Məhkəmə qərarları › İş №2(103)-12236/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12236/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12236/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4664/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 33.400 manat maddi zərərin, 190 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4664/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Cavabdeh hal-hazırda Xəzər Rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkir. Belə olduğu halda cavabdehin olduğu yer Xəzər rayonunun ərazisi hesab olunmalıdır. Məhkəmələrdə işlərə ərazi aidiyyəti ilə baxılmasında əsas məqsəd tərəflərin işlərə çatımlılığının təmin edilməsidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzr 2008-ci il 13 iyun tarixli; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli; "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəz müddəalarının şərh olunmasına dair" 2014-cü il 28 yanvar tarixli qərarları). Qeyd etmək istədik ki, 03 aprel 2019-cu il tarixli, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqındc Azərbaycan Respublikası Prezidentinin Fərmanında vahid məhkəmə təcrübəsi formalaşdırması ilə bağlı məhkəmələrin üzrərinə öhdəlik qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1778/2019 saylı iş üzrə 07 oktyabr 2019-cu il tarix qətnaməsi ilə məhkəmə şəxsin cəza çəkdiyi yer üzrə iddia qaldırılılmasını mümkün hesab etmiş və Ali Məhkəməyə qədər bu mövqe dəyişməmişdir. Bu isə haqlı olaraq hazırkı iddia ilə Xəzər rayon Məhkəməsinə müraciət etməyin mümkünlüyü ilə bağlı fikir formalaşdırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4664/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna (maddə 9) əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, hətta şəxs ömürlük azadlıqdan məhrum edildikdə belə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imperativ deyil, dispozitiv olaraq nəzərdə tutulmuşdur. Yəni, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə və ona qarşı verilən iddiaların məhz cəzaçəkmə müəssisəsinin yeri üzrə baxılması üçün əsas ola bilməz. Prosessual qanunvericilik bir qayda olaraq iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 35.1, 40.1, 152.1.3, 151.1, 152.4-cü maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını qərara almışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarından görünür ki, cavabdeh Məmmədov X3 Muxtar Respublikası, Naxçıvan şəhəri, Babək rayonu, Vahab kəndində rəsmi qeydə alınmışdır. Lakin hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı da bu hala istinad edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ona qarşı verilən iddiaların məhz cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə baxılması üçün əsas ola bilməz. Əvvəla, cavabdehin hansı vaxtdan, hansı müddətədək cəza çəkdiyi yaxud çəkməli olduğu işdən aydın olmur. Bunun aydınlaşdırılması zəruridir. Çünki, ola bilər ki, cavabdeh cəza müddətinin bitməsi yaxud cəzadan vaxtından əvvəl azad edilməsi ilə əlaqədar müəssisədən buraxılımış olsun, eləcə də cəzaçəkmə müəssisəsi dəyişdirilmiş olsun. Bu halların mövcudluğu da iddianın Xəzər Rayon Məhkəməsinə verilməsini istisna edən hallardandır. İkincisi, cəzaçəkmə müəssələrində müəyyən müddətə cəza çəkən şəxslərə qarşı iddiaların müəssisənin olduğu yer üzrə verilməsini qanunverici MPM-in 35 yaxud 36-cı maddələrində müəyyən edə bilərdi, ancaq etməmişdir. Demək, bu əsasa görə aidiyyət qaydalarının fərqli olması nəzərdə tutulmadığından şikayət də əsaslı ola bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4664/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4664/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar