Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1224/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Elvin İsmayılovun iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair 2(001)-4903/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 205.92 manat əsas, 0 (sıfır) manat faiz borcu, 160.37 manat cərimə borcu, 31.62 manat gecikmiş vaxt üçün hesablanmış illik fazi dərəcəsi olmaqla, cəmi 397.91 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (ləğv prosesindədir) ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 28 % olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 205.92 manat (iki yüz beş manat doxsan iki qəpik) əsas borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə, “müqavilə bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc və cərimə borcu tələbinin” rədd edilməsi hissəsində kifayət qədər əsaslandırılmayıb. Bankın qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması özözlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmamasına dair hissəninin qanuniliyi və əsaslılığı apelyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bank ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 73 nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 28% olmaqla, 3000 manat kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borcalanın xx.xx.2019-cu il tarixə Banka 205.92 manat əsas, 0 (sıfır) manat faiz borcu, 160.37 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi üzrə 31.62 manat borc olmaqla, cəmi 397.91 manat borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq əsaslanaraq,borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıdığından əsas borcun tutulması hissəsində iddianı təmin etmiş; iddia tələbinin faiz, cərimə və digər xərclərə dair tələbi sübuta yetirilmədəyindən təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin olunmamış hissəsində ləğv edilməli və iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7). Kollegiya qeyd edir ki, işin tədqiq edilmiş halları əsasında öhdəlyinin vaxtında və lazımınca icra edilməməsi, nəticə etibarilə əsas borcun tutulmalı olması müəyyən edilmişdir. Belə olan halda, əsas tələbdən törəmə olan gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə hissəsində iddia təmin edilməlidir, çünki borclu pul məbləğinin ödənilməsini gecikdirməsi təsdiqlənmişdir. Bununla yanaşı, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi üçün Bank borcalandan dəbbə pulunu tələb etməkdə haqlıdır. kreditora ödəməli olduğu pul məbləğidir. Habelə, Kollegiya hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun tutulan hissəsi azaldılmalıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4903/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə 31 (otuz bir) manat 62 (altmış iki) qəpik faiz borcu və 20 (iyirmi) manat cərimə borcu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1224/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1224/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver