnamə qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş, cavabdehin vəkili isə 6 aydan sonra həmin qətnamədən verdiyi apellyasiya şikayətini məhkəməyə təqdim etməklə müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin cavabdehin məhkəmə icraatından əvvəl, məhkəmə icraatı vaxtı və ondan sonra da Bakı şəhərində yaşadığına dair dəlilləri əsassız hesab edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində cavabdeh 22.02.2021-ci il tarixdə və 09.03.2021-ci il tarixdə 2 dəfə məhkəmə iclasının təxirə salınması barədə müraciət etməsinə baxmayaraq, faktiki yaşadığı ünvan və ya məhkəmə sənədlərinin rəsmi qaydada təqdim edilməsini mümkün edən digər vasitə barədə hər hansı qeyd göstərməmişdir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1243/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar